Son günlər bir sıra media orqanlarında Biləsuvar rayonunun Dərvişli kəndində İzətulla adlı mollanın Elşən Eyvazov tərəfindən döyülməsi ilə bağlı informasiya yayılıb.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən DİN-nin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bu hadisənin üç il öncə baş verdiyini, nədənsə indi mediada yer alan məlumatlarda hadisənin mahiyyətinin və baş vermə səbəblərinin təhrif olunmnuş formada ictimaiyyətə çatdırıldığını, kimlərinsə ucuz sensassiya dalınca qaçaraq mövzu ətrafında yersiz ajiotaj yaratmaq istədiklərini qeyd edib:
"Hadisə üç il əvvəl - 2016-cı il may ayının 27-də baş verib. Həmin vaxt qardaşı DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə zəng edərək İzətulla Məmmədovun döyülərək xəsarət aldığını bildirib. Daha sonra İ.Məmmədov da döyülmə ilə əlaqədar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına və Polis Şöbəsinə müraciət edib. Şöbədə aparılan araşdırmalarla onun həmkəndlisi Elşən Eyvazov tərəfindən şəxsi münasibətlər zəminində döyüldüyü məlum olub. Məhkəmə-tibbi ekspertizası İ.Məmmədova yetirilən xəsarətin sağalamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət olması barədə rəy verib. Araşdırmanın sonunda E.Eyvazovun İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi müəyyən edilib. Həmçinin İ.Məmmədov RPŞ-yə təkrar ərizə verərək E.Eyvazov ilə barışdığını, hər hansı şikayət və tələbinin olmadılğını bildirib. Ona görə də mövcud qanunvericiliyə uyğun olaraq sözügedən inzibati xəta üzrə icraata xitam verilib. Məsələnin də məğzi məhz bundan ibarətdir”.
Seymur ƏLİYEV