İsrailin Tel-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan” layihəsi həyata keçiriləcək. Fevralın 2-də reallaşacaq layihə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr edilib.
Azərbaycandan kənarda Milli Qəhrəmanlarımızla bağlı bu cür tədbirlərin keçirilməsi həm qəhrəmanlarımızın dünyada təbliği və tanıdılması, həm də Qarabağ həqiqətlərinin bir kəs daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımınan nə dərəcədə faydalıdır?
Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov bu kimi tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Təbii ki, bu kimi tədbirlərin həyata keçirilməsi olduqca faydalıdır. Bildiyiniz kimi, Mübariz İbrahimov da ölkəmzidən kənarda tanınmaqdadır. Hətta Rusiya prezidenti də ona öz münasibətini bildirib. Türkiyədə M.İbrahimovla bağlı böyük tədbirlər keçirilir. Bu baxımdan İsraildə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovla bağlı tədbirin keçirilməsi olduqca önəmlidir.
Qəhrəman qəhrəmandır. Albert tankçı kimi şərəfli döyüş yolu keçib, böyük qəhrəmanlıq göstərib. Qəhrəmanlar elə simalardır ki, onlar gələcək nəsilləri tərbiyələndirir, onların gələcəyinə yön verir. Əsl qəhrəman A.Aqarunov, M.İbrahimov və digər qəhrəmanlarımız kimi öz torpağı, milləti, bayrağı uğrunda döyüşür. Onlar öz həyatları bahasına olsa belə, döyüş tapşırığını yerinə yetirirlər.
Qəhrəmanlıq insanın şəxsi keyfiyyətində, fərdi xüsusiyyətlərində öz əksini tapan bir keyfiyyətdir və bu keyfiyyət ancaq seçilmiş insanlarda olur. Hansı ki, onlar haqqında kitablar yazılır, nəğmələr qoşulur, mahnılar bəstələnir və s. Xalq da, dövlət də öz qəhrəmanlarını qiymtələndirir, ona əbədi hörmət və ehtiram sərgiləyir. Buna görə də hər kəs qəhrəman olmur.
İsrail Azərbaycana dost ölkədir. Bizim İsraillə hərtərəfli əlaqələrimiz mövcuddur. İsrail Azərbaycanın siyasətini dəstəkləyən bir dövlətdir. İsrail Ermənistanın işğalına öz münasibətini bildirib. A.Aqarunov milliyyətcə yəhudi xalqının nümayəndəsidir və öz vətəni olan Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıqla adını tarixə qızıl hərflərlə həkk etdirib. A.Aqarunov nümunəsi bir kəs daha sübut edir ki, Azərbaycanda yaşayan xalqları təmsilçiləri hansı millətin nümayəndəsi olmalrından asılı olmayaraq, vətənlər olan Azərbaycan uğrunda fədakarlıq göstərməkdən çəkinmir, lazım gələrsə öz həyatlarını belə öz dövlətləri, torpaqları uğrunda qurban verməyi bacarırlar.
Odur ki, A.Aqarunovla bağlı İsraildə belə bir layihənin həyata keçirilməsini alqışlayıram. Hesab edirəm ki, bu həm Azərbaycanın Milli Qəhrəmanına hörmət və ehtiram, həm də Qarabağ həqiqətlərinin təbliği baxımından faydalı və gərəklidir”.
Seymur ƏLİYEV