Məlum olduğu kimi, Bakıda yəhudi icmasının nümayəndələrinin də iştirak etdiyi dünya din xadimlərinin toplantısında çıxış edən prezident İlham Əliyev, Ermənistanın işğalçılıq siysətini bir daha ifşa edib, onun faşizmi təbliğ edən bir ölkə olduğunu vurğulayıb. Ölkə başçısı yəhudi icmasını erməni yalan və təxribatlareına qarşı Azərbaycanın apardığı mübarizəyə dəstək verməyə səsləyib.
Maraqlıdır, ölkəmizin erməni yalan və təxribatlarına qarşı yəhudi icması, eləcə də digər dünya xalqları ilə əməkdaşlığı bu mübarizənin daha effektiv nəticə verməsini şərtləndirə bilərmi?
Moderator.az-a açıqlama verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin rəhbəri, görkəmli tarixçi-pedaqoq, tarix üzrə elmlər doktoru Qasım Hacıyev bu toplantı və orada səslənən bəyanatların mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Bakıda dünya dini liderlərinin toplantısının keçirilməsi ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Bu, həm dövlətçilik tariximiz, həm respublikamızın dünyada daha çox tanıdılması, həm də xalqmızın tolerantlığının, sülhsevərliyinin nümayiş etdirilməsi baxımından böyük önəm kəsb edir. Dövlət başçımız çıxışında bir daha xalqımızın sülh içində yaşamaq arzusunu ifadə etdi, habelə, ermənilərin apardığı anti-türk, anti-Azərbaycan təbliğatının mahiyyətini ifşa etdi.
Dinlər fərqli olsa da, ortada bir ədalətlilik prinsipi var. Əgər dünya xristianları xristianlıq təəssübkeşliyinə son qoyub Qriqoryan kilsəsinin Azərbaycan topaqlarını işğal edənlərə dəstək verməsini, separatçılara yardım göstərməsini, təcavüzkarı müdafiə etməsini qınasalar, bu məsəldə Azərbaycanın haqq işinə dəstək versələr, o zaman bu mübarizədə daha ciddi nəticələr əldə olunar. Dünya dini liderləri bu məsələyə ədalətli şəkildə, obyektiv yanaşsalar, bu münasibət Qarabağ probleminin də həllinə yardım edər, bütün dünyada haqqın, ədalətin bərpası baxımından müsbət bir nümunə ortaya qoyar.
Biz alimlər bu toplantını, ölkə başçısının bu toplantıda səsləndirdiyi fikirləri alqışlayırıq.İnanırıq ki, bu toplantıların böyük nəticələri olacaq”.
Seymur ƏLİYEV