Ermənistanın Şuşada PKK dəstələri yerləşdirməsi ilə bağlı Azərbaycan və Türkiyə mediasında yer alan məlumatlar, terrorçu dövlətin özü kimi terrorçularla geniş əməkdaşlıq həyata keçirdiyi sübut edir. Bu fakt bir daha göstərir ki, bu gün Azərbaycan ordusu sadəcə erməni işğalçılarına qarşı deyil, həm də qlobal terrorizmə qarşı mübarizə aparmaqda, bütün dünyanın bu bəladan qurtulmasına səy göstərməkdədir.
Moderator.az-a açıqlama verən millət vəkili Musa Urud, Azərbaycanın qlobal terrorizmə qarşı mübarizəsinin göz önündə olduğunu bildirib:
“Azərbaycan bu gün beynəlxalq terrorizmlə mübarizə aparır. Ordumuz beynəlxalq terrorizmin kökünü kəsmək məsələsində dünyaya töhfə verir.
Ermənilər tərəfindən muzdluların, terrorçuların döyüşməsi hər kəsə məlumdur. PKK-nın da Ermənistan tərəfindən hərbi əməliyyatlara cəlb edildiyi məlumdur. Əslində PKK və ASALA bir-birinə yaxın olan terror təşkilatlarıdır. Onları bu mənada “əmiuşağı” hesab etmək olar. Onlar “qohum” təşkilatlardır. Bu təşkilatlar hər zaman türk dünyasına, sivil dünyaya qarşı terror aktları törədib. Onların amalları hər zaman terrorizmlə bağlı olub.
Şuşada və Qarabağın işğal edilmiş digər ərazilərində erməni hərbi birləşmələrinin tərkibində PKK terrorçularının, erməni və qeyri-erməni millətlərindən olan terrorçuların mövcudluğu dünya ictimaiyyətinə də məlumdur. Amma çox təəssüflər olsun ki, dünyanın bir çox hüquq müdafiə təşkilatları, beynəlxalq təşkilatlar bunu ya görmür, ya da görməzlikdən gəlirlər. Yaxşı olardı ki, Azərbaycan ordusuna qara yaxmağa çalışan bəzi təşkilatlar, eləcə də bəzi dövlətlərin rəhbərləri kor gözlərini açsınlar. Ermənistan ordusunun tərkibindəki PKK başkəsənlərini, ASALA quldurlarını görsünlər.
Düşmən ordusunda kimlərin döyüşməsindən, kimlərin onlara silah yardımı göstərməsindən asılı olmayaraq Azərbaycan ordusu öz zəfər yürüşünü davam etdirir. Yəqin ki, onların hamısı Azərbaycan ordusunun ədalət qılıncının altından keçəcək. Onların hamısı mühakimə olunaraq öz cəzalarını alacaqlar. Onların bir qismi Azərbaycan ordusunun süngülərindən öz nəsiblərini alacaq. Ələ keçən terorçuları isə həm Azərbaycan, həm də beynəlxalq qanunları rəhbər tutaraq mühakimə edəcəyk, layiqli cəzalarını verəcəyik. O zaman vaxtiylə Azərbaycana qarşı iftiralar səsləndirən, guya ordumuzun tərkibində başqa millətlərin nümayəndələrinin vuruşduğunu iddia edən dövlət başçılarına göstərəcəyik ki, düşmənə qarşı döyüşən yalnız və yalnız Azərbaycanın özünün mərd igidləridir. Əsir götürülənlər isə erməni ordusunun tərkibində vuruşan terrorçular, muzdlulardır. Hansı ki, siz ya onları görmürdünüz, ya da özünüz onları bəsləyib bu torpaqlara göndərmişdiniz.
İşğalçı Ermənistan ordusu və onun tərkibində döyüşən terrorçuların sonuna çox az qalıb”.
Seymur ƏLİYEV