Uşaqlığımda əmimin zabit furajkasını başıma qoymağı çox sevərdim. Bəlkə də elə o həvəsdən doğan sevgi ilə zabit olub cəbhəyə yollanmışdım. Heç ağlıma gəlməzdi ki, bu sənətə sahib olmaq təkcə savaşmaq, vuruşmaq, düşmənə qan uddurmaq yox, bununla bərabər çiynimdəki ulduzların üzərinə böyük məsuliyyət qoyur. Hansı məsuliyyət? Deyim.
Komandirlik məsuliyyəti. Ata-ananın min bir əziyyətlə böyüdüb, boya-başa çatdırdığı, hərbi xidmətə yola saldığı övladına baxmaq, sahib çıxmaq məsuliyyəti... Xəstələndikdə də yanında olmaq, probremləri, dərd-səri ilə maraqlanmaq, atası-anası yanında olsaydı bunlar başına gələrdimi düşüncəsinə qapılmaq hissləri... Təlim keçən zaman yıxılar, əzilər, sıyrılar, sınar məsuliyyəti... Görəsən, xidmətini başa vurana qədər sağ-salamat evinə göndərə biləcəmmi məsuliyyəti... Mən sizə inandırım ki, heç öz döğma övladlarım qarşısında bu qədər məsuliyyət hiss edə bilmədim. Yaxşı ki, bu haqda anaları məndən çox fikirləşir.
Çox çətindir, inanın mənə. Hələ müharibə başlayıbsa…
Çox savadlı, təcrübəli və ən nəhayət əsgərlərimin sevdiyi komandir olmalıyam. Budur mənim uşaq vaxtı başıma zabit furajkası qoyub, sevinərək dərk etmədiyim zabit olmaq məsuliyyəti. Düşünün. 500 əsgərim var. Və döyüş zamanı biri şəhid olur. Necə baxacam onu sevən ata-ananın, bacı və qardaşın o kinli baxışlarına.
Vicdanım buna yol verə bilməz. Mən bunu edə bilmərəm. Bir zabit kimi nə qədər soyuqqanlı olmağa çalışsam da, vətəni, milləti üçün şəhid oldu desəm də bunu özümə bağışlaya bilmərəm.
Oxumalıyam, öyrənməliyəm, təcrübə qazanmalıyam. Əsgərimin güvən yeri, yenilməz komandiri olmalıyam. Tabeliyimdə olan komandirlərdən də bunu tələb etməliyəm.
Amma şəhid verməməliyəm...
Rəşad Qarayev