Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin və onunla birgə saxlanılan Təvəkkül Qurbanovun məhkəmə prosesi keçirilib.
Azadxeber.net-in müxbirinin verdiyi məlumata görə prosesdə Pərviz Həşimlinin özü və vəkillərindən isə Bəhruz Bayramov, eləcə də media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məhkəmə müdafiə tərəfin vəsatəti ilə davam edib. Bekə ki, Həşimlinin vəkili Bəhruz Bayramov jurnalistin evində təhlükəsizlik və müşahidə kamerasının olduğunu, lakin onun yaddaş kartının hələ də qaytarılmadığını məhkəmənin diqqətinə çatdırıb. Vəkil vəsatət verərək, kameranın yaddaş kartının qaytarılmasını istədi. Hakim Novruz Kərimov bildirdi ki, sənədlər elan olunandan sonra bu məsələyə baxılacaq.
Daha sonra Pərviz Həşimli ifadə verdi. O, özünü təqsirli bilmədiyini deyib:
“Təvəkkül Qurbanova silah gətirməsi üçün 15 min dollar pul və sifariş vermişdimsə, ən azı bir dəfə zəng vurub maraqlanardım. Bütün zənglər Təvəkkül Qurbanovdan gəlib. Burda da silah söhbəti olmayıb. Təvəkkül Qurbanov mənə zəng vurub oğlunun oxuduğu universitetdə kəsir problemindən, ondan rüşvət istənməsi barədə danışıb, şikayət yazmaq üçün kömək istəyib”.
Pərviz Həşimli ilə birlikdə həbs edilən Təvəkkül Qurbanovun ifadəsi yarımçıq qalıb və ifadənin 13 mart saat 10:30-da davam edəcəyi elan edilib.
Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. “Amnesty İnternational” təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.
Azadxeber.net
)