Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin Naxçıvanda azad iqtisadi zona yaradacaqları ilə bağlı bəyanat verib.
Naxçıvanda azad iqtisdi zonanın yaradılması Muxtar Respublika, eləcə də ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir? Bu, Naxçıvanın iqtisadi durumunun daha da yaxşılaçmasına təsir göstərə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bunun ölkəmiz üçün mühüm önəm kəsb etdiyini qeyd etdi:
“Naxçıvanda azad iqtisadi zonanın yaradılması çox ciddi məsələdir. Xüsusi iqtisadi zonalar haqqında bir qanun qəbul edilmişdi. Qanun uzun müddət mövcud olsa da, xüsusi iqtisadi zonalar yaradılmamışdı. Cənab prezident təxminən 10 gün bundan öncə bir sərəncam imzaladı. Valeh Ələsgərovun rəhbərliyi ilə xüsusi bir komissiya da yaradıldı ki, xüsusi iqtisadi zonaların yaradılmaası işinə başlanılsın. Bundan öncə Qaradağda, liman ətrafında xüsusi iqtisadi zona yaradılmasına başlanılıb, orada müəyyən işlər gedir.
Azərbaycan coğrafi cəhətdən əhəmiyyətli zonada yerləşdiyi üçün xüsusi iqtisadi zonaların yaradılması olduqca əlverişlidir. Misal üçün, İran və Çin kimi dövlətlərdə bu cür xüsusi iqtisadi zonalar ümumidaxili məhsulun 30-40%-ni verir. Bir vaxt Sumqayıtda da belə bir iqtisadi zona yaratmaq istəsələr də alınmadı. Quba-Xaçmaz, Lənkəran-Astara zonasında bu cür iqtisadi zonaların yaradılması əhəmiyyətlidir. Naxçıvan üçün bu, ikiqat əhəmiyyətidir. Çünki Naxçıvanın ölkəmizlə dəmir yolu və avtomobil yolu ilə birbaşa əlaqəsi yoxdur. Yalnız hava yolu vasitəsi ilə əlaqəmiz var. Bu, həm Naxçıvanda yeni iş yerlərinin açılmasına, həm iqtisadiyyatın canlanmasına, həm də Naxçıvan-Türkiyə münasibətlərinə müsbət təsir göstərəcək. Bu, onu göstərir ki, Türkiyənin Azərbaycana diqqəti böyükdür. Bu, Azərbaycana əlavə gəlirlərin gətirilməsini də təmin edəcək.
Türkiyəli nazir bəyanatında onu da vurğulayıb ki, Naxçıvanda aparılacaq ticarət Türkiyənin digər şəhərlərində aparılacaq ticarətdən heç nə ilə fərqlənməyəcək. Bu isə o deməkdir ki, gömrük, vergi və s. güzəştləri tətbiq olunacaq. Ümumiyyətlə, azad iqtisadi zonaların ən böyük üstünlüklərindən biri də bu kimi məsələlərdə böyük güzəştlərin tətbiqidir”.
Seymur Əliyev