“O dövrün ədəbiyyatı eyni zamanda publisistika ilə bağlıdır”
2018-ci ildə “Cümhuriyyət ili” çərçivəsində Cümhuriyyət dönəminin tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) daxili və xarici siyasəti, müstəqilliyin tanıdılması üçün atılan addımlar, erməni təxribatlarına qarşı həyata keçirilən mübarizə və s. ilə bağlı çoxlu sayda araşdırma və tədqiqatların həyata keçirildiyi, kitab və məqalələrin ərsəyə gətirildiyi məlumdur. Bəs Cümhuriyyət dövrünün ədəbiyyatı necə, yetərincə araşdırılıbmı? Bu ədəbiyyatın hərtərəfli şəkildə araşdırılmasını zəruri edən hansı məqamlar var?
Moderator.az olaraq bu və bu kimi suallara cavab almaq üçün millət vəkili, professor Nizami Cəfərova müraciət etdik.
-Nizami müəllim, AXC ədəbiyyatı mütəxəssislər tərəfindən yetərincə tədqiq edilibmi?
-Cümhuriyyət dövrünü ədəbiyyatı pis araşdırılmayıb. Yaxşı araşdırılıb. Lakin təbii ki, bu araşdırmaları davam etdirməyə ehtiyac var. Cümhuriyyət dövrü iki il çəkib. Lakin Cümhuriyyət dövrünə qədərki, habelə ondan sonrakı ədəbiyyatın taleyi də araşdırılır. Bu da Cümhuriyyət dövrünə aiddir. Bundan sonra Azərbaycan ədəbiyyatının müasir dörü başlayır. Müasir dövrdə Cümhuriyyət ədəbi təfəkkür ənənələri necə davam edir, sovet ideologiyası ilə münasibətdə hansı münaqişələr, hansı problemlər var, məsələni bir də bu baxımdan araşdırmağa ehtiyac var.
-Sizcə bu araşdırmalarda hansı amil, hansı prinsiplər əsas tutulmalıdır? Cümhuriyət ədəbiyyatının hansı rakurslardan təhlilini vacib hesab edirsiniz?
-Əsas məsələ iki illik Cümhuriyyət dövründə mövcud olan ədəbi təsərrüfatı bütün zənginliyi ilə təqdim etməkdir. Bu, çox mühüm məsələdir. Həmin ədəbiyyatın siyasətə münasibəti də araşdırılması gərəkən məsələlərdəndir. Hansı ki, bu siyasətin özündə də çox müxtəlifliklər mövcud idi.
Parlamantdə dövrün ən gözəl yazıçı və şairlərindən biri – Hacı Kərim Sanılı da əyləşmişdi. O, parlamentin üzvü idi. Eyni zamanda parlamentdəki münaqişələr haqqında, məsələn müsavatçılarla sosial-demokratlar arasındakı münasibəti, Məmməd Əmin Rəsulzadə ilə Səmədağa Ağamalı oğlunun şəxsində deyişmələr kimi təqdim etmişdi. O dövrün siaysi baxımdan təhlili bəlkə də çətin olardı. Lakin bu məsələlər Hacı Kərim Sanılının bu deyişmələrində öz əksini ustalıqla tapıb. Sözügedən məsələlərin mahiyyəti bu deyişmələrdə tam açılır. Ədəbiyyatın bu xüsusiyyəti də olub.
-Yəni demək olarmı ki, əslində Cümhuiyyətin təhlilinə elə Cümhuriyət dövrünün ədəbiyyatından başlanılıb?
-Bəli. Ədəbiyyat yalnız Cümhuriyyəti hazırlamayıb. Ədəbiyyat həm də Cümhuriyyəti bu Cümhuriyyətin mövcud olduğu illərdə həm də təhlil edib. Özü də bu təhlil ümumi insani baxımdan olub. Heç bir xüsusi siyasi-ideoloji tendensiyaya əyilmədən bunu edib. Ədəbiyyatı bir də bu mənada tədqiq etmək lazımdır.
Cümhuriyyət dövrünün ədəbiyyatı ilə yanaşı, məsələni həm də Azərbaycan ədəbiyyatı tarixinin Cümhuriyyət dövrü kimi düşünmək, məsələyə bir də bu nöqtədən yanaşmaq lazımdır. Yəni Cümhuriyyət ideologiyası baxımından ədəbiyyata yox, həm də ədəbiyyatın dəyişməz düşüncə texnikası mövqeyindən Cümhuriyyə dövrünə baxmaq lazımdır. Mənə elə gəlir ki, bu ikinci sahədə bizim problemlərimiz var. Bu istiqamətdə araşdırmaları gücləndirmək lazımdır.
-Sizcə bu günə qədər Cümhuriyyət ədəbiyyatının təhlili ilə bağlı atılan addımları qənaətbəxş hesab etmək mümkündürmü?
-Ümumiliyyətlə, Cümhuriyyət dövrü ədəbiyyatı bizdə təhlil olunmağa başlayıb. Müstəqillik illərində, hətta bir qədər ondan da qabaq bu proses başlayıb. Hazırda bu proses davam etməkdədir. Ən əsası isə budur ki, bu sahədə məlum məsələləri təhlil edə biləcək mütəxəssislər formalaşıb. Ağaxan Bayramoğlu, Vaqif Sultanlı, Asif Rüstəmli bu dövrün ədəbiyyatını yaxşı təhlil ediblər.
-Cümhuriyyət dövrünə məxsus ədəbiyyatın daha hansı özünəməxsusluqları mövcud olub?
-Bilirsiniz, nəzərə almaq lazımdır ki, o dövrün ədəbiyyatı eyni zamanda publisistika ilə bağlıdır. Onun publisistik tərəfləri də kifayət qədər güclüdür. O dövrdə yaşayan böyük ədəbi şəxsiyyətlərin, məsələn, Hüseyin Cavidin, Abdulla Şaiqin, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, çoxlu sayda klassiklərimizin yaradıcılığının bu dövrünə maraq da mütəxəssislərimiz tərəfindən artıb. Bu da kifayət qədər böyük nailiyyətdir. Çünki o vaxt həmin dövrün üzərindən bütünlüklə keçilib. Amma son zamanlar bu dövrə maraq artıb. Firudin bəy Köçərlinin həmin dövrdəki düşüncələri, Məhəmməd Hadi ilə bağlı müxtəlif məsələlər maraq dairəsindədir. Biz nəyi ki, bilirdik, bunu sovet dönəmində deyə bilmirdik. Indi o sahə üzrə mütəxəssislərin klassiklərin Cümhuriyət dövründəki yaradıcılığına marağının artması da metodoloji istiqamətdir.
-Sizcə gələcəkdə Cümhuriyyət dövrünün ədəbiyyatı ilə bağlı daha ciddi tədqiqatlara şahid olmaq mümkün olacaqmı?
-Hər halda bu dövr getdikcə daha çox tədqiq olunacaq. Buna heç bir şübhəm yoxdur.
Seymur ƏLİYEV