Dünən Bakının Novxanı çimərliyində, “Aquapark” istirahət mərkəzinin yaxınlığında bir qrup avtomobil və motoksiklet həvəskarı şou xarakterli hərəkətlər göstərib. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, təhlükəli manevrlərin çimərliyin sahil hissəsində, heç bir təhlükəsizlik qaydalarına əməl edilmədən həyata keçiriməsi ərazidə dincələn vətəndaşların narazılığına səbəb olub. Bu cür avtoşoular üçün dəniz kənarının çimərlik ərazisinin uyğun yer olmadığını bildirən vətəndaşlar hesab edir ki, baş verənlər insanların istirahətinə mane olmaqla yanaşı, onların həyatı baxımından da ciddi təhlükə yaradır. Ümumiyyətlə, vətəndaşlar hesab edir ki, çimərlik mövsümünün başlaması ilə əlaqədar olaraq sahil zonasında avtomobillərin təhlükəsizlik qaydalarına riayət erməklə hərəkət etməsinə nəzarət gücləndirilməli, əlaqədar qurumlar insanların təhlükəsizliyini təhdid edən bu cür şouların keçirilməsinə imkan verməməlidir.
Məlumat üçün qeyd edək ki, dünənki şoularda qadın sürücülərin də iştirak etdiyi vurğulanır.