İsti yatağında yatan bir qızı,
Oyadar yuxudan titrəyən bir əl.
Bir ana səslənər: “Oyan, mələyim,
Gəlir üstümüzə azğın köpəklər”.
Oyan körpə balam, düşərsək əsir,
Sanma uşaq deyə bağışlayarlar.
Körpə ürəyini, körpə köksünü
Qanlı əlləriylə parçalayarlar.
Qalxır yuxusundan səksəkəylə qız,
Oxunur gözündən vahimə, qorxu.
Tutub əllərindən anası qızın,
Qaçır ayaqyalın meşəyə doğru.
Yanır kiçik şəhər, köməksiz şəhər,
Düşmənlər bağlayıb cığırı, yolu.
Küçələr, səkilər başdan-ayağa,
Hələ soyumayan meyitlə dolu.
Dartır balasını dalınca ana,
Dərələr, təpələr körpəni yorur.
Gecənin soyuğu, dağların qarı,
Vücudu dondurur, qanı dondurur.
Şaxta qılınc qədər ölümcül, iti
Sağdan da, soldan da hücuma keçir.
Bayaq yatağında uyuyan körpə,
İndi özü boyda buza çevrilir.
Isti bir yataqda başlayan gecə,
Soyuq bir təpədə ölümlə bitir.
Balası buz heykəl olan ananın,
O gündən Allaha inamı itir.
İlahi, varmıdır belə bir diyar
Ruhu vücudundan daha yaralı?
Bağışla, hələ də “qisas” hayqıran
“İntiqam” gözləyən şəhid Xocalı.
Seymur ƏLİYEV
e-mail: [email protected]