Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 7-14 avqust maska taxılması həftəsi elan olunub.
Maraqlıdır, insanları
maska taxmağa təşviq etmək məqsədi ilə atılan bu addım, bir daha maska və bu kimi vasitələrin koronavirusla
mübarizədə həlledici rol oynadığını, bu qaydalara hər kəs tərəfindən əməl edilməsinin
vacibliyini göstərmirmi?
Moderator.az-a açıqlama
verən professor Adil Qeybulla maskadan istifadənin önəminə diqqət çəkdi:
“ÜST-ün bu addımı hər
şeydən öncə rəmzi-simvolik məna daşıyır və şübhəsiz ki, məqsəd insanlar
arasında maskadan istifadənin vacibliyini təbliğ etməkdir.
Qeyd edim ki, bəzi ölkələrdə
maskadan istiafdə etmək ənənəsi var. Yaponiyada, bəzi Avropa ölkələrində soyuqdəyməsi
olan insanlar koronavirusdan öncə də maskadan istifadə ediblər. Lakin təəssüf
ki, ölkəmizdə hələ də insanları maskadan istifadənin vacibliyinə tam inandıra
bilməmişik. Ölkəmizdə hələ də maskadan istifadənin mahiyyətini anlamayan, onun
önəminə şübhə ilə yanaşan xeyli insan var.
Lakin bunu da qeyd etmək
lazımdır ki, insanların önəmli bir hissəsi də xeyli müsbət vərdişlərə yiyələnib.
Onlarda maskadan və digər dezinfeksiyaedici məhlullardan istifadə vərdişi
formalaşıb. Bu isə gələcəkdə pandemiya və digər hallarda cəmiyyətin daha çevik
reaksiyasını təmin etmək baxımından vacibdir”.
Seymur ƏLİYEV