Sazla sözün vəhdəti...
Ədəbiyyat
Oxunub: 3195
28 May 2016 | 11:05
Sazla sözün vəhdəti...
AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü, prezident təqaüdçüsü, Cəmilə Çiçəyin (İsbəndiyarova) qələmə aldığı “Sazla sözün vəhdəti” yazısını təqdim edirik:


Azərbaycan şifahi xalq ədəbiyyatının uzun illər boyu özünəməxsus funksiyasını  qoruyub saxlayan aparıcı janrlarından biri də dastanlardır. Bu janrın ən gözəl nümunələri şifahi şəkildə maraqlı, duzlu-məzəli, qeyri-adi hadisələrlə zəngin əhvalatlar əsasında ustad aşıqlar tərəfindən yaradılaraq məclislərdə danışılır, dinləyicilərin ruhunu oxşayıb, onlara zövq verir; həyəcanlandırır, sevindirir, kədərləndirir, düşündürür, güldürür, hətta bəzən ağladır. Qeyd edək ki, “Azərbaycan aşıq ədəbiyyatının janr çevrəsinə daxil olan müstəqil bədii fenomen kimi dastan, terminoloji işarəsindən asılı olmayaraq, əski türk xalq ədəbiyyatına bağlanır və ondan qaynaqlanır”1.
Dastan üçün ən xarakterik cəhətlərdən biri bu janrda şeirlə nəsrin  növbələşməsidir. Yəni dastan süjet xətti boyunca mövzudan kənara çıxmadan şeirlə nəsrin növbələşməsi əsasında qurulur. Həm də burada təhkiyənin son dərəcə emosional, təsirli və bədii olması əsas şərtlərdən biridir. Çünki aşığın danışdığı əhvalatlar hisslərə güclü təsir eləyib dinləyicini ağuşuna ala bilməsə, yorucu və cansıxıcı olar, heç kəs onu dinləmək istəməz. Bunlardan əlavə, dastanın dil məsələsi də vacib amillərdəndir. İlk növbədə dilin şirinliyi və yüyrəkliyi gözlənilməlidir. El arasında “aşıq dili yüyrək olar” deyiminin yaranması da məhz bu qaynaqdan bəhrələnir. Burada ustad aşıqdan istedad və məharət tələb olunur ki, hadisələri son dərəcə çevikliklə əlaqələndirə, mətləbdən-mətləbə incəliklə adlayaraq auditoriyanın diqqətini bir an belə özündən yayındırmaya bilsin. Söz və ifadələrin zərgər dəqiqliyi ilə seçilməsi, zərif, mədəni ironiyalılıq, canlı xalq danışıq dilinin, ədəbi dilin və bədii dilin elementlərindən ən münasib şəkildə sintez halında istifadə etmək başlıca şərtlərdəndir.
Dastanda öncə bir-birinin ardınca ustad üç ustadnamə söyləyir və nəhayət, mətləbə keçir. Bu ustadnamələrin özündə də mətləbə işarənin olması vacibdir. Belə ki, söhbətin nədən gedəcəyini, hansı xarakterli hadisələrdən söz açılacağını, dastanda insanların hansı müsbət cəhətlərinin təbliğ, hansı mənfi cəhətlərinin tənqid ediləcəyini ustad aşıq söylədiyi ustadnamələrdə incə nüanslarla auditoriyaya hiss etdirir. Bununla da dinləyicilərini, necə deyərlər, başlayacağı dastanın mövzusuna uyğun, bir növ, kökləmiş olur ki, onların diqqəti sonacan bu kökdən çıxıb, başqa səmtə yayına bilməsin. Hətta “ustad sözündən ibarət ustadnamələr dastanın mövzusu ilə bağlı olmasa da, onun ruhundan dastanın necə bitəcəyini təxmin etmək olur”  .
Bayat F. “Folklor dərsləri”, Elm və təhsil, Bakı,  2012, səh.302 

Dilimizin olduqca zəngin, geniş imkanlarından bəhrələnərək atmacalardan, atalar sözü və məsəllərdən, incə yumorlu deyimlərdən, ikibaşlı söz, ifadə və cümlələrdən yerli-yerində istifadə eləmək bacarığı da aşığın bu məqsədə müvəffəq ola bilməsinə xidmət edir.
Dastan yaradıcılığında və ifaçılığında aşıqdan qeyri-adi hafizə, enerji və hövsələ tələb olunur. Aşıqlığın, əsasən də dastan yaradıcılığının, ifaçılığının məsuliyyəti, tələbləri daha çoxdur. Tutaq ki, şair daha poetik, daha dərin məzmunlu şeirlər yazır və daha böyük fikirlər, ideyalar ifadə edir, poetik kəşflər ortaya qoyur. Yaxud dramaturq böyük-böyük dram əsərləri yaradır və səhnədən tamaşaçıya həyatın bir parçasını daha canlı şəkildə göstərə bilir. Ya da ki, yazıçı irihəcmli romanlarıyla ən incə həyat detalları ilə zəngin dolğun obrazlar canlandırır. Lakin nə şairdən, nə dramaturqdan, nə də nasirdən yazıb-yaratdıqlarını yaddaşında, hafizəsində saxlamaq tələb olunur. Aşığınsa məsuliyyəti bu mənada son dərəcə böyükdür. O həm yazdığı şeirlərin, yaratdığı dastanların hamısını hafizəsində saxlamağa, həm də digər ustad aşıqların, klassik sənətkarların yaratdıqları şeir və dastanların əksəriyyətini daim yadda saxlamağa və məclislərdə təkrar-təkrar oxumağa, danışmağa məcburdur. Əks halda aşıq xalq arasında, sənət meydanında, ağsaqqal-qarasaqqal yanında öz nüfuzunu qoruyub saxlaya bilməz.
Bütün bu qeyd etdiyimiz cəhətlər yaradıcılığının əsas məhsuldar dövrü XX əsrin ortalarına və ikinci yarısına təsadüf edən ustad Aşıq Şəmşirin yaratdığı dastanlarda da özünü göstərir. Yeri gəlmişkən qeyd edək ki, atası Ağdabanlı Qurban Məşədi Məmmədalı oğlu dövrünün kamil el şairlərindən biri olmuşdur. Şair Qurbanın atası Şəmşəddin elindən köçüb Gədəbəy rayonunun Böyük Qarabulaq kəndinə, sonra isə Cavanşir qəzasının Dəmirçidam kəndinə gəlib, orada yaşayıb. Şair Qurban Güneypəyə kəndindən olan Səlmi aldı bir qıza aşiq olaraq, onunla evlənib və bu evlilikdən Şəmşir Qurban oğlu Qocayev 1893-cü il mart ayının 16-da Kəlbəcər rayonunun Dəmirçidam kəndində dünyaya göz açıb. Onun doğum gününün bəzi mənbələrdə yanlış olaraq martın 14-ü və ya 15-nə təsadüf etdiyi göstərilsə də, aşığın doğum gününün, əslində, mart ayının 16-sı olduğunu aydınlaşdırmışıq .
“Azərbaycan dastanları”, V cild,  Bakı, “Çıraq”, 2005, s.209.

Aşıq Şəmşir 1907-1908-ci illərdən şeir yazmağa, saz çalmağa başlayaraq sənətin ilk sirlərini də atası şair Qurbandan öyrənmişdi. Şair Qurban oğlunun qeyri-adi istedada malik olduğunu görüb ona hansı ustadlardan nəyi və necə öyrənməyin yollarını göstərmişdi. Söz var, deyirlər, ustad oğlundan şəyird olmaz, bu mənada şair Qurbanın ocağına yığışan, onun evinə gələn və sazımızın, sözümüzün beşiyi başında duran Dədə Ələsgər kimi sənətkarlar Aşıq Şəmşirin sonrakı həyatı üçün təkan rolunu oynadılar. Şəmşir öz xatirələrində dönə-dönə vurğulayır ki, Aşıq Ələsgərlə Qurban ocağının xüsusi yaxınlığı, dostluq əlaqələri olub. Onların saz-söz məclislərində boya-başa çatıb, sonralar özü də ustad kimi yetişib, ulu sənətin incə məqamlarını, sirlərini sinəsinə yığıb, Göyçə”“Kəlbəcər mühitinin deyim, ifaçılıq keyfiyyətlərini mənimsəyib. 1915-ci ildən etibarən müstəqil aşıqlıq eləməyə, məclislər yola salmağa başlayıb. Məclisdən-məclisə, toydan-toya püxtələşib, gənclik çağlarında isə öz elində-obasında tanınıb, sevilib. Bu zamandan o, artıq klassik dastanlarımızın, eləcə də yeni yaranıb formalaşmaqda olan müasir dastanların çoxunu bilir, məclislərdə, el-oba yığnaqlarında danışaraq, dinləyicilərin rəğbətini, sevgisini qazanır .
Məmmədli İ., “Kəlbəcərin söz sərvəti”, Bakı, “Sabah”, 2005, s. 29.

1957-ci ildə yazıçıların plenumu Aşıq Şəmşiri yekdilliklə Azərbaycan Yazıçılar İttifaqına üzvlüyə qəbul etdi. Elə həmin il Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ona “Əməkdar incəsənət xadimi” fəxri adı verildi.


Bundan başqa, ustad aşıq anadan olmasının 80 illiyi ilə əlaqədar 14 mart 1973-cü ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. 1978-ci ildə isə 85 illik yubileyinin keçirilməsi barədə qərar verilmiş, Kəlbəcər rayon Mədəniyyət evi onun adı ilə adlandırılmışdı. Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra Aşıq Şəmşir sənətinin layiqli qiyməti yenidən verilmişdir. Lakin 1993-cü ildə Kəlbəcərin işğalı Aşıq Şəmşirin 100 illik yubileyini qeyd etməyə imkan vermədi.  2002-ci ilin iyun ayında verilmiş sərəncama əsasən onun anadan olmasının 110 illiyi ilə əlaqədar 2003-cü ildə respublikamızın bir çox bölgəsində aşığın yubiley mərasimləri qeyd olunmuş, Göygöl şəhərindəki musiqi məktəbinə onun adı verilmiş, parkda isə büstü qoyulmuşdur. 2004-cü ildə isə Bakıda ”“ Heydər Əliyev Sarayında yubiley rəsmi səviyyədə yekunlaşdırıldı. 2007-ci ildə ölkə Prezidenti İlham Əliyev Aşıq Şəmşirin 115 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı və tədbir 2008-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrında təntənəli şəkildə qeyd olundu. 
Aşıq Şəmşir aşıq şeirinin müxtəlif  poetik formalarında zəngin nümunələr yaratmışdır. Kəlbəcər ədəbi mühitini gözəl bilən Dədə Şəmşir şifahi və yazılı ədəbiyyatımızın nadir bilicilərindən biri kimi öz fərdi yaradıcılıq məktəbini yaratmışdır. Aşıq Xalıqverdi, Aşıq Allahverdi Qəmkeş, Aşıq Qardaşxan, Aşıq Sakit Köçəri kimi 40-dan çox saz-söz sənətkarının yetişməsində, kamilləşməsində, püxtələşməsində ustadın böyük rolu olmuşdur.
Lakin Aşıq Şəmşirin bütün Azərbaycana və saz-söz aləminə qanad açması, şübhəsiz ki, Səməd Vurğunun Kəlbəcər ziyarəti ilə bağlıdır. Aşıq Şəmşir aşıqların II, III və V qurultaylarının nümayəndəsi olmuşdur. Qənbər müəllim yazır ki, “hələ Səməd Vurğunla görüşməmişdən əvvəl, 1938-ci ildə Azərbaycan aşıqlarının II qurultayında iştirak edən dədəmin səsini eşidən rəhmətlik Bülbül ona demişdi ki, Aşıq Şəmşir, yaxşı səsin var, özümüz də eloğluyuq, gəl Bakıda operada işlə, mənə kömək elə. Lakin dədəm ona “A Bülbül, qadan alım, incimə, mən əlimə qaval götürüb “aman-aman” deyə bilmərəm, mənimki o dağların qoynunda aşıqlıq etməkdi cavabını vermişdi.
Nəhayət, məlum olduğu kimi, 1955-ci ildə dədəm  xalq şairi Səməd Vurğunla görüşdü və onunla möhkəm dost oldu. Böyük şair atamın yaradıcılığını yüksək qiymətləndirərək, şeirlər kitabını nəşr etdirəcəyinə söz verdi.
Çox təəssüf ki, bu arzu Səməd Vurğunun sağlığında gerçəkləşmədi. Amansız ölüm bu böyük insanı sıralarımızdan vaxtsız apardı. 
Böyük şairimiz Səməd Vurğunun tapşırığı və xalq şairi Osman Sarıvəllinin qayğısı ilə 1959-cu ildə Azərbaycan Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşriyyatında aşığın “Şeirlər” kitabı çap olundu. Sonra bədxahların ucbatından onun şeirlərinin və kitablarının nəşri dayandırıldı. Düz 10 il fasilədən sonra “Qoşmalar” kitabı (Azərnəşr, 1971), “Seçilmiş əsərləri” (Azərnəşr, 1973), “Dağ havası” (“Gənclik”, 1978), “Şeirlər” (“Yazıçı”, 1980), “Öyüdlər” (“Ozan”, 1996) və başqa kitabları işıq üzü gördü.
 Bundan əlavə, Aşıq Şəmşirin həyat və yaradıcılığından bəhs edən Osman Sarıvəllinin “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (“Elm”, 1973), Məmməd Aslanın “Saxla izimi, dünya” (“İşıq”, 1989), “Dədə Şəmşir yaradıcılığında” (toplayıb tərtib edəni Qənbər Şəmşiroğlu), “Dədə Şəmşir yaddaşlarda” (xatirələr, toplayıb tərtib edəni Qənbər Şəmşiroğlu “Gənclik”, 2000), “O Kürün, Arazın Tərtəriyəm mən” (toplayıb tərtib edəni Qənbər Şəmşiroğlu, “Orxan”, 2004) və s. kitablar çap olunmuşdur .
Çiçək C., , “Kəlbəcərin saz qalası” (kitab I0), Bakı, Azərnəşr, 2013, s. 11.

1958-ci ilin fevral-mart aylarında gözəl insan, istedadlı musiqişünas Əminə Eldarova dədəmi dəvət edib evində 20 gün qonaq saxladı və konservatoriyanın səsyazma studiyasında onun ifasında 75-80 aşıq havasını lentə köçürdü. Sözsüz ki, bu işlərdə mən birbaşa iştirakçı idim. Çox gözəl yadımdadır ki, dədəm arada 75-ci havanı ”“ “Çoban bayatısı”nı çox məharətlə oxudu. Əminə xanım təxminən belə bir ifadə işlətdi ki, Şəmşir 75 saz havasını oxudu getdi. O, sonralar yazdığı monoqrafiyasının bir bölməsini Aşıq Şəmşirə və onun musiqi yaradıcılığına həsr eləmiş və nəşr etdirib bir nüsxəsini də bizə göndərmişdi” .
Şəmşiroğlu Q., “Axtarıb Şəmşiri görmək istəsən”, Bakı, “Adiloğlu”, 2004, s. 42.

Kəlbəcərə yolu düşən elə bir qələm adamı yox idi ki, Aşıq Şəmşir ocağını ziyarət etməsin. Ustad sənətkarın yaşayıb-yaratdığı Ağdaban kəndi sanki şairlərin, aşıqların ilham qaynağı idi. Aşıq Şəmşir urbanizasiyaya məruz qalmış, az qala cavanların ayda, ildə bir dəfə gəldiyi kəndi indi müqəddəs bir məkana çevirmişdi:

Tanış ol ustadın əsli-soyundan,
Yol çəkilib yeddi dağlı boyundan.
Qurban bulağının içib suyundan 
Bəlkə elə bu dərmana gəlibsən.

Durmuşam əhdimdə düz ilqarınan,
Təmiz vicdanınan, namus-arınan.
Qış günü görüşə sənətkarınan 
Qərq olubsan qar-borana, gəlibsən.

Aşıq Şəmşir, elə bil, onunla görüşə gələnlərə təzə-tər “ilham iksiri” bəxş edirdi. Onun tənəsi, təhnizi əslində ağsaqqal, ustad ərki, qınağı idi. Bu, ildə bir yol belə dədə-baba ocagına ayağı dəyməyən şairlər üçün əsl “soyuq duş” idi.
Aşıq Şəmşirin and yeri üz tutduğu Kəlbəcər torpağıydı. Azərbaycanın “qızıl külçəsi”, gözəlliklər diyarı Kəlbəcər onun ilk və son nəğməsi idi. Səksən yeddi illik ömrünü bu qayalar, dağlar, çiçəklər, bulaqlar, şəlalələr səltənətində keçirən qoca qartalı heç kəs bu torpaqdan qopara bilmədi. Hətta dünyalar qədər sevdiyi istəkli oğlu Qənbər müəllim belə. Şəhərə köçmək istəyən Qənbər müəllim Aşıq Şəmşiri də özüylə aparmaq istəyirdi. Dədə qətiyyətlə bundan imtina edir. Görkəmli şairimiz Məmməd Aslan bu anı çox gözəl təsvir edib. Bu, ocağa, yurda sevginin ən unudulmaz, parlaq nümunəsidir: “Oğlum, məndən əvvəl gərək, odey, Murovun Yeddiqardaş silsiləsinin Çayqovuşanda qanın hər an açılanda gözümüzə görünən o zirvəsini köçürüb, bundan sonra da məni binəlgan olacaq o yerə aparasan. Anan vəsiyyətimi sənə deməyibmi? Güllüyə tapşırmışam: məni orda ”“ “Uşaq qəibristanlığı”nın qonşuluğunda dəfn edərsiniz. Vəsiyyətimi pozsanız, haqqımı sizə halal etmərəm” .
Çiçək C., “Kəlbəcərin saz qalası” ( Kitab I), Bakı, Azərnəşr, 2012, s. 13.

Şair Qurbanın, Dədə Ələsgərin hənirini, nəfəsini yaşadan, aşıq sənətində nəhənglərdən olan Aşıq Şəmşir illər uzunu dağların qoynunda tək-tənha, çiçəklərlə, bulaqlarla pıçıldaşa-pıçıldaşa, ot biçə-biçə bu gözəllik səltənətinə, bu genişliyə meydan oxudu və 1980-ci il fevralın 10-da 87 yaşında sevə-sevə vəsf elədiyi bu dünyaya “əlvida” dedi.
Nizami Cəfərov yazır: “Aşıq Şəmşir haqqında deyilən, yazılan çoxlu fikirlərin içərisində xüsusilə bir məqam diqqət çəkir ki, XIX-XX əsrlərdə yaşayan aşıqlar içərisində Aşıq Ələsgərdən başqa heç kimə “Dədə” deyilməyib. Yalnız Aşıq Şəmşirə Dədə Şəmşir deyiblər. Bu da onun yaradıcılığının həm əxlaqi, həm də mənəvi-mütəfəkkir tərəfləri, yaradıcılığının intellekti ilə bağlı olan məsələdir.
Aşıq sənətində Dədə olmağın əsas şərtlərindən biri əgər böyük sənətkarlıq məharətidirsə, söz demək eşqidirsə, ikinci çox mühüm cəhət mənəvi mükəmməllik və müdriklikdir ki, bu da Aşıq Şəmşirdə vardı. Odur ki, Aşıq Şəmşir bu gün də sevilə-sevilə oxunur, ondan yadigar qalan nə varsa, xalqımızın milli sərvəti kimi nəsildən-nəslə ötürülür” .  
Yenə orada, səh.59

Özündən sonra zəngin irs qoyub getmiş Aşıq Şəmşir yaradıcılığını öyrənmək üçün bəlkə də bir ömür bəs eləməz. Ustad sənətkarın ən böyük xidməti isə ləyaqətlə varislik ənənəsini qoruyub saxlaması, sonrakı nəsillərə ötürməsi oldu. Müasirlərindən  Azərbaycan söz sənətinin azmanları ”“ Süleyman Rəhimov, Əli Vəliyev, Adil Babayev, İskəndər Coşqun, Məmməd Arif, Həmid Araslı, Mirzağa Quluzadə və başqaları Aşıq Şəmşirlə dos-doğma münasibətdə olmuş, onun sənətini yüksək qiymətləndirmişdilər. Osman Sarıvəlli, Mirzə İbrahimov, Məmmədhüseyn Təhmasib, Qulu Xəlilov, Hüseyn Arif, Mürsəl Həkimov və başqaları elmi-publisistik məqalələr yazaraq tam aydın və bitkin təəssürat yaratdılar.  Onun şeirləri iki istiqamətdə ”“ birinci klassik aşıq poeziyası ”“ Qurbani, Aşıq Alı, Aşıq Ələsgər yaradıcılığı istiqamətində, ikinci xalq şeiri uslubunda yazan Vaqif, Vidadi, Səməd Vurğun yaradıcılığı istiqamətindədir.  
Təkcə elə Kəlbəcər ədəbi mühitinə Aşıq Şəmşirin göstərdiyi təsiri yada salsaq, onun şəxsiyyətinin böyüklüyünü, əzəmətini, yaradıcılığının miqyasını təsəvvür etmiş olarıq.

Nəsimi, Firdovsi, Xaqani, Cami, 
Nizami, Füzuli ”“ tanıyır hamı. 
Coşanda, daşanda şair ilhamı 
Sözlərdən qeyri bir nişanə varmı?!

Keçilməz qala olan Kəlbəcərin xəyanət nəticəsində düşmənə təslim edilməsi, 1992-ci il aprelin 8-də Ağdaban faciəsi Dədə Şəmşir ocağına da sağalmaz yaralar vurdu. Kəlbəcərin ilk şəhidi “qaragöz balam” deyə boyunu oxşadığı Çimnaz balası oldu. Ata yurdu Ağdaban odlara qalandı. Aşıq Şəmşirin, şair Qurbanın qızıldan qiymətli, əski əlifba ilə yazılmış, hələ çap olunmamış əlyazmaları yanıb kül oldu. 40 mindən artıq eksponatı olan bu zəngin ev-muzey erməni vəhşiliyinin qurbanı oldu. Bundan başqa, Dədə Şəmşirin yaxın qohumlarından 14 nəfər erməni qaniçənlərin qəfil gülləsinə tuş gəldi.  Aşıq Şəmşirin iki nəvəsi − mayor rütbəsi ilə istefaya çıxmış Vüqar və polis polkovniki Şəhriyar Qarabağ uğrunda gedən qanlı döyüşlərin iştirakçısıdır və hər ikisi Qarabağ müharibəsi veteranıdır. Şəmşir ocağından iki nəfər − Şahlar Əvəz oğlu Şükürov və Sərdar Mədət oğlu Səfərov Milli qəhrəmandırlar.
Ustad aşığın oğlu, görkəmli ziyalı və el ağsaqqalı Qənbər Qurbanovun bildirdiyinə görə, Aşıq Şəmşirin özünün yaratdığı “Şəmşir və Sənubər”, eləcə də “Şəmşir və Ayna”, (1930-1935-ci illər), “Misir və Sənəm” (1940-cı il), “Cəlil və Minayə” (1955-56-cı illər), “Fərhad və Güləndan” (1960-cı il) adlı dastanlar və 1944-cü ildə yazdığı “Polad” adlı dram əsəri olmuşdur. Onu da qeyd edək ki, adları çəkilən əsərlərin yaranma tarixi kimi göstərilən illər dəqiqdir. Növbəti tədqiqatlarda bunlardan etibarlı mənbə kimi istifadə oluna bilər . 
Çiçək C.,“Sən dağlardan ayrılmadın”, (Kitab III), Bakı, Azərnəşr, 2013 s. 314.
 
Dədə Şəmşirin yaratdığı və yazıya alınaraq 1972-ci ildə “Elm” nəşriyyatında çap edilmiş beşcildlik “Azərbaycan dastanları”nın beşinci cildinə daxil edilmiş “Şəmşir və Sənubər” dastanı avtobioqrafik səciyyə daşıyır. Ümumiyyətlə, son dövrlərin dastan ədəbiyyatında, dastan yaradıcılığında əksər hallarda dastanın əsas qəhrəmanı həmin dastanı yaradan ustad aşığın özü və onun sevgilisi olur. Belə dastanlar folklorşünaslıqda müəllifi bəlli olan məhəbbət dastanları adlandırılır. Burada müəllif başına gələn əhvalatlardan, qeyri-adi maraqlı hadisələrdən şirin bir dillə söz açaraq, bir sıra şeirlərinin yaranma tarixçəsindən, deyişmələrindən, sevgisindən, sevgilisindən, onun gözəlliyindən, aşiq və məşuqun başlarına gələn bəlalardan, vüsala gedən yollarda yaşadıqları əzab-əziyyətlərdən, məşəqqətlərdən, ayrılıq iztirablarından, sevgilərinə son dərəcə sadiqliklərindən, sevgilisinin namus, həya, abır və ismətindən, dəyanətindən, mərdanəliyindən və s. danışır. Üzləşdikləri haqsızlıqlara, ədalətsizliklərə necə səbirlə, təmkinlə, daim namuslu, dözümlü və ləyaqətli olmalarıyla qalib gəlməklərindən bəhs eləyib, insanlarda bu cür müsbət keyfiyyətlər formalaşdırmağa çalışmaq, ilahi qüvvənin varlığına, həmişə son anda haqqın, ədalətin qalib gəlməsinin labüdlüyünə inam yaratmaq dastançılığın əsas ümdə məqsədlərindəndir. Xalq arasında sevilən, böyük nüfuza malik olan aşığın bütün bu keyfiyyətləri öz timsalında nümayiş etdirməsi də təsadüfi deyil. Dastanların bəzilərinin bu cür fəxriyyəvarı şəkildə qurulmasının özü belə nəticə etibarilə məqsədə çatmağı xeyli asanlaşdıran, effekti, təsir gücünü yüksəldən cəhətlərdəndir. Belə ki, hər hansı uydurma, yaxud həyatdan götürülmüş, lakin dinləyicilərə bir o qədər də yaxından tanış olmayan, onların, təbii ki, çox sevmədikləri obrazı hələ onlara sevdirib nümunə göstərməkdənsə,  elə aşığın özü hazırca xalqın sevimlisidir. O özünü nümunə göstərərək təvazökarlıqdan xüsusi bir incəliklə kənara çıxsa da, dinləyicisini yaxşı işlərə, xeyir əməllərə ”“ düzlüyə, təmizliyə, paklığa, sevgiyə, sədaqətə daha asanlıqla, daha effektiv şəkildə yönləndirə bilmiş olur.  “Şəmşir və Sənubər” dastanı da bu sıraya daxildir.
Aşıq Şəmşirin öz ailəsinə, xüsusilə həyat yoldaşı Güllü nənəyə münasibəti ibrətamiz bir örnəkdir. Aşıq Şəmşirin ömür-gün yoldaşına sədaqəti, həyatının sonunacan ona gözəl şeirlər həsr etməsi diqqətçəkən bir məqamdır. Onun Məmməd Aslanla “Görəydim”-“Görəydin” qoşma rədifli uzun bir deyişməsini aşıqlar məclislərdə qabaq-qabağa oxuyaraq əhvalat halına gətiriblər:

Məmməd Aslan:
“Savaşın olurmu Güllü nənəynən?
Mən ölüm, necəsən naznan-hənəynən?
Get-gəlin qalıbmı köhnə binəynən,
İtirdinmi etibarı, görəydim?!

Aşıq Şəmşir:
Güllünün altmış il keçib yaşından,
Yenə əl götürmür naz savaşından,
Öpəndə gözündən, qələm qaşından
Tutaşırıq gecə yarı, görəydin” .

“O Kürün, Arazın Tərtəriyəm mən”, toplayıb tərtib edəni Qənbər Şəmşiroğlu, Bakı, “Orxan”, 2004, s. 487-488.

Dastan yaradıcılığında, adətən, ustad aşıqlar ustadnamələrilə din¬ləyiciyə vətənə, dosta, yoldaşa sədaqətli olmağı, yurdunu sevməyi, bəd əməllərdən uzaq olmağı tövsiyə edirlər. Elə bil müdrik bir el ağsaqqalı səni doğru yola çağırır.
Aşıq Şəmşir  yaradıcılığı ustadnamələrdə nəsihət verməyi, görüb-eşitdiklərini oxucuya çatdırmağı özünə borc bilir:

Qüdrətli sirrindən Kanı-Kərəmin,
Nə nökər baş tapmaz, nə ağa bilməz.
Onun əlindədir hər nə buyursa,
Hökmünə, əmrinə qadağa bilməz.

Haqqı, ədaləti həmişə müdafiə edən, insanları doğru yola səsləyən, onları pis əməllərdəıı uzaq durmağa çağıran Aşıq Şəmşir Böyük Yaradana şükür eləməyi, yaşadığımız hər saat, hər gün üçün ona borclu olduğumuzu unutmamağı tövsiyə edir.
Bir qrup dastanlarda isə əsas qəhrəman dastanı yaradan ustad aşıq deyil, xalqın içindən çıxmış görkəmli şəxsiyyətlər, xalq qəhrəmanları olur ki, onlar da cəmiyyətdə böyük nüfuz və sevgi qazanmış simalardır. Buna misal olaraq “Şah İsmayıl və Gülzar”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Dəli Alı” kimi dastanları göstərmək olar. Bunların əksəriyyəti folklorşünaslıqda qəhrəmanlıq dastanları adlandırılır. Lakin “Şah İsmayıl və Gülzar” dastanı xaraktercə məhəbbət dastanlarına daha yaxındır. Belə ki, burada da aşiqə buta verilir. O öz sevgilisini axtarmağa çıxır və bu yolda aşiqin qarşısına çıxan maneələri öz şücaəti, fiziki gücü, döyüş qabiliyyəti ilə aradan qaldırması “Şah İsmayıl və Gülzar” dastanını digər məhəbbət dastanlarından xeyli fərqləndirir.
Nəşrə hazırladığımız, pərakəndə xatirələr formasından təzəcə toplanıb sistemləşdirilərək yazıya alınmış “Səməd Vurğun”“Aşıq Şəmşir dastanı” isə xeyli fərqli xarakter daşıyır. Lakin burada da ənənəvilik qorunub saxlanılmışdır.
Yeri gəlmişkən qeyd edək ki, “Səməd Vurğun”“Aşıq Şəmşir dastanı” ifadəsini biz şərti olaraq işlətmişik. Belə ki, klassik dastan dedikdə, hadisələrin məlum süjet xətti boyunca cərəyan edərək kulminasiya nöqtəsinə çatması və çözülməsi nəzərdə tutulduğu halda burada belə bir süjet xətti ilə qarşılaşmırıq. Bu, sadəcə, iki böyük sənətkarın qarşılıqlı deyişməsi olub, bəzi dastan elementlər ilə müşahidə edilməkdədir.
Onu da diqqətə çatdıraq ki, belə bir dastanın toplanıb sistemləşdirilərək nəşrə hazırlanması ideyası millət vəkili, görkəmli alim, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli tərəfindən irəli sürülmüşdür. Belə ki, 16 mart 2013-cü ildə Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə ərməğan etdiyim üç kitabdan ona da hədiyyə etmişdim. İsa müəllim kitablarla tanış olduğunu və bu dastanı sistemləşdirilmiş şəkildə məhz mənim hazırlamağımı istədiyini bildirdikdə böyük sevinc hissi ilə dastanı qələmə alıb görkəmli alimin kitaba ön söz yazmasını xahiş etdim. Mən də hörmətli akademikimizin bu ideyasını reallaşdırıb həyata keçirmək məsuliyyətini öz üzərimizə götürməkdən qürur duyduğumuzu dəyərli oxucularımızın diqqətinə çatdırmaq istəyirəm.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatının böyük klassiki, xalqımızın böyük şairi Səməd Vurğunla Aşıq Şəmşirin məşhur görüşü, üzbəüz dayanıb şeirləşmələri, deyişmələri, bir-birinə dərd ortağı olaraq dostlaşmaları, sonrakı isti, səmimi münasibətləri, Vurğunun vəfatından sonra Aşıq Şəmşirin ağır sarsıntılar keçirməsi, böyük xeyirxahını, söz-sənət həmdəmini bir an belə unuda bilməməsi, onun ruhuna neçə-neçə şeir həsr etməsi və s. doğrudan da real həyat səhnəsində öz-özünə yaranan gözəl, təsirli bir dastandır. Əslində, dastanların əksəriyyəti, fikrimizcə, elə bu cür yaranır.
Deyilənə görə, ömrünün ahıl çağlarında övladlarından biri Dədə Ələsgərdən soruşur: “Dədə, ustad aşıqların hamısı özləri dastanlar yaradırlar. Sən də görkəmli, ustad aşıqsan, məclislərdə başa çəkilirsən. Saysız-hesabsız şeirlər yaradıbsan. Ustadların yaratdıqları dastanların əksəriyyətini sinədən söyləyirsən. Bu qədər vaxtda bəs özün niyə heç dastan yaratmadın?” Onda Ələsgər cavab verir ki, oğlum, mənim də elə həyatımda baş verən hadisələrin, səfərlərimin və s. hərəsi bir gecəlik dastandır. Sadəcə, bir adam lazımdır ki, onları bir-bir danışım, kağıza köçürsün. Düzü, mən məclislərdə özümdən danışmağı xoşlamıram. Qoy mənim dastanlarımı da gələcək ustad aşıqlar məclislərdə danışıb, ruhumu şad etsinlər. Beləliklə, zaman içində Dədə Ələsgərin neçə-neçə dastanı yaranır.
Həmin bu qeyd etdiyimiz Dədə Ələsgər təvazökarlığı Aşıq Şəmşirdə də özünü göstərdiyi üçün o da daha çox ustadlardan danışmağa, ustadlardan oxumağa üstünlük vermişdi. Əgər belə olmasaydı, Aşıq Şəmşir də öz həyatında, taleyində yaşadığı neçə-neçə qəribə, bir-birindən maraqlı qeyri-adi hadisələrdən, o cümlədən, Səməd Vurğunla görüşməsindən dastanlar düzəldib məclislərdə söyləyərdi.
Yeri gəlmişkən deyək ki, ehtimala görə, ustadların çoxunun həyatı, taleyi ilə bağlı (məsələn, “Abbas və Gülgəz”, “Aşıq Qərib” və s.) dastanların da əksəriyyətini onların özlərindən sonra yaşayıb-yaratmış ustad aşıqlar sistemləşdirərək dastan halına salıb məclislərdə danışaraq, ustadlarına borclarını qaytarmağa çalışmışlar.
Bunları söyləməkdə məqsədimiz odur bildirək ki, fikrimizcə, Dədə Şəmşirlə bağlı hələ bundan sonra neçə-neçə dastan formalaşdırıla bilər. Çünki o, yaxın keçmişdə yaşayıb və haqq dünyasına qovuşmasından elə də uzun müddət keçməyib. Bizimsə əlimizdən gələn hələlik “Səməd Vurğun”“Aşıq Şəmşir dastanı”nı hazırlayıb nəşr etdirməkdir.
Bu dastanda da klassik dastanlarımızdakı ənənə qorunub saxlanılır.
İlk növbədə xüsusi qeyd edilməlidir ki, Səməd Vurğun böyük bir xalq şairi kimi yazılı ədəbiyyatın nümayəndəsi olmaqla yanaşı, eyni zamanda, şifahi xalq ədəbiyyatına, folklora, aşıq yaradıcılığına da son dərəcə yaxın, qəlbən, ruhən doğma bir söz adamıydı. O, aşığı, sazı, folklorumuzu canıyla, qanıyla ürəkdən sevirdi. Şeirlərinin də böyük bir qismi xalq ruhunda, aşıq şeiri üslubunda yazılmışdı. Bu üzdən dəfələrlə haqsız tənqidlərə, təqiblərə də məruz qaldığı vaxtlar çox olurdu böyük sənətkarın. Lakin o, bu ədalətsizliklərin heç birinə məhəl qoymayan, “balıq okeanda böyüyər” söyləyərək şəhərin qaynar ədəbi mühitini təqdir etsə də, mahiyyət etibarilə əsl kənd adamı, xalq, el-oba adamı olan bir ədəbi şəxsiyyət idi. Bu səbəbdən də xalq arasında, eləcə də bütün dünyada hədsiz dərəcədə şöhrət qazanıb sevilə bildi. Odur ki, Səməd Vurğun şəxsiyyəti, Səməd Vurğun sənəti aşıq poeziyasında, dastan ədəbiyyatında dərin iz buraxmadan ötüşə bilməzdi. Onun canında-qanında şairliklə yanaşı, bir aşıqlıq da var idi. Bu mənəvi ehtiyac nəhəng şairi daim el-oba məclislərinə, kənd dünyasına, dağa-daşa, meşələrə, yaylaqlara, ana təbiətin azad qoynuna səsləyirdi. “Dağlar” rədifli bir məşhur gəraylısında da “İlhamını sizdən aldı mənim sazım, sözüm, dağlar” söyləməsi qətiyyən təsadüfi deyildi. Bu, böyük bir həqiqət idi.  Digər tərəfdən, sovet hakimiyyətinin qurulması, xalqların, mədəniyyətlərin bir-birinə qat-qarış edilməsi nəticəsində sazımızın, aşıq sənətinin, ustadlığın, dədəliyin sıxışdırılıb arxa plana keçirilməsi, zatıqırıq şeirin, zatıqırıq ədəbiyyatın yaradılmasının təbliği və tələb olunması bir vətənpərvər ziyalı, xalqının təəssübünü çəkən böyük şair olaraq Səməd Vurğunu çox ağrıdırdı. O, daim yaxşı xalq sənətkarının, kamil, ustad aşığın sorağında idi. XX əsrin Tufarqanlı Abbasına, Xəstə Qasımına, Yunus Əmrəsinə, Şıx Alısına, Miskin Abdalına, Dədə Ələsgərinə və b. ehtiyac duyurdu. Yaxşı, gözəl, poetik aşıq şeirlərinin yenə yaranmasını arzulayırdı. Bu cür istedadlı xalq sənətkarlarının axtarılıb, tapılıb üzə çıxarılmasına, təbliğ edilməsinə, himayə olunmasına çalışırdı. Amma mükəmməl, təsirli, poetik, qüsursuz aşıq şeirlərinə yaşadığı dövrdə çox az-az rast gəldiyi üçün təəssüflənirdi, ürəyi ağrıyırdı.
Nəhayət, günlərin birində belə bir şeirlə tanış oldu:

Səni qarı gördüm, bağrım qan oldu
Mənim saqqalımın çal vədəsində.
Qəlbimə dəydiyin yadıma düşdü,
Çox dedim könlümü al vədəsində.

Quvarlandın əldə var olan vaxtı,
Bağçanız bəzənib bar olan vaxtı.
Qoynunda xəstəyə nar olan vaxtı
Bir dənə qıymadın bol vədəsində.

O gündən həmin misraların sorağına düşdü Səməd Vurğun. Öyrəndi ki, bu şeirin müəllifi Kəlbəcərdə yaşayır. Vaxt-vədə gəlib-dolandı. Bir gün Kəlbəcərdə ailəsi ilə birlikdə istirahət edən yaxın dostu xalq yazıçısı Süleyman Rəhimovun  dəvətiylə  Bakıdan Kəlbəcərə ”“ “İstisu” sanatoriyasına dincəlməyə getmək qərarına gəldi. Düşündü ki, həm “İstisu”da müalicə olunaram, xəstəliyim bəlkə şəfa tapar, həm də o gözəl şeirin müəllifi ilə tanış olaram...
Beləliklə, Səməd Vurğun Şuşada dincələn ailəsini götürüb Kəlbəcərə “İstisu” sanatoriyasına gedir. Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi Səfər Verdiyevə zəng çalır. Birinci katib cəld özünü sanatoriyaya yetirir. Orada böyük şair “Vədəsində” rədifli çox bəyəndiyi gözəl şeirin müəllifini soruşaraq onunla görüşmək istədiyini bildirir. Boyaqlı kəndinin aşağısındakı Turşsu bulağının üstündə Səməd Vurğunun şərəfinə məclis qurulur. Katib dərhal Aşıq Şəmşiri Vurğunun görüşünə gətirdir. İndi artıq gözəl  mükəmməl bir dastana çevrilən həmin görüş bax bu cür baş verir, o gözəl, unudulmaz xatirələr belə yaranır.
“Səməd Vurğun”“Aşıq Şəmşir dastanı”nın bir sıra məziyyətlərini xüsusi qeyd etmək istərdik. Əvvəla, “dialektdə danışmaq böyük mədəniyyətdir, dialektdə yazmaqsa böyük mədəniyyətsizlik” əqidəsində olan Səməd Vurğun rəsmi yığıncaqlarda, iclaslarda və elmi konfranslarda ədəbi dildə danışsa da, əslində, onun xarakterik danışığı, şifahi nitqi, məclislərdəki söhbətləri sadə, canlı xalq dilində, dastan dilində olarmış həmişə. Elə bu dastanın özündə də tez-tez rast gəldiyimiz “ayə”, “ağrın alem”, “qadan alem”, “başına dönüm”, “a qıvlasız” və s. kimi ifadələr böyük şairin nitqinə xüsusi bir gözəllik qatmaqla yanaşı, həm də onu xalqa, el-obaya, aşıq sənətinə, dastan üslubuna daha da yaxınlaşdırır, doğmalaşdırırdı. Bu cür danışıq tərzi və bu danışığın həmin məclisdə tez-tez şeirlə, saz havaları üstündə oxunan misralarla növbələşməsi özlüyündə təbii şəkildə yaranan dastan idi. İki böyük sənətkarın ən adi, sadə görünən söhbətləri, sual-cavabları, dərdləşmələri, bir-birləri haqqında yüksək fikirlərini ifadə etmələri əsl dastan təhkiyəsi yaradırdı. Bu hal, aşıqla şairin üzbəüz görüşüb söhbətləşməsi, şeirləşmələri, deyişmələri ədəbiyyat tariximizdə də nadir hadisələrdən biri idi o dövrdə.
Digər tərəfdənsə, iki mənəvi qohum, ürəyi, fikri, əqidəsi bir olan sənətkar bir-birinə qovuşmuşdu bu görüşdə. Fikir versək görərik ki, onların hər ikisinin bir-birinin sayəsində həmin görüşdə, həmin günlərdə eyinləri nə qədər açılmışdı, ilhamları necə cuşa gəlmişdi. Deyirlər, ürək süfrə deyil hər yetənə açasan. Lakin o görüşdə Səməd Vurğun da, Dədə Şəmşir də ürəklərini süfrə kimi açıb bir-birinin qarşısına sərmişdilər sanki.
Hər iki sənətkarın ahıl yaşlarıydı. Nəhəng Səməd Vurğunun olduqca qısa fiziki ömrünün (onun mənəvi ömrü əbədidir!) sonuna cəmi bircə il qalmış, ya qalmamışdı. Dağları, Kəlbəcərin təbiət gözəlliklərini, sazlı-sözlü məclisləri, sonsuz el-oba sevgisini görəndə könlü quvar eləmişdi, gözləri yaşarmışdı. Bəlkə də ürəyinə dammışdı ki, bir də bu yerləri, bu gözəllikləri görə bilməyəcək. Barmaqları arasında tüstülənən “Kazbek”i damağına qoyub, qələm götürərək elə həmin “Kazbek” qutusunun üstünəcə yazmışdı ki:

Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub, yada sal məni.

Hay vurub, qıy vurub səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara.
Mənim də dərdimi de oylaqlara,
Sinəmdən oxladı bir maral məni.

Səməd Vurğunu belə dərdli, kədərli, nisgilli görən Aşıq Şəmşirin ürəyi dözmür, ona dərdlərini unutduraraq təsəlli verməyə, könlünü şad etməyə çalışır. Sədəfli sazı sinəsinə basıb deyir:

Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.

Axı niyə kədərlənirsən, niyə ömrün o ağrı-acılarla dolu günlərini yada salıb kövrəlirsən? Bu qədər xalq sevgisi, qazandığın dünya şöhrəti, ad-san səni sevindirməyə, könlünü açmağa yetmirmi? .
Şəmşiroğlu Q., “Axtarıb Şəmşiri görmək istəsən...”,  Bakı, “Adiloğlu”, 2004. s. 27-29-30-31

Bəli, bu dərdləşmə, şairin könlünün ən gizli dərdlərini ifadə etməsi onun Aşıq Şəmşirin sazını-sözünü, şeirini-sənətini, şəxsiyyətini bəyənib sevməsindən, ona ən yaxın bir həmdəm kimi ürək qızdırmasından, tez bir zamanda aralarında yaranmış mehr-ülfətdən irəli gəlirdi. Eləcə də Aşıq Şəmşir başqalarına deyə bilmədiyi dərdlərini böyük şairlə bölüşməkdən, onunla mehriban həmsöhbət olmaqdan son dərəcə məmnun idi. Bu məmnunluq onun ilhamının vəcdə gəlməsindən, bir-birinin ardınca bir neçə günün ərzində neçə-neçə qoşma qoşmasından və həmin şeirlərin poetik ovqatından hiss olunur. Təkcə “Gələndə”  rədifli qoşmanı diqqət mərkəzinə çəkmək fikrimizin nə dərəcədə həqiqətəuyğunluğunu isbat eləyər yəqin ki:

Kəlbəcər mahalı tamam bəzəndi,
Yaxın dostu, mehribanı gələndə.
Bayram etdi bütün ellər, obalar,
Şeirin şirin süxəndanı gələndə.

Bütün Kəlbəcər mahalının ”“ el-obaların bayram etməsindən, bəzənməsindən bəhs eləyən bu sətirlər ilk növbədə Aşıq Şəmşirin ovqatının, sevincinin, fəxarətinin ifadəsi idi. Bəzənib-düzənən, hər şeydən öncə, el sənətkarlarının öz könül dünyası olmuşdu. Qoşmanın ikinci bəndində müəllif özü bunu səmimiyyətlə etiraf eləyir: 

Etmiş bu yerlərdə laçın şikarı,
Düşüb bu dağlara onun güzarı.
Mənim, görən kimi, Vurğuna sarı
Qaynadı qəlbimin qanı, gələndə.

“Günlər keçdi. Aşıq Şəmşir şairin tapşırığına əməl edib 1955-ci il sentyabrın 28-də bir taxta bavul şeirlərini yığışdırıb oğlu Qənbər müəllimlə Bakıya gəldi. Növbəti günü AMEA-nın ikinci mərtəbəsində Səməd Vurğun onu böyük mehribanlıqla qarşıladı.
 Qənbər Şəmşiroğlunun söylədiklərindən: “Mən bavulu uzun qabaq stolunun yanına gətirib açdım və əlyazmalarından çox hissəsini stolun üstünə qoydum. Şair ayaq üstə xeyli vərəqlədi (Dədəm bütün yazdıqlarını ərəb əlifbası ilə yazıbdı). Mənə dedi: “Yığışdır, oğul. Bu işlərdə gərək özün də bizə yaxından kömək edəsən”.
“Baş üstə!” dedim. Dədəm özü durub kənddə səliqə ilə fanerdan arı pətəyi üçün düzəldilmiş və içərisinə bir neçə pətək qoyulmuş  sumkanı stolun üstünə qoyub: “Şair, bu da Kəlbəcər balıdı” deyəndə o bərkdən: “Ay aşıq qardaş, ayə, çox sağ ol, nə zəhmət çəkmisən”. Səməd Vurğun mənə: “Ayə, aç görüm bu aşıq qardaş nə gətirib”, ”“  dedi. Mən çantanı açıb bir ədəd ağ şanda bal pətəyi çıxardım. Səməd Vurğun özü bıçaqla balı səliqə ilə kiçik dilimlərlə kəsərək ucadan: “Ayə, siz belə şeyləri tanımırsınız, bu, dərmandı, alın bir dadına baxın”, ”“ deyib hamıya payladı. Xoşu gələn,  gəlməyən də bəh-bəhlə daddı. O, katibə qızı çağırıb: “Bunu burdan götür, yoxsa lələlərim qoymayacaq qala”,- dedi. Sonra otağa çağırdığı dostlarından Məmməd Arif, Mirzağa Quluzadə, Osman Sarıvəlli, Cəfər Xəndana dədəmi bir daha  yüksək səviyyədə təqdim edərək onun şeirlərindən “Akademiya” nəşriyyatında nəşr etmələrini tapşırdı .
 Şəmşiroğlu Q.,  “Axtarıb Şəmşiri görmək istəsən...”. Bakı, “Adiloğlu”, 2004, s.35-36.

Sonra özünəməxsus tərzdə zarafatla Aşıq Şəmşirə deyir:
”“ Aşıq, sən mənə dağları göstərdin, ”“ indi isə növbə mənimdi. Gedək, Bakının görməli yerlərini mən sənə göstərəcəm deyib aşığı “ZİM” maşınında şəhəri gəzdirib axşam öz qohumlarıgilə gətirdi. Üzünü aşığa tutub dedi: Aşıq qardaş, sabah xaricə gedirəm. Sən Osman Sarıvəlli ilə daim əlaqə saxla, bir neçə həftə xaricdə müalicə olunub qayıtdıqdan sonra kitabının çapı ilə, söz verirəm ki, şəxsən mən özüm məşğul olacam. Kəlbəcərdən qayıdan kimi də Yazıçılar İttifaqının sədri Süleyman Rəhimovdan xahiş edib müqavilə bağlatmışam ki, respublikanın qəzet-jurnallarında sənin əsərlərini çap elətdirsin, həm də səni İttifaqa üzv eləsin.
Aşıq Şəmşir Kəlbəcərə qayıtdı. Səməd Vurğun isə Koreyaya səfəri olduğu üçün Moskvaya yola düşdü.
Səməd Vurğunun ikinci bir tapşırığına görə yenidən Bakıya gəldikdə isə, şairin sorağını Moskva xəstəxanasından alan Aşıq Şəmşir bu həsrətə dözməyib Moskvaya bir məktub yazdı:

Çəkir həsrətini bizim Kəlbəcər,
Böyük şair, bu dağlara bir də gəl!
Dedin: “Vurğun demə gəldi-gedərdi...”
Verdiyin o düz ilqara bir də gəl.

Bir də ki, Səməd Vurğun onu o qədər yüksək qiymətləndirib, sevib, dəyər vermişdi ki, daha da ərköyün olmuşdu. O illərdə quş kimi qanad açıb uçurdu sanki”. 
Bəli, bu qanın qaynaması qarşılıqlı idi. İlahi bir doğmalıqdan yoğrulmuşdu həmin görüşün, mehr-ülfətin mayası. Odur ki, Səməd Vurğunun 1956-cı il may ayının 27-də vaxtsız vəfat etməsindən sonra da o mehr-ülfət, o etibar, o sədaqət Dədə Şəmşir şəxsiyyətində ”“ varlığında, ruhunda-ilhamında daim yaşadıldı, uca tutuldu, əzizləndi. Son nəticədə də gözəl, təsirli, ibrətamiz bir dastana çevrilərək folklor xəzinəmizə daxil olmaq statusu qazandı. Beləliklə, “Səməd Vurğun”“Aşıq Şəmşir dastanı” oxucuların ixtiyarına, aşıqların repertuarına qədəm qoymaqdadır.
Xalı şairi Səməd Vurğunun vaxtsız vəfatı bütün Azərbaycan xalqını sarsıtmışdı. Ölməz sənətkarı həmin illərdə ah çəkib kövrəlmədən xatırlayana rast gəlmək mümkün deyildi. Xüsusən də ziyalılar, şairlər, yazıçılar, o cümlədən, sevimlisi olan aşıqlar öz kədər və qüssələrini kağız üzərinə köçürür, şeirə, ədəbiyyata gətirirdilər. Bu sırada Aşıq Şəmşir ən öncül yerlərdən birini tuturdu. Səməd Vurğunun vaxtsız ölümünə bəlkə də ustad aşıq qədər təəssüflənən, sarsıntı keçirən, yanıb-qovrulan ikinci bir insan tapmaq mümkün deyildi .
Çiçək C.,  “Arı çiçəyə gəlib”,  kitab II, Bakı, Azərnəşr, 2013, s. 107-115.

Buradansa ulu söz ustadlarımız olan Nizami və Xaqani dostluğunun qoxusu gəlir. Böyük Nizami də deyir ki, arzulayırdım mən öləndə Xaqani mənə mərsiyə yazar, heyif ki, mən ona mərsiyə yazası oldum. “Bəli, bax beləcə Nizami”“Xaqani dostluğunun davamı olan Səməd Vurğun”“Dədə Şəmşir dostluğundan bəhs eləyən söhbətimiz də bu yerdə sona çatır. Ustadlara rəhmət, sizə cansağlığı. Aşıq Şəmşirin “Olaydı” rədifli qoşması ilə son sözü qoy yenə sədəfli saz desin, qulaq asanlar var olsun: 

Gərək dil açaydın, ceyran bulağı,
Aşığa sualın-sorğun olaydı.
Gərək soruşaydın Vurğunu məndən,
Təsəllidən bircə sarğın olaydı.
Oxşar xəbərlər
12:20, Bu gün
Putinin bu hərəkəti Berluskonini ŞOKA salıb: cüyürün ürəyini çıxararaq...
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
12:12, Bu gün
Bu tələbələrə güzəştlər ediləcək
12:09, Bu gün
Təmsilçilərimiz "Avroviziya 2024"ün birinci yarımfinalında...
12:05, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü başladı - FOTO
12:02, Bu gün
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
12:00, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
11:57, Bu gün
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
11:57, Bu gün
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı
11:49, Bu gün
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verildi - VİDEO
11:45, Bu gün
Paşinyanı Bakıya dəvət edək - Deputatdan təklif
11:39, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası BU TARİXDƏ keçiriləcək
11:32, Bu gün
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
11:25, Bu gün
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
11:24, Bu gün
DİN Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlərlə bağlı MƏLUMAT YAYDI - FOTO/VIDEO
11:21, Bu gün
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
11:17, Bu gün
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
11:07, Bu gün
Təcridxanada intihar etdi - Məhkəməsi olacaqdı
11:00, Bu gün
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
10:59, Bu gün
Bu gün Putin and içəcək Mərasimə qatılacaq tək prezident kimdir?
10:52, Bu gün
“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...
10:41, Bu gün
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
10:36, Bu gün
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:16, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 13:15
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
06 May 2024 | 13:17
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
06 May 2024 | 12:32
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 12:27
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 12:36
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
06 May 2024 | 12:45
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 13:15
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
06 May 2024 | 13:17
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
06 May 2024 | 12:32
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 12:27
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 12:36
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
06 May 2024 | 12:45
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib