Azərbaycanda müxtəlif güc orqanları tərəfindən yol verdikləri qanunsuzluqlara görə saxlanılan məmurlarla yanaşı, onların övladlaırnın da bu konteksdə media tərəfindən gündəmə gətirilməsi müşahidə edilir.
Maraqlıdır, atanın törətdiyi qanun pozuntusuna görə onun övladlarının da media tərəfindən ictimai diqqət mərkəzinə salınması, həmin şəxslərin yaşam və fəaliyyətinin həbs fonunda təhlil edilməsi hüquq və media əxlaqı baxımından nə dərəcədə doğrudur?
Moderator.az-a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli bu məsələdə medianı haqlı hesab etdiyini vurğuladı:
“Son vaxtlar korrupsiya cinayətlərində şübhəli bilinən bəzi şəxslər saxlanılmaqdadır. Bunların arasında icra başçıları da, nazirlik əməkdaşları da var. Korrupsiya sadəcə pul almaq, pul yemək deyil. Korrupsiya həm də imtiyazından istifadə edərək yaxınlarına hansısa imtiyaz təmin etmək deməkdir. Tutaq ki, bir icra başçısının iki oğlundan biri hakim, digəri isə prokurordur. Belə olan halda burada da korrupsiya elementinin ola biləcəyi ilə bağlı şübhələr yaranır. Medianın işi isə ictimai nəzarətdir.
Hüquqda istənilən cəza fərdidir və şəxsin etdiyi əmələ görə digərləri məsuliyyət daşımır. Lakin burada maraqlı məqam ondan ibarətdir ki, bu şəxslər bilavasitə vəzifə səlahiyətlərindən sui-istifadə edərək korrupsiyaya yol veriblər. Onların övladları çox vaxtı məhz korrupsiya elementi fonunda vəzifəli şəxs pilləsinə yüksəlir. Buna görə də belə məsələlərə diqqət çəkmək media əxlaqı baxımından tamamilə yolveriləndir.
Media sadəcə konkret bir məsələni yığcam şəkildə müzakirə etmək üçün deyil. Eyni zamanda, yeri gələndə aysberqin görünməyən tərəflərinə də işıq tutmalıdır. Buna görə də mən bunu həm media hüququ, həm də media əxlaqı baxımındna normal hesab edirəm”.
Seymur ƏLİYEV