Bütün dünyanın diqqəti Ukraynaya və onun sərhədindəki Rusiya qruplaşmasına yönəldiyi bir vaxtda, Vladimir Putin hücum etmək əvəzinə Belarusa daimi hərbi kontingent göndərmək və iki dövlətin inteqrasiyası üçün tədbirlər görmək qərarına gələ bilər.
Moderator.az bildirir ki, bu barədə “Daily Express” nəşri yazır. Müdafiə üzrə ekspert Şaşank Coşinin fikrincə, belə bir hadisənin baş vermə şansı çox yüksək olmasa da, xüsusilə belə bir addımın Polşa və Baltikyanı ölkələr üçün real təhlükə yaradacağını nəzərə alsaq, bu ehtimaldan yan keçmək olmaz.
“Daily Express” nəşri yazır ki, bütün dünyanın diqqəti Rusiya prezidenti Vladimir Putinin sərhədində 100 minlik bir qruplaşma yerləşdirdiyi Ukraynaya yönəlib. Eyni zamanda, bir çox güclər Moskvanın Avropanın düz astanasında yerləşən bu dövlətə müdaxilə edə biləcəyindən ehtiyatlanır. Bununla yanaşı, Putin qoşunlarını çıxarmaqdan imtina edərək NATO-dan Ukraynanı alyansa qəbul etmək imkanından imtina etməyi tələb edir.
Bununla belə, müdafiə üzrə ekspert Şaşank Coşi hesab edir ki, Rusiya liderinin əslində çox fərqli planları var. O, xüsusilə “Belarusa axışan” rus qoşunlarını göstərib. Coşi Putinin Rusiya və Belarus silahlı qüvvələrinin “uzunmüddətli inteqrasiyaya” can atdığını da istisna etməyib. Onun sözlərinə görə, belə bir nəticə Polşa və Baltikyanı ölkələr üçün real təhlükə yaradacaq, eyni zamanda Putinin hakimiyyətini gücləndirəcək.
Belarusun onsuz da Rusiya ilə yaxın münasibətləri var və ölkə lideri Aleksandr Lukaşenko ötən həftə Moskvanı Qərbə qarşı müharibədə dəstəkləməyə söz verib. Lukaşenko həmçinin Qərbi “Rusiya-Ukrayna qardaşlığını qan içində boğmağa” can atmaqda ittiham edib. Putinə gəlincə, o, Qərb dövlətlərini Kiyev və onun siyasəti ilə bağlı Moskvanın narahatlığına məhəl qoymadan Rusiyanı müharibəyə sürükləməkdə ittiham edib.
Coşinin fikrincə, Belarus müəyyən məna daşıyır. “Rusiya qoşunları guya təlimlər keçmək üçün Belarusa göndərilir. Ancaq əslində bunlar təlimlər deyil, çünki planlaşdırılmamışdı. Ehtimal var ki, Belarusda Konstitusiya ilə bağlı bu aya planlaşdırılan referendumdan sonra Rusiya orada tam mövcudluğunu saxlayacaq”, - deyə o bildirib.
"İstəsəniz, bunu Belarusun ilhaqı adlandıra bilərsiniz, amma məncə, bu çox sərt ifadədir. Bəziləri Belarus və Rusiyanın “ittifaq birliyindən” danışır. Amma demək istəyirəm ki, Belarus və Rusiyanın hərbi potensialının uzunmüddətli inteqrasiyası Polşa və Baltikyanı ölkələr üçün real təhlükə yaradacaq və Putinin hakimiyyətini və onun irsini bir çox cəhətdən gücləndirəcək", - deyə ekspert əlavə edib.
“Mən buna tamamilə inanırammı? Xeyr. Ancaq mənə elə gəlir ki, burada nəzərə alınmalı olan bir məqam var... Çox güman ki, Putin deyəcək: “İstədiyimi almadım, amma Belarusda qalacağam. Bu, Avropa təhlükəsizliyinin gələcəyidir, indi bununla barışın”, - deyə Coşi fikrini yekunlaşdırıb.
Miraslan