KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.az saytına açıqlamasında son günlər R.İbrahimbəyovun namizədliyi ilə bağlı müşahidə edilən ictimai marağın hədsiz böyüklüyünün səbəblərinə aydınlıq gətirib.
M.Mirəlioğlunun bildirdiyinə görə, baş verənlərin səbəbi ölkə gündəmində yaşanan mövzu qıtlığıdır: “R.İbrahimbəyovun namizədliyi ona görə bu qədər geniş və kütləvi müzakirə mövzusuna çevrilib ki, bu gün ölkədə müzakirə ediləcək başqa mövzu yoxdur. Ona görə də R.İbrahimbəyovun namizədliyi daim aktual olaraq qalır. Hesab edirəm ki, bu məsələ istər-istəməz öz müsbət həllini tapacaq”.
M.Mirəlioğlu siyasi qüvvələri R.İbrahimbəyovun namizədliyi ilə bağlı mövcud durumdan narahat olmamağa səsləyib: “Bu gün gah Rusiya qanunlarına istinad olunur, gah başqa məsələlər gündəmə gətirilir və s. R.İbrahimbəyovun namizədliyi ilə bağlı bu məsələ öz həllini tapacaq. Buna görə də kimsə bundan narahat olmasın. Bu gün bizim çalışdığımız əsas məsələ vahid komanda və vahid namizəddir. Buna görə də bunu istəyən və istəməyənlərin hər biri məlum məsələyə öz rakursundan yanaşır. Lakin mən hər şeyin məhz düşündüyümüz kimi həll olunacağına inanıram”.
Seymur Əliyev