II Dünya Müharibəsi və faşizm üzərində qələbənin 75-ci ildönümünün yaxınlaşması fonunda Qərb mediasında Rusiyaya qarşı ittihamlar artmaqdadır. Belə ki, bir çox Qərb tarixçisi, habelə dövlət xadimi və siyasətçisi hesab edir ki, II Dünya Müharibəsinin başlanmasının məsuliyyəti faşist Almaniyası qədər, SSRİ-nin üzərinə düşür. Qərb analitikləri Almaniya və SSRİ arasında 1939-cu ildə imzalanan qarşılıqlı hücum etməmək haqqında müqaviləni faşizmlə anlaşma, onun işğallarına “yaşıl işıq” yandırmaq kimi dəyərləndirməkdədir.
Moderator.az rus mediasına istinadən xəbər verir ki, dünyanın bütün böyük dövlətlərini Moskvada keçiriləcək 9 may paradına dəvət etdiyi, qələbənin 75-ci ildönümünün təntənə ilə qeyd etmək üçün ciddi hazırlıq işləri həyata keçiridyi bir zamanda Avropada SSRİ və onun timsalında Rusiyaya yönəlik bu ittihamlar Putinin ciddi narahatlığına səbəb olub. Mediaya açıqlamasında Qərb dövlətlərini “dürüst olmağa” səsləyən Rusiya prezidenti, II Dünya Müharibəsinin başlanmasında ölkəsinin məsuliyyət daşımadığını bildirib. Putinin sözlərinə görə, bu barədə səslənən ittihamların hamısı tamamilə uydurmadır və tarixi həqiqətlə heç bir bağlılığı yoxdur.
Xatırladaq ki, 2019-cu ilin sonunda Polşa və Rusiya arasında baş verən diplomatik qalmaqaldan sonra, Polşa Seymi II Dünya Müharibəsinin başlanmasına görə məsuliyyətin Hitler Almaniyası ilə yanaşı, həm də SSRİ-nin üzərinə düşməsi ilə bağlı qərar qəbul edib.
Seymur ƏLİYEV