Məlum olduğu kimi, Suriyada hökumət qüvvələrinə qarşı savaşda bir azərbaycanlı da həlak olub. Suriya Azadlıq Ordusu (SAO) tərkibində döyüşən Tərtər rayon sakini Ənvər Zeynalovun cənazəsini Azərbaycana gətirmək mümkün olmayıb. Moderator.az-ın məlumatına görə, dünən Tərtərə ezam olunan “Bizim Yol”un əməkdaşı Ənvər Zeynalovun yas məclisində iştirak edib.
“Suriyaya iki ay əvvəl getmişdi”
Tərtər rayonuna daxil olarkən ilk salamlaşdığımız şəhər sakinindən Ənvər Zeynalovun ailəsinin yaşadığı evi soruşuruq və ünvanı asanlıqla öyrənib mərhumun evinə yollanırıq. Rayonun Teymur Rəhimov küçəsində yaşamış Ənvər Zeynalovun həyətinə daxil olarkən olduqca sakit və azsaylı adamların olduğu bir məclisin şahidi oluruq. Baxmayaraq ki, dünən ailəsi onun 3 mərasimini qeyd edirdi, həyətdə elə də qələbəlik gözə dəymirdi.
Mərhumun yas məclisində iştirak edən şəxslər onu bizə islam dininə bağlı olan bir gənc kimi dəyərləndirirdilər. Yas mərasiminə gələnlərin əksəriyyətinin isə Ənvərin Suriyada öldürülməsindən əməlli-başlı şok keçirdiyi açıq görünürdü. Belə ki, qardaşı Ceyhun istisna olmaqla, valideynləri, qohumları Ənvərin Türkiyəyə iş dalınca getdiyini sanırmış. İki ay əvvəl Türkiyəyə işləmək adıyla gedən Ənvər Suriyaya keçəcəyini təkcə qardaşına söyləyibmiş.
“Valideynlərimiz onun Türkiyədə işlədiyini bilirdi”
Bizimlə söhbətində Ənvərin qardaşı Ceyhun onun gedişini belə nəql edir: “O dindar, Allaha bağlı bir insan idi. Gənc olmasına baxmayaraq, İslam dininin dərinliklərinə yiyələnmişdi. Tutduğu yol bu idi. Onun gedişinə təsir etmək mümkün deyildi. Ona ağır gəlirdi ki, niyə Bəşər Əsəd rejimi günahsız uşaqları, yaşlı insanları məhv edir. İnternetə marağı böyük idi. Bəşər Əsədin vəhşiliklərini görəndə çox pis olurdu.
Qarşısına məqsəd qoymuşdu ki, Suriyada gedəcək və Allah yolunda şəhid olacaq. Suriyaya getdiyini ancaq mənə və bəzi dostlarına dedi. Valideynlərimizdən gizli saxladı. İstəmirdi ki, onlar narahat olsunlar. Məndən başqa hər kəs elə bilirdi ki, Türkiyədə işləyir.
Tez-tez internetlə əlaqə saxlayırdıq. Ölümündən iki gün əvvəl internetdə danışdıq. Sanki öləcəyini bilirdi. Dedi ki, qardaş mən mübarək Ramazan ayında şəhid olacam. Düzü mən buna inanmadım. Bu sözü onun Suriyada olduğunu bilən bəzi dostlarına da demişdi. Onlar isə zarafata salaraq, bildirmişdilər ki, Bəşər Əsədin əsgərlərindən neçəsini öldürdün ki, özün ölməyə hazırlaşırsan? Ayın 19-da ölüm onun xəbərini aldıq”.
“Vəsiyyət etmişdi ki, orda dəfn olunsun”¦”
Ceyhun Zeynalovun sözlərinə görə, qardaşının ölüm xəbərini onlara əslən Türkiyədən olan döyüşçü yoldaşları verib: “Mənə xəbər verdilər ki, Ənvər Hələbdə öldürülüb. Mən onu da deyim ki, bəzi saytlarda onun cənazəsinin Azərbaycana gətirilməsinə çalışdığımızı, ancaq buna nail ola bilmədiyimizi yazıblar. Bu belə deyil. Özü ilk gündən mənə vəsiyyət etmişdi ki, şəhid olarsa, həmin müqəddəs torpaqlarda dəfn edilsin. Onu Suriyada dəfn ediblər. O, ölmək üçün getmişdi. Gəncədəki keçmiş Kənd Təsərrüfatı Akademiyasını bitirmişdi. Ancaq dinlə çox maraqlanırdı”.
Mərhumun uşaqlıq dostu Kəniş Namazov Ənvəri dostları arasında ən etibarlı, təmiz qəlbli birisi kimi xarakterizə etdi: “Onun dini söhbətlərinə qulaq asdıqca doymaq olmurdu. Heç kəslə işi olmazdı. Namazını qılıb, orucunu tutardı. Son söhbətlərimizdə Suriyada yaşananlardan bərk təsirləndiyinin şahidi olurduq. Orada körpə uşaqların öldürülməsinə bərk əsəbiləşirdi. İstəsək də, onun gedişinin qarşısını ala bilmədik. Çünki, bu yolu tutmuşdu. Onu bu yoldan döndərmək qeyri-mümkün idi”.
Yaxınları ilə söhbətimizdən onu da öyrənirik ki, Ənvərin yas mərasiminə yerli hüquq-mühafizə orqanları tərəfindən hansısa bir müdaxilə halları qeydə alınmayıb.