“Sabir Rüstəmxanlının rəhbərlik etdiyi İctimayi birliyin keçirdiyi monitorinqin nəticələri barədə açıqlamasına biganə qalmaq mümkün deyil. Ziyalı, ağsaqqal, vətənpərvər kimi imic qazanmış bu şəxsin son dövrlərdəki fəaliyyəti, nəinki gülüş, hətta ikrah hissi yaradır”.
Bu sözləri Moderator.az-a açıqlamasında Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin həmsədri Elçin Qurbanov Azərbaycan Dil Qurumu İctimai Birliyinin son zamanlar bəzi özəl şirkətlərin adı və reklamları üzrə apardığı monitorninqi şərh edərkən bildirib.
Elçin Qurbanov sözügedən İB-in fəaliyyətini rüşvət mexanizminin yeni çarxının işə salınması kimi qiymətləndirərək deyib: “Sahibkarlıq subyektlərinə müdaxilələr azmış kimi birini də bu adam yaratmaq istəyir. Necə deyərlər, vardı, hər yarağımız, çatmırdı, saqqal darağımız”.
DİPM İB-in həmsədrinin fikrincə, Azərbaycan Dil Qurumu rahat yolla kapital əldə etmək üçün 10 il bundan əvvəl qəbul olunmuş Dil Haqqında Qanunun və son zamanlar ölkə rəhbərinin verdiyi sərəncamın arxasında gizlənərək öz fəaliyyətini davam etdirir və özəl şirkətləri məhkəməyə verməklə onların qarşısında əlavə problemlər yaradır:
“Sabir müəllim başa düşmək istəmir ki, sahibkarlıq subyekti özünə müstəqil şəkildə ad seçməkdə, xarici ölkələrin brendlərini qanuna müvafiq qaydada təmsil etməkdə tam sərbəstdir. O ki, qaldı, ana dilinin mühafizəsinə və inkişafına, onun bu məsələyə heç bir aidiyyəti yoxdur”.
Elçin Qurbanova görə, 4 ildir fəaliyyətə başlayan bu qurum şirkətlərin ad və reklam sərlövhələrinə icazə vermək missiyasını öz üzərinə götürmək istəyir: “Beləcə, bundan sonra reklama, şirkət adına görə icazə almaq üçün yeni rüşvət mexanizmi yaradılır”.
DİPM İB-in həmsədri ölkədə yeni rüşvət mexanizminin yaradılmasını vətənpərvər şair, yazıçı olan bir millət vəkilinə isə heç yaraşdırmır: “Ölkə ərazimizin 20 faizi işğal altındadır, Azərbaycanı hər an xarici təzyiqlər gözləyir, ölkədə mənəvi aşılanma və sosial təbəqələşmə getdikcə vüsət alır. Belə bir zamanda adını ziyalı qoyan insanlar milləti bu rəzalətdən qurtarmaq əvəzinə, məddahlıqla, dünya nemətlərinə sahib olmaq ehtirasıyla, insanların haqlarına təcavüz etməklə, villalar tikdirməkdə yarışmaqla məşğuldur. Xüsusilə söz adamlarının öz işləriylə məşğul olmamaları mənəvi dünyamızın açarı olan sözün qiymətdən düşməsinə gətirib çıxarır və nəticədə milli şərəf, ləyaqət, ailə münasibətləri və izdivaclar, bütünlükdə insani dəyərlərimiz aşınır”.