İraq və Suriyada anti-terror əməliyyatları aparan Türkiyənin yaxın gələcəkdə Liviyaya hərbi müdaxiləsi məsələsi gündəmdədir. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da marşal Haftarın hücumları dayandırmayacağı təqdirdə, ona lazımi dərsi verəcəklərini bəyan edib.
Maraqlıdır, Türkiyənin regiondakı aktivliyini artırması, onun Osmanlı dönəmindəki nüfuzunun qismən də olsa bərpa edilməsi ilə nəticələnə, tarixin təkərini müəyyən mənada geri fırlada bilərmi? Həmçinin, türk dünyası Türkiyənin Yaxın və Orta Şərqlə bağlı siyasətinə dəstək verməlidirmi?
Moderator.az-a açıqlama verən BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli Türkiyənin regiondakı aktivliyinin vacib və zəruri olduğunu vurğuladı:
“Qardaş Türkiyə hazırda regional gücə çevrilməkdədir. Bu günki Türkiyə dünənki Türkiyə deyildir. Bu günki Türkiyə beynəlxalq güclərin hesablaşdığı Türkiyədir. Bu gün dünyanın iri güclərindən olan ABŞ və Rusiyanın Türkiyə ilə hesablaşması dediklərimizə əyani sübutdur. Hətta ABŞ prezidenti özü də etiraf edir ki, Türkiyə bir çox məsələlərdə özü müstəqil qərar verir və nail də olur.
Türkiyənin Liviyaya hərbi kontingent çıxarması müdaxilə yox, öz maraqlarını, Türk Dünyasının maraqlarını təmin etməkdir. Həm də Türkiyə qanuni hakimiyyəti müdafiə edir. Bilirsiniz ki, XXI əsrdə dünyanın iri gücləri heç bir beynəlxalq qanun tanımır. İstədikləri fəaliyyəti həyata keçirirlər. Bunun üçün hətta terrordan da çəkinmirlər. Bu mənada Türkiyə çox doğru hərəkət edir. Burada söhbət Osmanlı nüfuzundan getmir. Osmanlı tarixdə qaldı. Söhbət bu günki demokratik, güclü Türkiyədən gedir. İmperiya dövrü tarixin arxivinə kömülmüşdür. Amma Türkiyə yaxın ətrafının problemlərinin həllində ciddi rol oynamalıdır, necə ki, oynayır.
Təsəvvür edin ki, dünyanın iri gücləri min kilometrlərlə məsafəni qət edib həmin bölgələrə girirlər, amma bu bölgə Türkiyənin qulağının dibindədir. Əslində, Türkiyə həmin bölgələrdə imperiya nüfuzunu yox, Türk nüfuzunu artırır. Bu mənada Türk Dünyası qardaş Türkiyəyə dəstək olmalıdır. Allah eləməsin, Türkiyənin başına bir iş gələrsə, Türk Dünyası iflasa gedəcəkdir.
Türkiyənin Yaxın və Orta Şərq siyasəti Türk Dünyasının siyasətidir. Bu mənada onun bütün addımları Türk dövlətləri tərəfindən dəstəklənməli və alqışlanmalıdır.
Biz Turan Birliyinə doğru getməliyik. Bu Birlik imperiya şəklində ola bilməz. Bu birlik hazırkı Avropa Birliyi formasında yaradılacaqdır. Bu birliyin yaradılmasında Türkiyənin güclənməsinin və nüfuzunun artmasının müstəsna rolu vardır. Bu Birliyin vahid iqtisadi sistemi olduğu kimi, hərbi gücləri də olmalıdır!!! Bu mənada hazırda Türkiyənin qələbələri həm də Türk Dünyasının qələbələridir!!!”
Seymur ƏLİYEV