Azərbaycanın müdafiə naziri Zakir Həsənov dünən ordu yetkililəri ilə görüşündə Ermənistanın ünvanına xəbərdarlıq səsləndirib, növbəti hərbi toqquşmada işğalçıya 2016-cı ilin aprel döyüşlərindən də ağır zərbə vuracaqlarını bildirib.
Moderator.az-a
açıqlamasında müdafiə nazirinin işğalçıya xəbərdarlığını şərh edən millət vəkili
Arzu Nağıyev, bu xəbərdarlıqdan Ermənistanla yanaşı, həmsədrlərin də nəticə
çıxarmasının vacibliyini vurğulayıb:
“Qarabağ probleminin hərbi
yolla həlli istisna deyil. Bu, problemin həlli variantlarından biridir. Çünki məlum
olduğu kimi, Ermənistan problemin sülh yolu ilə həllinə maarq göstərmir, ölkəmizə
qarşı yeni təxribatlara əl atır. Düşmənin son vaxtlar Naxçıvan, Qazax istiqamətində
atəşkəsi pozması müşahidə edilir. Ermənilər bununla Rusiyanı münaqişəyə cəlb
etmək istəyirlər. Ermənistan KTMT-nin üzvü kimi atəşkəsi sərhəd nöqtələrində
pozur. Çalışır ki, Azərbaycan da məcbur qalıb atəşkəsi pozsun, bununla da Rusiyanın
proseslərə müdaxiləsinə zəmin yaransın.
Məlumdur ki, Azərbaycanın
çox güclü ordusu var və bu ordu Qarabağı azad etməyə qadirdi. Lakin bu məsələdə
həm regional, həm də qlobal oyunçuların mövqeyinin də nəzərə alınmasına ehtiyac
var.
Hesab edirəm ki, ATƏT-in
Minsk qrupunun həmsdərləri də Azərbaycanın müdafiə nazirinin haqlı mövqeyindən
nəticə çıxarmalı, Ermənistan tərəfinin danışıqlar prosesinə iştirakını təmin
etməlidir”.
Seymur ƏLİYEV