Türkiyənin “Nurçu” camaatının lideri Fəthullah Gülən AKP hakimiyyətinə qarqış yağdırdı. Bir din liderinin bu hərəkəti nə qədər normaldır?
Moderator.az-ın suallarını cavablandıran Ədalət Partiyasının sədr müavini Heydər Oğuz bunu bir din liderinə yaraşdırmadığını bildirdi:
“Xüsusilə İslam dini günahkarların
islah olunmasını arzulayır. İslama görə, bütün səmavi dinlər cəmiyyəti islah
etmək üçün Allah tərəfindən Yer üzünə göndərilib. Məhz buna görə də peyğəmbərlər
hər zaman islah etməyə çalışdıqları cəmiyyətin sərt təpkiləriylə qarşılaşıblar.
Hətta onlar arasında çarmıxa çəkilənlər, daş-qalaq olunanlar, müxtəlif bu kimi
üsullarla öldürülənlər də olub. Amma heç
bir peyğəmbər əlini Allaha açıb qarqış etməyib, əksinə üzərilərinə kin-küdurət
püskürən cəmiyyətin hidayətə yetirilməsini arzulayıb. Fəthullah Gülən isə
qarqış edir. Onun bu hərəkəti ilk növbədə İslamın ruhuna ziddir”.
Ədalət yetkilisi Fəthullah Gülənin bu cür
reaksiyasını onun korrupsiyaya qarşı mövqeyindən qaynaqlandığına da inanmır:
“Adama deyərlər ki, sən dövlət malının talançılığına bu qədər həssaslıqla
yanaşırsansa, Orta Asiyada, Azərbaycanda və dünyanın digər ölkələrində niyə
korrupsionerlərin haram pulundan yararlanırsan? Heç uzağa getməyək, bu gün Azərbaycanda
nurçular bir neçə dövlətdəki fəaliyyətlərini maliyyələşdirəcək qədər ticari,
iqtisadi əlaqələrə mailkdirlər. Ölkənin bir neçə korrupsioner ailəsi tərəfindən
açıq-aşkar dəstəklənirlər. İqtisadi əlaqələrini iri məmurlara rüşvət verərək həyata
keçirirlər. Bir verib beş qazanırlar. Bütün bunların hamısı haram yolla qazanılan
kapitaldır. Haram kapital korrupsiyaya bulaşaraq kimlərinsə ciblərinə axır,
yüzminlərlə insanın haqqının mənimsənilməsi hesabına başa gəlir. Tam Gülən əfəndinin
dediyi kimi, neçə evə atəş düşür, ailələr dağılır, ölkə əhalisi bir tikə çörək
dalınca Rusiyanın, Türkiyənin çöllərinə tökülür. Bir çoxları məmləkətə tabutda
qayıdırlar. Bu qədər insanın haqqının mənimsənilməsinə zərrə qədər xidmət göstərmək
suça ortaq olmaq deməkdir. Gülən əfəndinin camaatı isə ölkəmizin və digər Orta
Asiya xalqlarının bu ağır vəziyyətindən yararlanır, açdıqları məktəblərdə yenə
o korrupsiya çirkabına batmış məmurların uşaqlarına xidmət göstərir, özlərinin
sabahkı müridlərinə çevirirlər. Beləcə hakimiyyəti ələ keçirməyə çalışırlar. Bu
ölkələrdən yığılan kapitallar isə guya dünyada İslamı yaymaq adına mənimsənilir.
Sanki həmin ölkələrin əhalisi yağ-bal içində yaşayıt. Gülən əfəndinin kitabında
bunun adı korrupsiyaya bulaşmaq deyilsə, bəs nədir?”
Heydər Oğuz həmçinin korrupsiyaya bulaşmış bir
zehniyyətlə cəmiyyətin islah oluna bilməyəcəyi görüşündədir. Onun fikrinə görə,
hər kəs qidalandığı orqanizmin parazitidir: “Həmin orqanizm ölərsə, özünün də
qidasız qalıb öləcəyini anladığından heç bir parazit bunu qətiyyən istəməz.
Onun zəifləsə belə yaşamasında maraqlı olar. Bu gün korrupsioner rejimlərin
himayəsi altında öz varlıqlarını qoruyan dini sektaların hamısı nə yazıq ki,
guya dəyişdirmək istədikləri cəmiyyətdən qidalanan parazitlərə bənzəyirlər. Məhz
bu səbəbdən də cəmiyyətdəki dindarlıq artıqca ölkələr daha artıq zəifləyirlər.
Çünki bu dindarlıqların özü saxtadır. Hansısa xarici qüvvənin maraqlarına xidmət
göstərir.”
Bunun ən bariz nümunəsinin Türkiyədə yaşanan son
hadisələr olduğunu deyən ədalətçi şair-publisist nurçularla Ərdoğan hakimiyyəti
arasında ziddiyyətlərin əsl səbəbinin elə onların öz diliylə etiraf olunduğunu
deyir: “Bu yaxınlarda "NewYork Times" qəzetinə açıqlama
verən nurçu liderlərdən Hüseyn Gülərcə gərginliyin iki əsas səbəbdən qaynaqlandığını
ifadə edib. O, səbəblərdən biri kimi Ərdoğanın getdikcə avtoritarlaşmasını, digəri
kimi isə Türkiyənin xarici siyasətdəki mövqeyini göstərib, xüsusilə də “Mavi
Marmara” gəmisi hadisəsindən sonra münasibətlərdə qopuqluqlar yarandığını dilə
gətirib. Fəthullah Gülənin bu siyasəti macərapərəstlik kimi qiymətləndirdiyini
deyən sözcüsü prinsipcə haqsız olmaya bilər. Amma onun İsrailə düşməncə münasibət
bəsləyən dindaşına bu mövqeyinə görə ağır qarqışlar yağdırmasını müsəlman din
liderinə yaraşdırmaq mümkün deyil. Gülen əfəndi o zaman səmimi olardı ki, eyni
qarqışlardan birini də dinc aksiyascıları qanına bələyən İsrailə də yollayardı.
Əks halda millət bu ikili mövqeni baqşa yönlərə yoza bilər. Necə ki, yozur da.”