Koronovirus
pandemiyası ilə bağlı yazıçı Seyran Səxavətə müraciət etdik. “Mən sizin bu gün
verdiyiniz suala 11 il əvvəl yazdığım “Yəhudi əlifbası”adlı romanımla cavab
vermişəm. Əsərin başlanğıcından bir hissəni “Ədəbiyyat qəzeti”nin
oxucularına təqdim edirəm” – dedi.
Hörmətli Adam!
Nə vaxt yeməkdən doyub pəndam olsan, başın açılsa, gəl mənim yanıma, ərinmə,
bir az da mən baxan tərəfdən bax Dünyaya - özü də qorxma, mən adamyeyən deyiləm.
Diqqətlə baxsan görəcəksən ki, mən də sənə oxşayıram - gözlərim var, ağız-burnum,
qulaqlarım, ayaqlarım, əllərim var.
Gəl. Qorxma. Mən adam əti yemirəm. Orasını da bəri başdan deyirəm ki, mənim
yanımda dayansan peşman olacaqsan, fikirləş.
Gözləyirəm.
Mən elə həmişəki yerimdəyəm...
Ancaq əsnəmə, əsnəsən səni qovacam!
Müəllifdən
- Qalxın, Gələn gəlir!!!
Bütün bəşəriyyət dik qalxdı.
Qəbirlər də dikəldi, baş daşları ilə üzbəüz
dayandı.
Zaman da dikəlib dayanan kimi Gələn gəldi,
Yer kürəsi sətəlcəm olmuş adam kimi ölü sükuta büründü, bu sükut ağappaq idi, kəfənə
oxşayırdı. Bu ölü sükutu Gələndən başqa bir kimsə dirildə bilməzdi və O da
diriltdi:
- İnsan Adəm və Həvva
deyilən saatdan sizlərin dik qalxdığınız saata qədər çooox uzun bir yol keçib və
Sizin qiymət almaq saatınız yetişib, qulaq asıııınn...
- Sülh, iki.
- Müharibə, beş.
- Gözütoxluq, iki.
- Nəfs, beş.
- Allah xofu, iki.
- Allahsızlıq, beş.
- Həqiqət, iki.
- Yalan, beş.
- Könüllülük, iki.
- Zor, beş.
- Hippokrata sədaqət, iki.
- Terror, beş.
- Əl tutmaq, iki.
- Əl kəsmək, beş.
- Vətənpərvərlik, iki.
- Özünüsevərlik, beş.
- Halal, iki.
- Haram, beş.
- Təbiətə sevgi, iki.
- Təbiəti xaraba qoymaq, beş.
- Səmavi ləzzət, iki.
- Narkoləzzət, beş.
- Alnıaçıqlıq, iki.
- Üzüqaralıq, beş.
- Sivilizasiya, iki.
- Yerində saymaq, beş.
- Mərdlik, iki.
- Yaltaqlıq, beş.
- Mərhəmət, iki.
- Qaniçmə, beş.
- Mənəvi quraqlıq, iki.
- Zina, beş.
- Söz, iki.
- Boşboğazlıq, beş.
- Səs, iki.
- Həvəs, beş.
Sükut yenə çabalaya-çabalaya Öldü və Gələn bu ölünü təzədən diriltdi:
- Bütün bunları əsas götürərək qərara alıram: - Bütün Bəşəriyyət haqqında həbs
qətimkan tədbiri seçilsin və haqqında cinayət işi qaldırılsın. Bu hökmdən bir
ay müddətində Allahdan yuxarı bir kimsə tapsanız, quşların vasitəsilə ona şikayət
edə bilərsiniz...
Sükut təzədən partdam-partdama düşdü, çabaladı, çabaladı və öldü - bu dəfə
onu dirildən olmadı.
Gələn necə gəlmişdisə, eləcə də getdi - nə gələndə görən olmuşdu, nə də gedəndə
görən oldu.
Bəşəriyyət ayaq üstə donmuşdu, heykələ dönmüşdü - axır ki, Bəşəriyyətə də
heykəl qoyan tapıldı...
Dünyanın bütün saatları çıqqıldaya-çıqqıldaya, taqqıldaya-taqqıldaya,
şaqqıldaya-şaqqıldaya və nəhayət hıqqıldaya-hıqqıldaya dayandı - Zaman
dayanmışdı...
Dünyanın insan əli, ayağı, nəfəsi dəyməyən cənnət bir guşəsində mələklər
körpələri əmizdirirdilər - doğum evinə oxşayırdı buralar, uşaqları da nömrələmişdilər,
adları yox idi...
Uşaqlar harda olduqlarını bilmirdilər, elə mələklər də. Onları Allah yerbəyer
eləmişdi. Bu məkanda demək olmazdı ki, Zaman dayanmışdı və yaxud dayanmamışdı,
bu məkanda Zaman yox idi.
Bu uşaqlar nə heykəlləşmiş valideynlərin
balaları idilər, nə də Zamanın - bu uşaqlar Allahın balaları idilər.
Allahın körpələrə bir az rəhmi gəlmişdi,
elə körpələr də Allahı bir az rəhmə gətirmişdilər. Və bu rəhm Allahın nə
zamansa adamlara elədiyi rəhmə oxşamırdı və bu rəhmin özü də körpə idi, sanki
körpələr üçün idi...
Mələklərdən biri necə qışqırdısa şeytanlar
dünyanın hər yerindən tökülüb gəldilər, bu məkanı mühasirəyə alıb təəccüblə
bir-birlərini süzəndən sonra pıqhapıq başlandı, davam elədi və sonda xorla yer
üzünü başına götürən uzun-uzadı bir qəhqəhə çəkdilər və çıxıb getdilər. Məlum
oldu ki, mələklərdən biri körpəni əmizdirərkən uşaq onun döşünü dişləyib və
onun döşündən süd əvəzinə ağappaq qan tökülüb...
Şeytanların qəhqəhəsi mələklərin
qulaq pərdəsinə tərəf sürünməkdə idi...
Şeytanlar çıxıb getsələr də nəfəsləri bu məkana
toxunmuşdu, indi bu məkan toxuntulu idi. Bu toxuntunu isə Allahdan başqa heç kəs
götürə bilməz.
edebiyyatqazeti.az