Bəli, nə qədər qəribə olsa da ölkəmizdə hansısa qanunsuzluğa, harınlıq və özbaşınalığa, rüşvət və mənimsəməyə yol verən məmur deyil, bu məmurun saxtakarlığını ictimaiyyiləşdirən, bunu əlaqədar dövlət qurumlarının diqqətinə çatdıran media əməkdaşları hədəfə çevrilir. Başqa sözlə desək, bu ölkədə hansısa qanunsuzluğu edənin yox, deyənin cəzalandırılması prosesi həyata keçirilir ki, bu da bütün məntiq və anlayışların üzərindədir.
Haqqı dediyi üçün müxtəlif ittihamlarla həbs edilən, məhkəmə çəkişmələrinə cəlb edilən, böyük miqdarda təzminatların ödənilməsi məcburiyyəti ilə üz-üzə qoyulan, mənəvi-psixoloji təzyiqə məruz qalan jurnalistlər digər media əməkdaşları üçün də qorux mənbəyinə çevrilməkdədir. Belə ki, məşhur əsəldə deyildiyi kimi, “gözü çıxmış qardaşdan” dərs alan bir çox media əməkdaşı eyni problemlə üzləşməmək üçün bəzi həqiqətləri görməzdən gəlməyə, problemləri yalnız ümumi konteksdən dəyərləndirməyə məcbur olur. Bu isə heç şübhəsiz jurnalistika peşəsinin fəlsəfəsinə, onun dəyərlərinə xəyanət etmək deməkdir.
Bir sözlə, bu gün ölkə jrunalistləri ikiqat mühasitrə altında fəaliyyət göstərmək məcburiyyətindədir. Bu, fiziki-mənəvi, ruhi-psixoloji faktorları özündə birləşdirən, daim yeni qurbanlar və itkilər tələb edən çox dəhşətli, fəqət gözəgörünməyən mühasirədir. Və nə qədər ki, mediaya qarşı bu basqılar dayanmayıb, nə qədər ki, jurnalistlər dedikləri sözə, ifadə etdikləri fikrə görə ağır cəzalara məhkum edilir, bu mühasirənin yarılması mümkün deyil.
Pərviz Əliyev