Vahid Əhmədov: “Türkiyə mediası 44 günlük Vətən müharibəsində böyük fədakarlıq sərgilədi”
“Vətən müharibəsi dönəmində Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Fulya Öztürkün əməyi danılmazdır”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, Fulya Öztürk müharibə dönəmində öz həyatını riskə ataraq erməni vəhşiliklərini dünyaya çatdırıb:
“Fulya Öztürk qardaş Türiyənin ən təcrübəli jurnalistlərindən biridir. Hansı ki, 44 günük Vətən müharibəsində biz onun böyük cəsarət və prinsipiallıq səgiləyərək erməni vəhşiliklərini ifşa edən reportajlar hazırladığına, Ermənistanın bəd əməllərini ifşa etdiyinə şahid olduq. Fulya Öztürk öz həyatını riskə qoymaq hesabına öz peşə borcunu vicdanla, ləyaqətlə yerinə yetirdi. Bu baxımdan Fulya Öztürkün xidmətləri inkaredilməzdir. Bu baxımdan Fulyaz Öztürklə bağlı filmin çəkilməsi ideyasını dəstəkləyirəm. Hesab edirəm ki, bu addım Azərbaycan xalqının Fulya Öztürkə, onun timsalında Türkiyə mediasına öz minnətdarlığını ifadə etmək baxımından gərəkli bir addımdır”.
Millət vəkili Vətən müharibəsi dönmində Türkiyə mediasının böyük əmək sərf etdiyini, Azərbaycan mediası ilə birlikdə erməni vandalizmini dünyaya göstərdiyini qeyd edib:
“Türkiyə mediası 44 günlük Vətən müharibəsində böyük fədakarlıq sərgilədi. Türk jurnalistlər Azərbaycanlı həmkarları ilə birlikdə ön xətdən hazırladıqları reportajlarla, Ermənistan ordusunun raket zərbələrinə məruz qoyduğu yaşayış məntəqələrindan yayımladıqları bağlantılarla düşmənin iç üzünü ifşa etdi. Türkiyənin Azərbaycana verdiyi informasiya dəstəyi beynəlxalq ictimaiyyətin Qarabağda baş verənlər haqqında daha dolğun məlumat almasında mühüm rol oynadı. Hesab edirəm ki, Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi-diplomatik dəstəklə yanaşı, informasiya dəstəyi də xalqımız tərəfindən daim minnətdarlıq hissi ilə yad ediləcək, qürurla xatırlanacaq”.
Seymur ƏLİYEV