İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib - TAM MƏTN + FOTO/VİDEO
Cəmiyyət
Oxunub: 1193
16 Oct 2019 | 22:46
İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib -  TAM MƏTN + FOTO/VİDEO
Xəbər verildiyi kimi, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə nitq söyləyib.

Prezident İlham Əliyevin nitqi

- Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik.

Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər.

Bununla bərabər, bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuşdur. Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır.

Digər iqtisadi göstəricilərimiz də çox müsbətdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması, əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur.

İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı – 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Yəni, bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir.

Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Hazırda kifayət qədər çox ehtiyatlarımız var və hökumət qarşısında vəzifə qoyulub ki, biz bütün bu ehtiyatları aşkarlayaq və həm büdcə gəlirlərimizi artıraq, həm də büdcə xərclərimiz məqsədyönlü və şəffaf olmalıdır.

Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib. Əminəm ki, Baş Nazir kimi o, mənim tərəfimdən qarşıya qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir.

Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış proqram xarakterli çıxış idi. O çıxışdan sonra biz əməli addımlara başladıq, islahatları dərinləşdirdik.

Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var. Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər.

Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır.

Vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər. Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz.

Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir.

Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verirəm.

Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır.

Bu il on mindən çox insan bu proqramla əhatə olunacaq. Ünvanlı sosial yardım alanların sayı artır. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin qarşısında vəzifə qoydum ki, biz bu kateqoriyadan olan insanlara daha geniş həcmdə yardım göstərək. İndi hər bir ailə orta hesabla 200 manatdan çox yardım alır. O, ailələrin sayı artmalıdır, qarşıya belə vəzifə qoyulub.

Əlbəttə ki, əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər.

Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir.

“Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib.

Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Hesabatdan bəzi məqamları mən Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. Bildiyiniz kimi, burada rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar mövcuddur, həm ictimai-siyasi vəziyyət, həm də cinayətkarlığa qarşı mübarizə, iqtisadi islahatlar, sosial islahatlar, infrastruktur və sair.

Beləliklə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Deyə bilərəm ki, bu hesabat dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanıb dərc edilmişdir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir.

Mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir. Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Yəni, bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir.

Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik.

Son illərdə bu qədər elektrik stansiyalarının, yarımstansiyaların, ötürücü xətlərin tikilməsi, bax, bizi dünya miqyasında ikinci yerə gətirib çıxardı. Fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu yerdəyik. Bu, xalqımızın istedadını və mütərəqqi meyillərə yaxın olduğunu göstərir.

Biznesi başlamaq baxımından biz 8-ci yerdəyik və bu rəqəmlər əlbəttə ki, həqiqəti əks etdirir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyanın aparıcı beynəlxalq maliyyə qurumlarından biridir və çox mötəbər forumdur. Bildiyiniz kimi, Azərbaycan Prezidenti müntəzəm olaraq forumun iclaslarında iştirak edir.

Bütün bunlar əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir.

Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq. Ancaq buna baxmayaraq, əlbəttə, bir daha demək istəyirəm ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik.

Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır.

Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar.

Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq.

Hazırda gələn ilin büdcəsi hazırlanır və bilirsiniz ki, büdcə hər bir ölkənin əsas sənədlərindən biridir. Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları.

Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin.

Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır. Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda.

Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur.

Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz.

Gələn ilin büdcəsi ilə əlaqədar tapşırıqlar verildi. Hökumət üzvləri artıq neçə vaxtdır ki, işləyirlər. Deməliyəm ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır.

Ancaq gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin. Tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq.

Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər.

Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar.

Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət, əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər.

Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik. Ona görə qarşıdakı həftələr ərzində gələn ilin büdcəsinin parametrləri ilə əlaqədar çox fəal iş aparılmalıdır. Bugünkü müşavirə, o cümlədən, bu məsələyə həsr olunub. Ona görə istərdim ki, indi burada gələn ilin büdcəsi ilə əlaqədar fikirlər və təkliflər səslənsin.

***

Müzakirələrdə Birinci vitse-prezident Mehriban Əliyeva, Baş Nazir Əli Əsədov, Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Şahin Mustafayev, Vergilər naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış etdilər.

Maliyyə naziri Samir Şərifov deyib:

- Möhtərəm cənab Prezident, hörmətli müşavirə iştirakçıları.

2020-ci il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununa uyğun olaraq hazırlanıb və büdcə hesablamaları aparılarkən 2019-cu ildə artıq tətbiq olunan büdcə qaydasına istinad olunmuşdur. Büdcə layihəsinin hazırlanması zamanı Maliyyə Sabitliyi Şurasında bir neçə dəfə bu məsələyə baxılmış və Şuranın yekdil fikrinə görə büdcədə bir sıra əsas parametrlər üzrə razılıq əldə edilmişdir. O cümlədən büdcəmiz üçün, büdcə daxilolmaları üçün mühüm əhəmiyyətə malik olan neftin qiyməti ilə bağlı xeyli müzakirələr aparılmış və neftin 55 dollar/barrel qiyməti üzərində dayanılmışdır. Bunun əsasında isə büdcə qaydasına uyğun olaraq xalis maliyyə aktivlərinin dəyəri və eyni zamanda, icmal büdcənin yuxarı həddi müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir, Maliyyə Sabitliyi Şurasında baxılan məsələlərdən biri də o idi ki, orta və uzunmüddətli dövr üçün büdcə qaydasında bəzi məqamlar mövcuddur ki, onlar bizim xərclərimizin ahəngdar həyata keçirilməsi üçün müəyyən çağırışlar yaradır. Şübhəsiz ki, biz bunları nəzərdə keçirməliyik. O cümlədən vacib məsələlərdən biri də inflyasiya səviyyəsinin tam nəzərə alınmasıdır və onun dövlət büdcə hesablamalarında əks etdirilməsidir.

Möhtərəm cənab Prezident, bildiyiniz kimi, büdcə qaydasına uyğun olaraq, növbəti ilin icmal büdcə xərcləri əvvəlki ilin xalis maliyyə aktivləri əsasında formalaşır. Eyni zamanda, burada digər vacib göstəricilərdən biri də ondan ibarətdir ki, növbəti ilin icmal büdcəsinin yuxarı xərcləri əvvəlki ilin icmal büdcəsinin yuxarı xərclərinin 103 faizindən yuxarı olmamalıdır. Hazırda təklif olunur ki, həmin göstəriciyə biz inflyasiya prizması baxımından yanaşaq və beləliklə, inflyasiya meyilləri nəzərə alınmalıdır, yəni, real artımdan söhbət gedə bilər.

Prezident İlham Əliyev: Bəli, düzdür.

Maliyyə naziri Samir Şərifov: Bununla əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il üçün və sonrakı üç il üçün hazırlanmış sosial-iqtisadi proqnoz, makro-iqtisadi proqnoz nəzərə alınmış, həmin proqnoza görə növbəti ildə 4,6 faiz inflyasiya səviyyəsi nəzərdə tutulub. Bu proqnoz nəzərə alınmaqla biz icmal büdcənin yuxarı həddinə yenidən baxmışıq və artıq müəyyən hədəf nəzərdə tutulur.

Prezident İlham Əliyev: Əvvəlki illərdə verilmiş proqnoz ondan sonra özünü nə dərəcədə doğruldur? Yəni, bunun təhlilini aparan bir qurum varmı? Yəni, sizin verdiyiniz proqnozlar özünü doğruldur, yoxsa yox?

İqtisadiyyat naziri Şahin Mustafayev: Bəli, cənab Prezident, əsasən doğruldur.

Prezident İlham Əliyev: Əsasən neçə faiz özünü doğruldur? Siz gərək bunu dəqiq biləsiniz və kimsə bunun uçotunu aparmalıdır. Çünki hər il sizin verdiyiniz proqnozlar əsasında biz öz planlarımızı qururuq. Amma sonra həmin ilin yekunları müzakirə olunarkən verdiyiniz proqnoz kənarda qalır. Ona görə biz bilməliyik proqnoz nə qədər dəqiqliklə verilir ki, biz də ona uyğun olaraq öz planlarımızı quraq.

Nazir Şahin Mustafayev: Beynəlxalq praktikaya uyğun olaraq fərqlənir, yəni, proqnozların tam dəqiqliyi təbii ki, təmin olunmur, müxtəlif təsirlər sonradan nəzərə alınır və hər üç aydan bir proqnozlar dəqiqləşdirilməlidir. Misal üçün, bu dəfə deyə bilərəm ki, Maliyyə Nazirliyi yeni büdcə tərtib edərkən biz proqnoza yenidən düzəliş etmişik və bu gün artıq gələn il üçün proqnoz 3 faizdir.

Prezident İlham Əliyev: Artım?

Nazir Şahin Mustafayev: Bəli, 3 faiz görürük. Qeyri-neft sektoru üzrə 3,8 faiz proqnozlaşdırmışıq və bu, artıq Maliyyə Nazirliyinin investisiya ilə əlaqədar etdiyi düzəlişlərlə birbaşa bağlıdır. Yəni, proqnoza müxtəlif amillər təsir edir.

Prezident İlham Əliyev: Əlbəttə, investisiya proqramı da burada önəmli rol oynayır.

Nazir Şahin Mustafayev: Bəli, bu, birbaşa təsir edən amillərdən biridir və digər amillər də var. Biz üç aydan bir düzəliş veririk.

Prezident İlham Əliyev: Amma biz çalışmalıyıq ki, iqtisadi artımımız dövlət xətti ilə aparılan xərclərə bağlı olmasın. Çünki bizim əsas iqtisadi artımımızın mənbəyi dövlət investisiya xərcləridir və açığını desək, qeyri-neft sektoruna xarici sərmayə az qoyulur. İndi rəqəmlər də bunu göstərir ki, bu il də qoyulan investisiyaların yarısı xarici investisiyalardır. Amma onların qoyulduğu sahə qeyri-neft sektoru deyil, neft-qaz əməliyyatlarıdır. Ona görə bizim əsas vəzifəmiz iqtisadi artımımızı birbaşa qeyri-neft sektorunun inkişafı ilə bağlamaqdır. İndi biz 1,4 milyard manat güzəştli şərtlərlə kreditlər vermişik. Kimsə hesablayıb ki, bu kreditlər ümumi daxili məhsula, qeyri-neft sektoruna aid olan hissəyə nə qədər təsir göstərir?

Nazir Şahin Mustafayev: Təbii ki, cənab Prezident, bütün hesablamalar aparılır.

Prezident İlham Əliyev: Onda nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil? Güzəştlər veririk, subsidiyalar veririk, texnika alırıq, infrastruktur layihələri həyata keçiririk, dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədədir. Bütün bu amillər özlüyündə iqtisadi artımı daha da böyük rəqəmlərə gətirib çıxarmalıdır. Amma biz bunu görmürük.

Nazir Şahin Mustafayev: Cənab Prezident, doğru olaraq qeyd edirsiniz ki, son 3 il ərzində qeyri-neft sektorunda artım ürəkaçan deyil. Bunun əsas səbəbləri kimi mən maliyyələşmə ilə bağlı problemləri qeyd edərdim. Çünki Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130 milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə tutulub və icra olunacaq. Amma 130, ya 170 milyon manat sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət qədər vəsait deyil, çünki bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir.

Prezident İlham Əliyev: Düz deyirsiniz, bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı.

Nazir Samir Şərifov: Cənab Prezident, bu inflyasiyanın bizim büdcə qaydasında nəzərə alınması üçün Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununda müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub. Yəni, dəyişiklik ondan ibarətdir ki, inflyasiya nəzərə alınmalıdır.

Prezident İlham Əliyev: Bunu gərək əvvəlcədən edərdiniz.

Nazir Samir Şərifov: Birinci ildir cənab Prezident. Ola bilsin, lazım idi ki, biz bunların hamısını sınayaq. Biz prinsipcə onun üzərində çalışırıq.

Prezident İlham Əliyev: Belə olan halda artım daha da böyük olacaq. Neçə faiz?

Nazir Samir Şərifov: Belə olan halda, cənab Prezident, bizdə 28,1 milyard manat məbləğində icmal büdcənin yuxarı xərcləri formalaşmışdır. Dövlət büdcəsinin xərcləri müvafiq olaraq 25,6 milyard manatdır.

Prezident İlham Əliyev: Yəni, bu ilin büdcəsindən neçə faiz artıb?

Nazir Samir Şərifov: İndi biz artırandan sonra artıq icmal büdcənin xərcləri 29,5 milyarda çatır. Bizdə 1,3 milyard əlavə xərclər yaranır. Həmin xərclər də nəzərdə tutulur ki, əsasən dövlət əsaslı vəsait qoyuluşuna yönəldilsin.

Maliyyə naziri Samir Şərifov bildiribi ki, cari ildə dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən bir çox sahələri əhatə edən sosial islahatlar həyata keçirilib və bu tədbirlər dövlət büdcəsi hesabına maliyyələşdirilib.

Nəticədə büdcədə müəyyən struktur dəyişikləri baş verib və büdcənin cari xərcləri, yəni, sosialyönümlü xərcləri 3,7 milyard manat artıb, investisiya dövlət əsaslı vəsait qoyuluşu xərcləri isə azalıb. İnvestisiya xərclərinin ümumi daxili məhsulun iqtisadi artımına müsbət təsiri, eyni zamanda, ölkədə iqtisadi fəallığın təmin edilməsində əhəmiyyəti nəzərə alınaraq onu əvvəlki səviyyələrə çatdırmaq üçün tədbirlər görülür.

Maliyyə naziri onu da vurğulayıb ki, görülən tədbirlər nəticəsində əlavə 1,3 milyard manat vəsait yaradılıb, bu isə 7,7 faiz artım deməkdir. Neft gəlirlərinin hesabına maliyyələşən xərclərin ildən-ilə azaldılmasını təklif edən Samir Şərifov əlavə gəlirlər və əvvəlki illərdə toplanmamış vəsaitlər hesabına artan dövlət büdcəsinin maliyyələşdirilməsinin təmin olunacağını vurğuladı. Prezidentin sosial sahə ilə bağlı tapşırıqlarının dövlət büdcəsi layihəsində öz əksini tapdığını deyən Maliyyə naziri ölkədə iqtisadi sabitliyin təmin edilməsi üçün Mərkəzi Bankla çox sıx tədbirlərin əlaqələndirilməsinin əhəmiyyətini vurğuladı.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirlərinin optimallaşdırılması istiqamətində görülən işlərdən danışıb. Nazir Fondun büdcəsinin 4 milyard 825 milyon manat məbləğində proqnozlaşdırıldığını, bunun cari ilə nisbətən 16,9 faiz çox olduğunu dedi, 697 milyon manat əlavə vəsaitin məhz əhalinin ödənişlərinə yönəldiləcəyini vurğuladı. Ümumi sosial sığorta yığımlarında 22,5 faiz artımın olduğunu bildirən nazir Fondun gəlirlərində qeyri-büdcə təşkilatlarının payının artdığını vurğulayıb.

Transfertin məbləğinin cari illə müqayisədə 81 milyon manat artacağını qeyd edən Sahil Babayev deyib:

- Transfertin məbləği 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 39 faizini təşkil edirdisə, artıq 2018-ci ildə bu, 35,6 faizə düşüb, 2019-cu ildə 32,8 faizə, 2020-ci ildə isə 29,6 faizə düşəcək ki, bu da iki il ərzində 8 faizlik azalma deməkdir. Bu da Dövlət Sosial Müdafiə Fondunun dayanıqlılığı, onun maliyyə müstəqilliyinin təmin edilməsi baxımından çox önəmli amildir. Əhaliyə ödənişlər 4 milyard 684 milyon manat məbləğində olacaqdır. Yəni, ümumi gəlirlərin 97,1 faizi məbləğində və bunlardan da əmək pensiyalarının ödənişi 4 milyard 570 milyon manat məbləğində olacaqdır. Ümumi artımın 16,6 faiz olacağı gözlənilir. 651 milyon 700 min manat məbləğində artım gözlənilir. Bu 651 milyon 700 min manatın 475 milyon manatı məhz Sizin təşəbbüsünüzlə həyata keçirilən əməkhaqqı artımları nəticəsində ölkədə orta əməkhaqqının artmasının nəticəsi olacaqdır. Beləliklə, indeksasiya nəticəsində gələn ildən etibarən ölkədə əmək pensiyaları bir daha artırılacaqdır və bu artımın nəticəsi olaraq əlavə 475 milyon manat vəsaitin vətəndaşlarımıza ödənilməsi planlaşdırılır. Eyni zamanda, 114 milyon manat məcburi sosial sığorta haqları hesabına verilən müavinətlər qismində vətəndaşlarımıza ödəniləcəkdir.

Nazir bildirib ki, dövlət büdcəsinin öhdəlikləri bu il də balanslaşdırılmış büdcə modeli üzərində qurulduğundan transfertin həcmi ciddi şəkildə azalıb. Ötən il əhaliyə ödənişlər 1,1 milyard manat artdığı təqdirdə, transfertə cəmi 89 milyon manat ayrılıb. Bu da onu göstərir ki, 1 milyard manatdan artıq vəsait məhz Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması hesabına qarşılanıb və büdcə üçün əlavə bir yük yaratmayıb. Nazir qeyd etdi ki, hazırlanan proqnozlar əsasında gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artımına və orta aylıq pensiya məbləğinin 293 manata çatdırılması planlaşdırılır. Aparılan optimallaşma, eyni zamanda, əsassız əldə edilən pensiyaların ləğvi nəticəsində artıq cari ilin 9 ayı ərzində 99 milyon manata qənaət edilib ki, növbəti dövrlər ərzində də bu məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımı təmin ediləcək.

Sahil Babayev minimum əmək pensiyasının 200 manata çatdırıldığını, bununla da ölkəmizin MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə birinci yerdə olduğunu bildirdi. Qeyd etdi ki, orta aylıq pensiya alıcılıq qabiliyyətində də ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər.

Dövlət Sosial Müdafiə Fondunun xərclərinin strukturunun optimallaşdırılması üzrə görülən işlərdən danışan nazir dedi ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri çərçivəsində növbəti ildə 128,2 milyon manatlıq büdcə formalaşdırılıb. Burada artım 30 faizdən çoxdur. Bu məbləğin 111 milyon 900 min manatı məhz işsizlikdən sığorta haqlarının yığımlarına yönəldiləcək. Qeyri-büdcə təşkilatlarının sayı artıq 68 faizə çatıb ki, büdcə təşkilatlarından toplanan payın ümumi gəlirlərdəki payı daha da aşağı düşüb. Eyni zamanda, cari ildən gözlənilən 16 milyon manatlıq qalıq vəsait növbəti ildə xüsusilə özünüməşğulluq proqramının maliyyələşdirilməsinə yönəldiləcək.

Çıxışını davam etdirən Sahil Babayev dedi: Xərclərimiz 128 milyon 200 min manat məbləğində nəzərdə tutulur və bunun ana xəttini Sizin tapşırığınıza müvafiq olaraq İşsizlikdən Sığorta Fondu hesabına maliyyələşdirilən özünüməşğulluq layihəsi təşkil edir, 63 milyon manat vəsait məhz özünüməşğulluq layihəsinə yönəldiləcəkdir. Gələn il ərzində sırf İşsizlikdən Sığorta Fondu hesabına 11 min ailənin özünüməşğulluq layihələrində iştirakının maliyyələşdirilməsi planlaşdırılır.

Prezident İlham Əliyev: Dünya Bankı da bu layihəyə qoşulur. Onların da vəsaitini nəzərə alsaq bu rəqəm daha da artacaqdır.

Nazir Sahil Babayev: Bəli, cənab Prezident, Sizin tapşırığınızla Dünya Bankı ilə danışıqlar yekun mərhələdədir. Bu ilin sonunadək hökumətə kredit sazişi layihəsi təqdim olunacaq. Növbəti ildə Dünya Bankının şurasında onun təsdiqi nəzərdə tutulur. Dünya Bankının prosedurlarını nəzərə alsaq, real aktivlərin alınması mərhələsinə biz ilin sonunda çatacağıq. Ona görə də növbəti il Dünya Bankının payını 1000-2000 ailə olaraq qiymətləndiririk. Amma ondan sonrakı illər ərzində sabit olaraq 5 min ailə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Eyni zamanda, bu xərclərin strukturunda məşğulluq layihələri üzrə müxtəlif aktiv məşğulluq tədbirlərinin təşkili nəzərdə tutulmuşdur. Cari ildə planımız yüz min nəfərin işə düzəldilməsi idisə, gələn il üçün bu rəqəm 130 minə çatdırılacaq. Haqqı ödənilən ictimai işlər proqramının davam etdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, iri dövlət şirkətlərində yaradılan müvəqqəti ictimai işlər proqramı da davam etdiriləcək. Dünya Bankı ilə yanaşı, BMT İnkişaf Proqramı ilə də özünüməşğulluq proqramı çərçivəsində işlərin davam etdirilməsi nəzərdə tutulur və əlavə 500 nəfər BMT İnkişaf Proqramının xətti ilə maliyyələşdiriləcək.

Prezident İlham Əliyev: BMT İnkişaf Proqramının maliyyə təminatını biz öz üzərimizə götürmüşük, elədirmi?

Nazir Sahil Babayev: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Sadəcə, onlar məsləhətçi qismində çıxış edirlər.

Nazir Sahil Babayev: Bəli, layihənin icrasına nəzarəti təmin edirlər. Bizim üçün də çox gözəl təcrübədir ki, ən müsbət beynəlxalq təcrübəni gətirərək bu layihəni müxtəlif rayonlarda icra edirlər. Biz də onların müsbət təcrübəsini digər rayonlarda özümüz tətbiq edirik.

Peşə hazırlığı üzrə gələn ilin proqnozu 5 min nəfəri əhatə edəcək. Bizim mövcud peşə mərkəzlərimizdən əlavə iki peşə mərkəzinin tikintisi də buraya daxildir. Orta məktəblərin son siniflərinin şagirdləri üçün peşəyönümü məsləhətləri proqramlarının genişləndirilməsi və 150 min şagirdi əhatə etməsi nəzərdə tutulmuşdur.

Ümumilikdə, İşsizlikdən Sığorta Fondunun və Dövlət Sosial Müdafiə Fondunun xərcləri çərçivəsində DOST mərkəzləri şəbəkəsinin maliyyələşdirilməsi də nəzərdə tutulmuşdur. Cari ildə əlavə iki mərkəzin açılması və növbəti ildə əlavə yeddi mərkəzin fəaliyyətə başlaması, həmçinin onların saxlanma xərcləri də məhz Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına qarşılanacaq. Bu da imkan verəcək ki, dövlət büdcəsinə əlavə yük yaratmadan ümumilikdə idarəetmə xərclərinin optimallaşmasına nail olaq.


Oxşar xəbərlər
23:10, Bu gün
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
23:07, Bu gün
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
GÜNLÜK
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt