Jurnalist Xədicə İsmayılın sosial şəbəkədə nümayiş etdirdiyi və MTN-ə aid olduğu ehtimal edilən sənədlə bağlı Baş Prokurorluq hərəkətə keçib. Artıq baş verənlərlə bağlı X.İsmayıla qarşı dövlət sirrini yayma maddəsi ilə cinayət işinin qaldırıldığı bildirilir. Bəzi ekspertlər isə hesab edir ki, əgər ictimaiyyiləşdirilən sənəd hətta həqiqətən də MTN-ə aiddirsə belə, o zaman X.İsmayıl deyil, bu məlumatın qorunmasına məsul olan şəxslər məsuliyyətə cəlb edilməlidir.
Baş verənlərlə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Namizəd Səfərov X.İsmayıla qarşı cinayət işinin açılması üçün əsas olmadığını qeyd edib:
“Həqiqət bundan ibarətdir ki, bu məsələdə hər kəs barəsində cinayət işi açıla bilər, bir tək Xədicə xanımdan başqa. X.İsmayıl qeyd edib ki, bu, ona verilən bir məlumatdır, hansı ki, onu bu vaxta qədər ictimaiyyiləşdirməyib. Son günlər baş verən hadisələr fonunda isə o, bu sənədi mətbuat vasitəsi ilə ictimaiyyiləşdirməyi lazım bilib. Hesab edirəm ki, bu sənədlə öz xalqına qarşı mübarizə aparan şəxslərin cinayətlərinin üstü açılıb. Buna görə də X.İsmayıla hər birimiz öz minnətdarlığımızı bildirməliyik. Məhz o, belə bir faktı aşkara çıxardıb. Əgər bu sənəddə həqiqətən də dövlət sirri kəsb edən məlumat varsa, o zaman bu sənədin niyə və necə kənara çıxdığı araşdırılmalıdır. Zənnimcə, bu, dövlət sirri təşkil edən sənəd deyil. Dövlətin bel sütununu qırmağa, onun konstitusyon əsaslarını sarsıtmağa yönəlik bir sənəddir. Bu sənədin ortalığa çıxması X.İsmayılın xidməti kimi dəyərləndirilməlidir. Ona qarşı cinayət işinin qaldırılmasını isə əsassız hesab edirəm”.
Seymur Əliyev