Cəmil Həsənliyə görə, Aslan İsmayılov o vəkillərdəndir ki, həmişəəzilənin, haqqı tapdalananın yanında olub: “Hüquqi anlayışlar onun üçün təxminən müqəddəs atributlar kimi bir şeydir. Aslan İsmayılovu tanıyandan bəri onun hüququn əleyhinə getdiyinin şahidi olmamışam. Onun içində haqsızlığa qarşı dözümsüzlük var. Bu dözümsüzlük bəzən gətirib ona çıxardır ki, o, hüquqlarını müdafiə etdiyi adamın problemlərini daxilən yaşayır. Hər vəkildə bunu müşahidə etmək mümkün deyil. Peşəkarlıq baxımından Aslan İsmayılovun həm mükəmməl hüquq təsili, həm də mükəmməl hüquq təcrübəsi var. Bu da onun məsələlərə hüquq müstəvidən peşəkar yanaşdığının aydın bir ifadəsidir. Hesab edirəm ki, Vəkillər Kollegiyası belə bir iddia ilə çıxış etməklə böyük yanlışlığa, böyük günaha yol verib. Aslan İsmayılov kimi vəkillərin sayı çox deyil. Vəkillər Kollegiyası doğrudan da hüququn aliliyinə dayanan bir kollegiyadırsa onun kimi vəkilin olması ilə fəxr etməliydi, nəinki onunla bağlı vəkillik statusunun ləğvi iddiasını qaldırmalıydı. Biz hüququn, qanunun və sistemin olmadığı bir ölkədə yaşayırıq. Aslan İsmayılovun vəkillik statusunun ləğv edilməsi də hüquqsuzluq və sistemsizliyin aydın bir təzahürüdür”.