Görəsən Milli Şuranı ölümlə üzləşən xəstə təcili tibbi yardıma möhtac olduğu kimi düşmüş olduğu böhrandan təxirəsalınmaz tədbirlərlə çıxarmaq olarmı? Görəsən gələn həftəyə planlaşdırılan sessiya dərdlərə əncam olacaqmı, nəhayət, sular durulacaqmı? Gedənlərin yerini necə və hansı yolla doldurmaq olar?
Moderator.az bütün bu suallarla Milli Şuranın
üzvü Vidadi Mirkamala müraciə edib. Onun fikirlərini təqdim edirik:
“Düşünürəm ki sessiya suların durulmasına xidmət
edən alət deyil. Əksinə, suları duruldub sessiyanı çagırmaq lazımdır. Ona qədər
isə təxirəsalınmadan MŞ-nın siyahısı təzələnməlidir. İdarəçilik orqanları təsis
edilməlidir. MŞ-nın məram və məqsədləri dəqiq müəyyən edilməlidir. Komissiyaların
yaradılması başa çatdırılmalıdır. Yalnız bunlardan sonra sessiya çagırılmalıdır
və sadaladığım məsələlər sessiyanın müzakirəsinə verilməlidir. Ziyalıların və gənclərin
MŞ sıralarına qatılmasına yaşıl işıq yandırılmalıdır. Qarşılıqlı ittihamlara və
dedi-qodulara birmənalı şəkildə son verilməlidir. İnsanlar artıq bu hallardan
yorulub və vəziyyətin belə davam etməsi bizlərə yaxşı heç nə vəd etmir. Hesab
edirəm ki, MŞ vaxt itirmədən aktiv fəaliyyətə başlamalıdır.”
“Ölkənin tanınmış və müxalifət liderlərindən
bu və ya digər səbəbdən incik düşmüş ziyalıları ilə görüşərək onları MŞ-ya cəlb
etmək missiyasını öz üzərinizə götürməyə hazırsınızımı” sualına cavabında
Vidadi bəy bildirdi ki, “bu görüşlərimiz qeyri rəsmi həmişə olur. Ziyalılarımızın
da müxalifət liderlərinə cavabı olmayan xeyli sualları var. Lakin bu sualları hər
müxalifət lideri öz prizmasından və partiya mövqeyindən cavablandırır və bu
cavablar da ziyalıları qane etmir. Bu vəziyyət də hələ ki, davam edir və
ziyalıları fəal mövqedən çəkindirir.”