Moderator.az xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov Fransa Senatının qərəzli addımını sərt tənqid edib. Millət vəkili bunu siyasi təxribat kimi dəyərləndirib:
“Qüdrətli
Azərbaycanın ölkə Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin
rəhbərliyi ilə torpaqlarını işğaldan azad etməsi təkcə xalqımızın böyük qürur
mənbəyinə çevrilmədi. Ərazi bütövlüyümüzün bərpa olunması həm də ölkəmizin
dostları və tərəfdaşları, eləcə də haqq-ədalət tərəfdarları tərəfindən sevinclə
qarşılandı. Amma təəssüflər olsun ki, Ermənistanın döyüş meydanında darmadağın
edilməsi işğalçı ölkənin havadarları və ermənipərəst dairələrdə ciddi
narahatlıq yaradıb. Onlar Azərbaycanın parlaq qələbəsini həzm edə bilmir,
müxtəlif qanunsuz addımlar atırlar.
Fransa
Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnamə
layihəsinin qəbulu da belə nümunələrdəndir. Təbii ki, bu addım Fransa siyasi
dairələrinin erməni təəssübkeşliyinin daha bir göstəricisidir. Bu, eyni
zamanda, beynəlxalq hüquq normalarına, ərazi bütövlüyü prinsipinə açıq
hörmətsizlik, təcavüzə və separatizmə birbaşa dəstəkdir. Belə bir təşəbbüs BMT
Nizamnaməsinin, bu təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsinin heçə
sayılmasıdır.
Bildiyimiz
kimi, Fransa həm ATƏT-in Minsk qrupunun, həm də BMT Təhlükəsizlik Şurasının
üzvüdür. Bu ölkənin qanunvericilik orqanının qondarma, separatçı bir quruma
dəstək ifadə etməsi Fransanın mandatına uyğun deyil. Ona görə də bu ölkə
ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmalıdır.
Senat
tərəfindən yol verilmiş bu təxribatçı hərəkət həm də Fransanın qərəzli,
ədalətsiz mövqedə olduğunu göstərir. Sual olunur: Fransa ədalətlidirsə, nə üçün
Senat dünya birliyi tərəfindən tanınmış Azərbaycanın ərazi bütövlüyünə zidd,
separatizm və terrorizmlə məşğul olan oyuncaq quruma dəstək verir? Onlar özlərini
haqq-ədalət tərəfdarı kimi görürlərsə, hansı səbəbdən Ermənistanın müharibə
cinayətləri barədə danışmırlar və ya bununla bağlı heç bir addım atmırlar?
Bu
sualların cavabı Fransanın ermənipərəst mövqeyində gizlidir. Bu ölkə bir daha
obyektiv olmadığını, Ermənistanın maraqlarını müdafiə etdiyini, işğala,
təcavüzə, terrora dəstək verdiyini nümayiş etdirir. Bu isə təkcə bölgəmizdə
deyil, həm də dünyada sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır”.
Seymur
ƏLİYEV