“Mixail Saakaşvilinin tez-tez Gürcüstana gələcəyini deməsi, amma bunu gerçəkləşdirə bilməməsinin səbəbləri var. O “gələcəm” deyirsə, seçki öncəsi mütləq buna çalışır. Çünki gərək Gürcüstan hökuməti buna icazə versin. Yoxsa o, piyada gələsi deyil ki!”.
Moderator.az xəbər verir ki, bu fikirləri Modern.az-a Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov eks-prezident M.Saakaşvilinin Gürcüstana gəlməsi ilə bağlı verdiyi vədlərin yalan çıxmasına münasibət bildirərkən deyib.
“Hər dəfə “gəlirəm” deyən kimi, Gürcüstan hökuməti onun gəlməməsi üçün min cür əngəl törədir. Saakaşvili də bəyan edir ki, “icazə verin, Gürcüstana gəlim və qanun qarşısında bütün sualları cavablandırım”. Hər halda, Saakaşvilinin Gürcüstana gəlməsi komandasına stimul verəcək”,- deyə azərbaycanlı deputat əlavə edib.
Azər Süleymanovun sözlərinə görə, Saakaşvilinin 2020-ci ildə Gürcüstana gəlməsi gerçək ola bilər:
“2020-ci ilin parlament seçkilərində bugünkü hakimiyyət müxalifətdə qalacaq və böyük ehtimalla Saakaşvili Gürcüstana gələcək. Saakaşvili hazırda Gürcüstana gəlsə belə, hansısa vəzifəni tuta bilməz. Bunun üçün mütləq Gürcüstan vətəndaşlığını almalıdır”.