Müstəqil Azərbaycanın siyasi həyatı mühüm və əlamətdar hadisələrlə zəngindir. Bunlardan biri də beş il əvvəl – 21 fevral 2017-ci il tarixində Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında respublikamızın Birinci vitse-prezidenti təyin olunmasıdır.
Mehriban xanım Əliyeva ölkə başçısının inam və etimadını layiqincə doğruldaraq Birinci vitse-prezident kimi öz üzərinə düşən vəzifələri şərəflə, ləyaqətlə yerinə yetirir. Onun rəhbərliyi ilə görülən işlər – həyata keçirilən layihələr Azərbaycanın inkişafı, xalqımızın rifahının artması, milli həmrəyliyin güclənməsi, dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu və genişmiqyaslı fəaliyyəti, həmçinin idarəetmədə çevikliyin və funksionallığın artırılması baxımından böyük önəm daşıyır.
Əlbəttə, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi təsadüfi deyil, sözün əsl mənasında, ictimai sifarişə əsaslanıb. Çünki o, həmin vaxta qədər müxtəlif vəzifələrdə uğurla fəaliyyət göstərərək xalqın - milyonların sevgisini, rəğbətini qazanmışdı, Azərbaycanın inkişafına mühüm töhfələr vermişdi.
Mehriban xanım Əliyeva millət vəkili kimi fəaliyyət göstərərkən xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub, mühüm təşəbbüslərlə çıxış edib, genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirib. Eyni zamanda, Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz layiqli töhfəsini verir. Digər tərəfdən, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə mötəbər tədbirlərin uğurla keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasına töhfələr verib. Paralel olaraq onun təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın mədəni irsinin, milli mədəniyyət nümunələrinin dünya miqyasında təbliği istiqamətində çox mühüm addımlar atılır.
Xüsusi qeyd etmək istəyirəm ki, artıq tarixdə qalmış Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliği, Xocalı soyqırımının dünyada tanıdılması ilə əlaqədar görülən işlər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini şərtləndirib və tarixi Qələbəmizi təmin edən çox mühüm amillərdən biri olub. Bu gün Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlər Vətən müharibəsində qazanılmış qələbənin möhkəmləndirilməsi və milli birliyin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, postmüharibə reallıqlarının beynəlxalq aləmə çatdırılması baxımından çox önəmlidir.
Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Azərbaycan naminə yorulmaz fəaliyyət göstərir, böyük işlərə və tarixi nailiyyətlərə imza atır. Bu isə daha güclü – daha qüdrətli Azərbaycan, rifah, firavanlıq, tərəqqi, gələcəyə nikbin baxış və parlaq perspektiv deməkdir.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri