Bu gün qələbə günüdür. 1941-45-ci illərdə ikinci dünya müharibəsində faşist almanları üzərində qələbə çaldığımız gün. Amma nədənsə, bu gün bizimkilər üçün qələbədən də əziz gül bayramıdır. Gül-çiçək yaxşıdır, amma qələbə qədər olmamalı məncə. 20 % torpağı düşmən tapdağı altında olan bizlər, qələbə gününü qeyd etməliyik ki, övladlarımız qələbənin gözəlliyini, qürurunu, onun fəxarət hissini duysun, dərk etsin. Amma yox, biz güllə-çişəklə tərbiyə etməyə üstünlük veririk. Yaxşı, olsun gül-çiçək. Əgər sən gül bayramında “Xarı Bülbül”lə paytaxtını bəzəyə bilmirsənsə, Hollandiyadan tonla gətirdiyin güllə keçidiyin bayram gül bayramıdırmı? Bizim dillərə dastan olan Xarı Bülbülümüzlə erməni öz ölkəsini bəzədiyi zaman, biz holland gülü iləmi güllü oluruq? Belə gül bayramını istəmədim. Mən gül bayramını “Xarı Bülbülsüz” istəmirəm. “Xarı Bülbülü” erməni iyləyən zaman mən burda gül bayramını axı necə qeyd edim?
Biz edirik. Hələ gül bayramını bir-iki gün əvvəldən rayon-rayon 3 gün, 3 gecə bayram şənlikləri ilə qeyd edirik. Nə Şuşamızın işğal gününü xatırlayırıq, nə də dünən dostuq müqaviləsi bağladığımız Gürcüstanın üzümüzü bəri çevirən kimi erməniyə dayı deməsini. Sən demə erməni icması Gürcüstanda “Şuşanın azad edilməsi”nə həsr edilmiş təntənəli tədbir təşkil edirmiş. Görəsən nə üçün bundan nə Azərbaycanın Gürcüstandakı səfirliyinin, nə konsulluğunun, nə oradakı azərbaycanlı deputatlarının, nə elə bizim parlamentdə Qarabağdan seçilən millət vəkillərimizin xəbəri yoxdur? Axı öz millətini təmsil edən insanların başı holland güllərinə necə qarışa bilər? Mən Gürcüstanın bu hərəkətindən dəhşətə gəldim. İlk öncə Gürcü politoloqlarının birindən bunu açıqlamasını istədim. Gürcü politoloqu görün mənə nə cavab verdi: “Ermənilər yalnız Gürcüstanda deyil, bütün dünyada bu cür tədbirlər keçirirlər”. Bu da iki gün öncə qəzet-qəzet gürcü dostluğundan dən vurduğumuz Gürcüstan. Əslində Gürcüstanda bir təqsir yoxdur. Təqsir elə bizim özümüzdədir. Əgər biz bu gün, “Xarı Bülbülümüz”ü erməniyə verib, holland gülləri ilə gül bayramı keçiririksə, o zaman nənəm demişkən, bərəkallah bizə!