Çıxart qulağındakı o pambığı, Türkiyəm!
Dinlə mənim sözümü.
Dinlə ki, yalnız sənə mən dikmişəm gözümü.
Çünkü dili, dini bir,
Qanı bir qardaşımsan.
Ət dırnaqdan ayrılmaz-
Canı bir qardaşımsan.
İllərlə əsarətdə
Türklük qürurum oldun,
Mənim düşünən beynim,
Milli şüurum oldu.
Bəs, indi nə dəyişdi?
Kimlər girdi araya?
Kim səni uzaq saldı
doğma qohum qaraya?
Haradan qaynaqlanır
Qardaşa yad baxışın?
Sən axı, səndən axan
Araz kimi, Kür kimi
Su daşıyan çay idin
Türklüyün Xəzərinə.
Nə oldu ki, dəyişdi
ənənəvi axışın?
Bizə bəxş elədiyin
Güvəncin üzərinə
Çoxdandır, qar ələnib.
Bir heyrət içindəyəm,
Yayın cırhacırında
Nə tez sənə qış gəlib?
Dost ağır söyləsə də
Bağırmaq istəyirəm
Sənə ürək sözünü!
Ərəbin nefti tutmuş
Bəlkə görən gözünü?
O üzdən mi görmürsən,
Çindən Təbrizə qədər
Yurdum qana bələnib?
Çiyində baş qalmayıb,
Yığılıb leş leş üstə,
Cəsədlər təpələnib.
Sən isə səhralarda
Ədalət axtarırsan.
Səni sən edən türklük
Qıyma ”“qıyma doğranır,
Tikə-tikə kəsilir
Bəs, sən hara baxırsan?
Unutma, geçmişini.
Yada açdığın qucaq,
Ya da qaçdığın qucaq
Bir gün yenə bəlalar
gətirəcək başına.
Kömək üçün baxanda
Öz doğma qardaşına,
Görəcəksən, keçdiyin
Körpülər külə dönüb.
Turküstan xarabaya,
Elin yad elə dönüb.
Olmayacaq o zaman
Sığınmağa yerin də.
Tülkülər oturacaq
Bozqurdların yerində.
Sanma, məni dindirən
Sinəmdəki ağrıdır,
Qəlbimdəki yükdür.
Mənim dərdim nədir ki?
Sənin dərdin böyükdür.
Mən zillətdə olsam da,
Sən qəflət içindəsən.
Əsarətə can atan
Cəhalət içindəsən.
Unutma, qardaş, bunu!
Belə yazmış Yaradan
Həyat adlı Qanunu.
Hər şey qəflətlə başlar.
Qəflət zaman içində
Ağır zillətə dönər.
Zillətdə olduğunu
anlayan toplum ancaq
Bir gün millətə dönər.
Mən fərqində zillətin,
Sənsə bundan xəbərsiz
Yürüyürük bu yolu.
Nə qədər çətin olsa da
Fərqindəlik qəflətdən,
Qardaş, qat-qat zərərsiz.
Heç öz sinənə döymə,
Özün özünü öymə.
Böyük millət olmanın
Məşəqqətli yolunda
Sən bir addım daldasan.
Sənə ürəyim yanır,
Nə gündə, nə haldasan?
Amma darıxma, qardaş,
Qolumdakı zənciri
Dişimlə gəmirərək
Qurtulacam zillətdən
Səni də qurtaracam
Getdikcə süründüyün
Amansız əsarətdən.