`Kral musiqi salonlarının əfsanəvi maestrosu, `Yeni Mosart` adını almış Cənab Ferens List ötən ildən musiqi maarifçiliyi missiyası ilə Avropa ölkələrinə qalstrola çıxmışdır. O, Rusiyada olacaq, Cənubi Qafqaza ”“ Helenendorfa da gedəcək`.
Bu xəbəri
1840-cı ildə `Stuttgarter Zeitung` qəzeti yaymışdı. Qəzetə abunə olan Gəncəbasar
və Borçalı almanları xəbərdən həyəcanlanmış, bəziləri gözlərinə, bəziləri
qulaqlarına inanmamışdı. Helenendorfda Listin simfonik poemalarını Almaniyadan
gələn musiqi müəllimlərinin ifasında dinləmiş, lakin əfsanəni öz gözləri ilə
görəcəklərini ağıllarına belə gətirməmişdilər.
Maestronun səfərinə Helenendorf məktəbinin təsisçisi və
müəllimi Yakob Kraus rəhbərlik edirdi. Qəsəbənin son seçilmiş şultsu Xristofor
Forer yüksək qonağın bir həftəlik ağırlanması üçün zəngin proqram tərtib edib
Krausa təqdim etmişdi. O, proqrama köhnə dostu, Alabaşlı kəndinin mülkədarı
Mustafa bəyin evində qonaq olacaqları günün tarixini belə yazmışdı. Həmin gün
Ferens Listi Annenfeld ətrafına ceyran ovuna aparacaqdılar. Mustafa bəy də
onlara qoşulacaq, dönərkən Alabaşlıya, bəyin malikanəsinə gedəcəkdilər.
Helenendorfla Alabaşlının arası 7-8 verst olardı.
Lakin bəzi sahələrdə Mustafa bəylə Xristofor ağanın biçənəkləri kəsişirdi.
Xristofor ağanın və digər kolonistlərin hektarlarla uzanan üzüm bağları,
eləcə də Helenendorfun salındığı Xanlıq otlağı Cavad Xanın mülkiyyəti
idi. Rus qoşunları 1804-cü ildə Gəncə Xanlığına hücum çəkmiş, döyüşdə
Cavad Xanı və saysız-hesabsız gəncəlini qətlə yetirmiş, Xanın mülkiyyət torpaqlarını
imperator xəzinəsinə qatmış, 15 il sonra isə bu torpaqlar Vürtenberq
krallığından köçürülmüş protestant və separatist təriqətli kolonistlər arasında
pay-puş edilmişdi.
Əslində, bu bölgüdən Mustafa bəy də ciddi zərər çəkmişdi.
Köçkünlərin yerləşdirilməsi üçün rus hökuməti atası Ələkbər bəy Qurbanbəyovun
Seyfəli otlaqlarını alıb kolonostlərə vermişdi. Uzun çəkişmədən sonra məhkəmə
Ələkbər bəyə sürülərini öz torpaqlarında otarmağa izin vermiş, lakin biçin etməyi
yasaqlamışdı. Ələkbər bəy dünyasını dəyişənə kimi məhkəmə qapılarına ayaq
döymüş, əli heç yerə çatmamış, ömrünün sonunu hirsindən-hikkəsindən
boğula-boğula başa vurmuşdu. Ələkbər bəyin Tiflis Zadəgan Məktəbində hüquq
oxumuş oğlu Mustafa bəy isə hökumətlə hökumətlik etməyin mənasız olduğunu qəbul
etmiş, bu davanı unutmağı daha faydalı saymışdı. Çünkü neçə-neçə Gəncəbasar bəyi
rus hökumətinin şəxsi mülkiyət torpaqlarına kolonistləri ”“ rusları, almanları,
erməniləri yerləşdirməsi siyasəti ilə bağlı məhkəmə münaqişəsinə girmiş, ədalətsiz
qərarlara etiraz etmiş, nəticədə, Sibirə sürülmüşdülər.
Beləliklə, illər keçmiş, yerli mülkədarlar vəziyyətə
böyun əymiş, əldə qalan torpaqlarda üzüm bağları salmış, idarəetmənin yüksək
himayəsi ilə qol-qanad açmış çaxırçı almanlarla ticari əlaqələrə girişmişdilər.
Müstafa bəy Qurbanbəyovla Xristofor Forerin
anlaşması vardı. Hər mövsüm başlayandan ta bitənə kimi Alabaşlıdan
Helenendorfa araba-araba üzüm daşınırdı. Anlaşma bununla bitmirdi. Mustafa bəy
Xristofor ağadan bir xeyli təsərrüfat alətləri, bir dənə `şves kələsi`,
dörd dənə də cins inək almışdı. Kolonistlərin Avropadan gətirdiyi texniki
yeniliklər və qaramal Qafqaza ayaq açan kimi Alabaşlıda da görünməyə
başlamışdı.
Helenendorfa gələn bütün ali qonaqları Xristofor ağa
Alabaşlıya qonaq aparırdı. Mustafa bəy Ferens Listin müsafirlik proqramında öz
adının olması xəbərini eşidəndə ürəkdən sevinmiş, bunu özünə şərəf bilmişdi.
Mustafa bəylə Xristofor ağa həm də yaxşı həmsöhbət
idilər. Illərdən bəri davam edən bu ünsiyyət onları dostluğa kimi gətirib
çıxarmışdı. Arada-sırada bütün ailə üzvləri ilə bir-birinə qonaq gedib gələrdilər.
Lakin fröylen Gilda əhvalatı onları qohum kimi etmiş, bir-birinə daha sıx
bağlamışdı.
”¦Keçmiş günlərin birində Xristofor Forer zövcəsi frau
Marta və 7 uşağı ilə birlikdə Alabaşlıda müsafir olur. Günün sonunda məlum
olur ki, Mustafa bəyin kiçik qızı Səyyarə artıq Xristofor ağanın qızları
ilə almanca danışır. Gün ərzində öyrəndiyi beş-on kəlmədən əməlli-başlı cümlə
qurur, fikrini izah edir. `Səyyarə nemescə dil-dil ötür` xəbəri evin o biri güşəsinə
çəkilmiş Mustafa bəylə Xristofor ağaya çatanda Mustafa bəy;
”“ Gəlsin görüm, mənim ağıllı balam nə danışır ”“ deyə
qızına səslənir.
Səyyarə Xristofor ağanın balaca, sarıca qızları Anna və
Frida ilə birlikdə şeir deyir, mahnı oxuyur, sonra da əl-ələ verib alman
rəqsi edir. Ayağı qızılı çarıxlı, qırmızı məxmər tumanlı, yaşıl çəpkənli,
başı araxçınlı, bilək endə ala-qonur hörüklü Səyyarə və əyinlərinə ağ krujeva
yaxalıqlı, qırmızı-qara damalı, cüt paltar, ayaqlarına bəyaz corab və məst
geyinmiş, incə, sarı sünbül hörüklü Anna və Frida kəpənək kimi ortalıqda
uçuşurlar. Otağın ortasında rəngbərəng bir mənzərə yaranır. Atalar baxıb
gülümsünür, analar sevinir, nökər-qulluqçu əl çalır. Bircə, Səyyarənin 11 yaşlı
qardaşı Bala bəy əlini toqqasına bağlı kiçik qəməsinə sıxıb durmuşdu. Qaşqabağı
yerlə gedir, dişi dodağının çeynəyirdi. Səyyarənin belə atılıb düşməyi kişi
qırığının xoşuna gəlməmişdi.
Xristofor ağa uşaqları seyr edə-edə dedi;
”“ Mustafa bəy, sizin bu qızın yaxşı qabiliyyəti var.
Ona alman mürəbbi lazımdı.
”“ Neyləyəcək alman mürəbbini?
”“ Alman dili öyrənəcək, çoğrafiya və musiqi öyrənəcək.
”“ Nəyinə lazımdı”¦ ”“ deyə Mustafa bəy bir anlığa fikrə
getdi. Təklif ona cazibəli gəlmişdi. Onsuz da bu qız yaxında oxumağa
başlamalıydı. Bir qayda olaraq Gəncəbasar mülkədarlarının qızları evdə təhsil
alır, Quran, yazı-pozu, hesab öyrənirdilər. Son vaxtlar dəb düşmüşdü, bəzi zəngin
bəylər qızları üçün hətta Tiflisdən mürəbbi gətirirdilər. `Xanlıqdan bir nemes
mürəbbisi olsa nə ziyanı olar ki` deyə Mustafa bəy fikrində götür-qoy etdi.
”“ Dil bilmək yaxşı şeydi. Bizim uşaqlar indi üç dildə
danışır. Məktəbdə rus dili dərsi məcburdu. Əlahəzrət İmperator bundan ötrü xəzinədən
məktəbimizə pul ayırır. Badendən, Ştutqartdan dəvət etdiyimiz coğrafiya, hesab,
musiqi müəllimlərimiz var. Arada sizin uşaqlardan da türkcə öyrənirlər. Sizin
bu qız almanca bilsə nə ziyanı olar ki.
”“ Əlbəttə, ziyanı olmaz. Nə bilim, Xristofor ağa,
baxarıq”¦ gərək bildiyim adam ola..
”“ İstəsəniz, yaxşı bir tövsiyə edərəm. Bizim məktəbin
bacarıqlı məzunları var.
”“ Fikirləşərik. Bir halda ki, uşağın qabiliyyəti var”¦
fikirləşərik.
”¦Bir müddət sonra, qızıl payızın ətirli günlərindən
birində, səhər tezdən, Xristofor ağanın ailəsinə aid fayton Helenendorfdan
Alabaşlıya gənc bir fröylen gətirdi. Fayton alaqapının ağzında dayandı.
Balaqapıdan içəri iki nəfər ”“ əlində iri taxta çamadan tutmuş faytonçu arxada,
fröylen öndə həyətə girdilər. Onun on yeddi ”“ on səkkiz yaşı ancaq
olardı, çəhrayıya çalan məsum üzü, gömgöy gözləri, sarı saçları, uzun qaməti,
nazik təni, arxayın tavrı vardı. Əyninə boz rəngli düz ətək, ağ ipək yaxalıqlı
bluz geyinmiş, başına bəyaz tüllü boz şlyapa qoymuşdu. Özünü təqdim elədi;
Fröylen Gilda.
O gündən etibarən Mustafa bəyin evində Səyyarədən
başqa böyüklü-kiçikli hər kəs ona `nemes qızı Güldə` dedi. İllər ötdükçə Güldə
bu evin əziz üzvünə çevrildi. Çünkü, ev əhli üçün `nemes qızı`nı sevməyə xeyli
səbəb vardı; yetimçiliklə böyümüşdü, qərib idi, xoşrəftar idi, yer-yataq bilən
idi.
”¦O günün üstündən illər keçmişdi. Səyyarənin artıq 16
yaşı olmuş, ötən müddətdə alman dilini ana dili kimi öyrənmiş, fröylen Gildanın
ona verdiyi bütün bilikləri mənimsəmişdi. Mustafa bəyin Xristofor ağa
vasitəsi ilə Almaniyadan gətirdiyi kiçik pianoda çalmağı belə öyrənmişdi. Son
vaxtlar fröylen Gilda daha çox Ferens Listin simfonik poemalarını çalırdı.
Deyirdi; bu yeni janr Listin kəşfidi, Səyyarə xanım, indi bütün Avropa onu dinləyir.
Səyyarə fröylen Gildanın dərsləri ilə yanaşı molla
Bacının Qurandan verdiyi bilikləri də mənimsəmiş, İslam tarixindən bəzi mühüm əhvalatları
öyrənmişdi. Üstəlik, qızlar bulağından su içib, sərv kimi qamət atıb, gözəllər
gözəli olub durmuşdu. Ala gözləri ceyran gözü kimi süzülmüş, kirpikləri
yelpiyə dönmüş, qövsi qaşları, fındıq burnu, ay şəfəqli üzü, al
yanaqları, qönçə dodaqları”¦ bir tamaşaya dönmüşdü. Aya deyirdi, sən
çıxma, mən çıxacam. Günə deyirdi, sən çıxma, mən çıxacam. Hələ gülüşü”¦ elə bil
üzündə güllər açırdı. Sanki bu qız
çıraq kimi işıq saçmaq üçün gəlmişdi dünyaya.
Fröylen Gilda bir dəfə ona baxıb təsirlənmiş,
qucaqlayıb üzündən öpmüşdü;
”“ Səyyarə xanım, sizin gülüşləriniz bu evi əziz etdi mənə.
”“ Fröylen Gilda, sizi çox istəyirəm, anam kimi”¦
Fröylen Gilda onu yenidən bağrına basıb doluxsunmuşdu.
Fröylen Gildanın kövrəkliyinin səbəbi vardı. Bu evdə
keçirdiyi illər ərzində o da eşqə düşmüş, Səyyarənin Tiflis məzunu olan kişik əmisinə
vurulmuş, gənc, yaraşıqlı Müzəffər bəy də `nemes qızına` aşıq olmuş, onunla evlənmək
istəmişdi. Məsələ ciddiləşmiş, dirənişlər boy vermiş, axır ki, Müzəffər bəy öz
inadı ilə ailənin müqavimətini qıra bilmişdi. Nəhayət, ailə razılığa gəlmiş,
Mustafa bəy kiçik qardaşının fikrini Xristofor ağaya bildirmişdi.
Xristofor ağa cavab üçün vaxt istəmişdi. Bu arada Yakob Kraus Gilda ilə
söhbət etmiş, ona bəzi çətinlikləri izah etməyə çalışmış, lakin qızın
gözyaşlarını gördükdən və kəsin qərarını bildikdən sonra, ata-anasını vaxtsız
itirmiş, nisgilli böyümüş bu ən bacarıqlı tələbəsinin gözyaşlarına dayana bilməyərək
alman kolonistlərinin məsələsinə baxan Xüsusi İdarəyə üz tutmuşdu. İmperator
sayarında belə tanınan, diplomatik bacarıqlarına görə bütün Qafqaz
almanlarının fəxri elçisinə çevrilən Kraus məsələni təfərrüatı və həsaslığı
ilə yüksək dövlət məmuruna anlatmağa çalışmışdı.
”“ Cənab Kraus, Əlahəzrət İmperator sizi öz cənub
torpaqlarına köçürdüyü zaman bu məsələ həllini tapmışdır. Bildiyiniz kimi,
almanların yerli əhali ilə nigahı yasaqdır.
”“ Bilirəm, cənab Sipyaqin.
”“ O zaman bildiyiniz şeyi niyə yenidən soruşursunuz?
Müsəlmanlar qızlarını xristianlara vermir. Xristianlardan qız alanda isə əvvəlcə
islamı qəbul etdirirlər. Yəqin sizin məktəbin məzunu bu şərtləri bilir.
”“ Bəli, bilir. ”“ Yakob Kraus udqundu.
Rəis Krausun bu sözünə bənd imiş kimi əsəbi halda
yerindən qalxdı. Yan dolabdan kök bir qovluq gətirib masanın üstünə qoydu.
Oturub pensesini taxdı, vərəqlədi, sözünə davam edərək sənədləri gözdən keçirməyə
başladı.
”“ O zaman cavab verin, cənab Kraus, köçürülmə üçün
imperator xəzinəsindən ilkin iki-üç il ərzində yalnız Yelenendorf köçkünləri
üçün 211min 604 rubl 98 qəpik banknot nəyə gərə sərf edilmişdi? Bilməmiş
deyilsiniz, Rusiya torpaqlarına gələn almanlar əsasən yoxsullardan ibarət idi.
Onların özlərinə ev tikmək, təsərrüfat qurmaq imkanları bir yana qalsın, hətta
qarınlarını belə doyuzdura bilmirdilər. Bundan ötrü Əlahəzrət İmperator hər nəfər
üçün xəzinədən günlük yemək xərci 10 gümüş qəpik ayırdı. Yerləşmədən sonra ev
tikmək üçün dövlət qoruqlarından 1500 ağac kəsilməsinə izin verdi. Təsərrüfat
qurmaq üçün hər ailəyə 500 rubl gümüş pul subsidiya verildi. 20 il
keçir, hələ bir alman dövlətdən aldığı krediti qaytarmayıb. Hətta sizin
separatistlər dövlət vergilərini verməyəcəklərini həyasızca bəyan etmişlər.
”“ Biz hələ də danışıqları davam etdiririk, cənab
Sipyaqin, separatistlərin bəziləri artıq protestantlığı qəbul edərək birdəfəlik
burada qalmaq qərarı veriblər. Digər hissəsi Müqəddəs Torpaqlara köçməkdən bir
dəfəlik vaz keçdikdən sonra, çox güman, sözlərini geri götürəcək və vergiləri
ödəyəcəklər.
”“ `Müqəddəs Torpaqlar` ”“ Sipyaqin istehza ilə gülüb
sözünə davam etdi ”“ Hər ailəyə 60 desyatin bərəkətli torpaq verildi.
Xatırlayırsınızmı?
”“ Əlbəttə, lakin bildiyiniz kimi sonradan hər ailəyə cəmi
35 desyatin çatdı, cənab Sipyaqin. Xəzinəyə aid bu qədər məhsuldar torpağın
tapılmadığını dedilər ”“ Kraus dediklərinə tələsik əlavə etdi ”“ Bütün hallarda,
cənab Sipyagin, Əlahəzrət İmperatora biz alman protestantlar ömrümüzü
borcluyuq.
”“ Sualıma cavab vermədiniz. Icazə verin xatırladım.
Siz Qafqaza Böyük Rusiyanın müstəmləkə siyasətini genişləndirmək üçün
köçürülmüsünüz. Xristianlığı yaymağa, rus dilini cənub sərhədlərimizə kimi çəkib
aparmağa, əraziyə yeni mədəniyyət gətirməyə mükəlləf olmuşdunuz.
”“ Doğrudur, cənab Sipyaqin”¦
”“ Əlahəzrət İmperator öz mərhəməti ilə sizi, Napoleon
atlarının tapdağından xilas etdi, 30 krallığa və hersoqluğa parçalanmış
Almaniyadakı aclıqdan, yoluxucu xəstəliklərdən, sekta savaşlarından qurtarıb bərəkətli
torpaqlara yerləşdirdi. Siz isə `Müqəddəs Torpaqlar` deyib durdunuz. Bütün
bunlara baxmayaraq, rus dövləti sizə xüsusi imtiyazlar verdi, vergi güzəştləri
tətbiq etdi. Məktəb, ibadət evi, hər il yeni müəllimlərin gətirilməsi, qəzet,
aptek, kitabxana üçün”¦ dövlət xəzinəsindən vəsait axıdıldı. 20 ilə yaxın vaxt
keçir. Nəticəyə bax!
”“ Doğrudur, cənab Sipyaqin.
”“ Siz, Yelizavetpol quberniyasında yaşadığınız bu 20
il ərzində məktəbi və apteki olan bir müsəlman kəndi gördünüzmü? Müəlliminin
maaşı verilən, ibadət evi dövlət tərəfindən tikilən bir kəndə rast gəlmisinizmi?
”“ Xeyir, cənab Sipyaqin.
”“ Xeyir` deyirsiniz, cənab Kraus, amma qiymətləndirə
bilmirsiniz. Şotlandiya missionerləri belə sizdən qoçaq çıxdı. Heç olmasa iki nəfəri
”“ sizin dostlarınız Aleksanr Kazım bəyi və Rəşid Əli İsmayılovu ”“ David Diksonu
xristian etdilər. Heç olmasa bu qədər. ”“ Siyaqin əsəbiliklə əlini yellədi ”“
Amma bu da mənasızdı, çünki, davamçıları yoxdur. İsveçrə, Edinburq, Bazel
missionerləri nə etdilər? Əvvəlcə, bizə müraciət edib Xəzər sahilində
xristianlığı yaymaq üçün yardım istədilər. Əlahəzrət İmperatorun mərhəməti ilə
bu yardımı etdik. Sizin dostunuz, Derpte (Tartu) Universitetinin fəlsəfə
doktoru Zarembaya Dərbənddə fəaliyyət üçün izin verdik. Onlar nə etdilər?
Rusiya torpaqlarına öz təriqət savaşlarını gətirdilər.
Yakob Krausun deməyə sözü çox idi. Lakin o, təmkinlə və
zahiri bir razılıqla susur, bütün görkəmi ilə Xüsusi İdarə rəisinin çox haqlı
olduğunu ifadə etməyə çalışırdı. Sipyaqin isə münasibətinin kəskinliyi ilə
bundan sonra törəyəcək bu kimi məsələləri birdəfəlik bitirmək istəyirdi.
”“ Sizlərdən fərqli olaraq, Osetiyada yerləşən
missionerlər on ildə altmış minə yaxın əhalini xaç suyuna salıblar. Onların
arasında xevsurlar, tuşinlər, inquşlar, abxazlar, ləzgilər var. Bəs siz nə
etdiniz, ”“ Sipyaqin istehza ilə dedi ”“ möhtərəm Vürtenbürq kolonistləri? 20 ilə
yaxın bir vaxt keçir. Yerli əhalidən hələ bir nəfəri belə xristian edə bilməmisiniz.
Indi isə xristian olan birini müsəlman etmək üçün izin istəyirsiniz. Təəssüfləndiricidir,
cənab Kraus. Belə çıxır ki, Əlahəzrət İmperator bir protestantı fəlakətlərdən qurtarıb
öz torpaqlarına köçürəcək, onun yolu, günlük yeməyi, evi üçün xərc çəkəcək, ona
torpaq verəcək, məktəb tikəcək, oxudacaq, bütün bunlar üçün xəzinədən pul xərcləyəcək,
o da rus dövlətinin hesabına adam olduqdan sonra islamı qəbul edəcək
və dünyaya çoxlu-çoxlu müsəlman uşağı gətirəcək.
Yakob Kraus Xüsusi İdarə rəisinin ittihamları
qarşısında ağır-ağır susur, bununla yanaşı həmsöhbətinin fikirlərini yenə başı
ilə təsdiq edirdi.
”“ Cənab Kraus, nəyə görə müraciət etdiyinizi anlaya
bilirsinizmi?
”“ Əlbəttə, bu müraciət mənim səhvimdi, cənab Sipyagin.
Sadəcə gənclərin bir-birinə olan böyük sevgisi və gözyaşları mənə bəzi şeyləri
unutdurdu.
”“ Siz çox mühüm şeyləri unutmusunuz, cənab Kraus.
”¦Yakob Kraus Tiflisdən Helenendorfa faytonla dönərkən
yolboyu dilinə gətirə bilmədiyi sözlərin əzabını yaşamışdı. O, cənab Sipyaginə
deyə bilməmişdi ki, biz buraya müvəqqəti gəlmişdik, biz Qafqaz yolunu bir müddət
burada məskunlaşmaq və sonra Şərqə getmək üçün seçmişdik, biz Yerusəlimə, Müqəddəs
Torpaqlara yerləşməliydik. Bunu İmperator Birinci Aleksandra acıq demiş, ondan
razılıq almışdıq. Yolumuzu davam etmək istədikdə isə anlaşmanı siz pozdunuz,
Birinci Nikolay qarşımıza atlı kazaklarla çıxdı. Həbslər başladı. Bizi bu bəladan
Böyük Knyaginya Yelena Pavlovna qurtarmasaydı axırımıza çıxacaqdınız. Sizin
etdikləriniz bizim üçün deyildi, öz siyasətiniz üçün idi. Lakin bütün bunlar məsuliyyətini
bilən bir elçinin deyəcəyi sözlər deyildi.
Yakob Kraus düşünürdü ki, belə məqamda susmaqdan başqa
çarə yoxdu, gör nə qədər soydaşının taleyi onun sözlərindən asılı qala bilərdi.
Düzdür, Vürtenberq prinsesinin kölgəsi hər zaman üzərlərindədir, lakin xəbər
ona yetənə qədər çox kəllələr gedə bilər. Kraus yaxşı bilirdi, Qafqaz
idarəetməsinin məmurları əslində alman kolonistlərə təriqət düşməni kimi
baxırlar, sadəcə, yüksək himayə ilə hesablaşır, dövlət siyasətini icra edirdilər.
”¦Rus hökumətinin belə bir izdivaca izin verməməsi
haqqında cəmi bir kəliməlik xəbər Xristofor ağanı və Mustafa bəyi məyus etmiş,
gənclərin isə qəlbini parçalamışdı. Müzəffər bəy Güldənin bu evi tərk etməməsi
üçün baş götürüb buralardan getmək qərarı vermişdi. Taleyindən küsüb
Kiyevə, təhsilini davam etdirməyə yollanmışdı. Bu evin əziz Güldəsi üzüntü
içində qalmış, o da Müzəffər bəy təhsil alıb qayıdana kimi Səyyarəni tərk
etməmək qərarına gəlmişdi. Zərnigar xanım Güldənin bu qərarından təsirlənmiş;
”“ Sən nə etibarlısan, ay nemes qızı. ”“ deyə onu
bağrına basmışdı.
Səyyarə xanım fröylen Gilda ilə birlikdə nökər-qulluqçu
və atlı mühafizlərin müşayiəti ilə ildə bir-iki dəfə Helenendorfa gedib gəlirdi.
Mustafa bəyin Xristifor ağa ilə kəsdiyi şərtə bu səfərlər də daxil idi.
Fröylen Gilda cənab Forerin qızlarına musiqi dərsi verən bacısı fröylen Heleni
ziyarət etməliydi. Sonradan isə bacılar belə anlaşdılar ki, bir dəfə Gilda Səyyarə
ilə Helenendorfa gedir, o biri dəfə bacısı Helen Forer bacıları Anna və Fridanı
alıb Alabaşlıya gəlir. Bacılar bunu öz aralarında, qızlar üçün maraqlı olsun
deyə razılaşmışdılar. Həqiqətən, maraqlı olurdu, ayda-ildə bir Forer qızlarının
Alabaşlıya gəlməsi Mustafa bəyin malikanəsində toy-bayrama çevrilirdi. Üç
balaca şıltaq qız, iki dayə bacı bir yerdə oyun çıxarır, çalır, oxuyur, məzhəkə
göstərirdilər. Gülüşlər, nəğmələr, rəqslər evi başına götürürdü. Zərnigar
xanımın qohum əqrəbası qızların hoqqabazlığına tamaşa etmək tökülüşüb bəy
evinə qonaq gəlirdilər. Mustafa bəyin Gəncə bəylərinin evlərində gəlin olan
qızları da bu tamaşaları qaçırmır, ata evinə müsafirliyi həmin vaxta
salırdılar.
Son gəlişində Helen xəbər gətirdi, dörd həftədən
sonra Ferens List Helendorfda olacaq. O bacısına deyirdi;
”“ Bilirsənmi, bizim möhtərəm müəllimimiz cənab Yakob
Kraus Ferens Listin atası Adam Listin müəllimi olub. O, xəbər tutub
ki, maarifləndirici musiqi missiyası ilə Avropa səyahətinə çıxan Ferens
List indi Rusiyadadır. Kraus Listə məktub göndərib, onu
Helenendorfa dəvət edib. O da razılıq verib. Listin səfərinin yüksək
himayəsini isə Böyük Knyaginya Yelena Pavlovna ”“ bizim Vürtenberq prensesimiz
öz üzərinə götürüb.
”“ Ola bilməz!
”“ Olub, Gilda. Artıq olub. Bu barədə hətta
“Stuttgarter Zeitung” yazıb.
”“ Doğrudanmı? Özün oxudunmu?
”“ Əlbəttə, özüm oxudum. Qəzetin son nömrələri sənə də
gətirmişəm.
”“ ”¦ Helendorfda”¦konsert verəcək”¦ İnanılmaz bir şey”¦
”“ Konsert ibadət evində olacaq. Cənab Forer deyir ki,
ibadət evinin yerində Lüteran Kirxası ucaltmaq üçün Qafqazın bütün
şultsları bir yerdə Böyük Knyaginyaya rica məktubu göndəriblər. O,
bu xahişi imperator həzrətlərinə çatdıracaq. İmperator Birinci Nikolay Yelena
Pavlovnaya `ailəmizin düşünən beyni` deyir və heç zaman onun sözünü yerə
salmır.
”“ `Ailəmizin düşünən beyni`”¦ nə gözəl deyilib.
”“ Gözəl olan bu adı almaqdı, Gilda. Bu adı
Prenses öz ağlı ilə alıb.
”“ Doğrudur. O bizim müqəddəs anamızdır. Hə, sən Listdən
danışırdın.
”“ Bəli. Cənab Forer deyir ki, qoy bu yerin yaddaşında
böyük hadisələr qalsın. Qoy tarix desin ki, Helenendorfun Lüteran kilsəsinin
yerində List konsert vermişdir.
”“ Aman Allah, demək, List Helenendorfa gəlir, heç
inana bilmirəm.
Səyyarə Müzəffər bəy əhvalatından sonra nadirən rast gəldiyi
fröylen Gildanın sevinc dolu gözlərinə baxır və bu həyəcanlı söhbəti maraqla
dinləyirdi.
”“ Gilda, deyirlər, List sarsıntı içindədir.
”“ Niyə?
”“ Qrafinya Mari d`Aqu onu tərk edib. Üç uşağını da
alıb aparıb və bir daha geri dönməyəcəyini bəyan edib. Hətta deyirlər, artıq
başqa birinə nişanlanıb. Bu, qrafinyanın köhnə dostlarından biri imiş. Bunu da
qəzetlər yazır.
”“ Ah, bədbəxt List.
”“ Gilda, danışırlar ki, bu faciə Listi elə sarsıdıb
ki, ifasının sehiri birə beş artıb. Indi Avropada krallar belə onu ayaqüstə
alqışlayır. Dinləyəni həyacana salır, ona qulaq asan hər kəsin gözünə İkinci
Zühur görünür. Bəziləri isə tamam başqa şey deyir”¦ Deyirlər, Paqanini kimi onun
da başı üzərində ifa zamanı şeytan görünür. Bunu öz gözləri ilə görənlər olub.
”“ Helen, bəlkə o, həqiqətən şeytanla əlbirdir. Əgər
insan gücü çatan işdən artıq iş görürsə, mütləq, onu şeytan idarə edir.
Səyyarə bütün Avropanın heyran qaldığı, şeytanın idarə
etdiyi, tərk edilmiş maestro haqda düşünürdü. Kralların ayaqüstə
alqışladığı bədbəxt adam”¦ həm də şeytan misallı”¦ bu, necə ola bilər. Avropada hər
kəsi həyacana salan bu adam ”“ fröylen Gildanın son vaxtlar tez-tez piano dilləri
ilə dilləndirdiyi bu adam Gəncəbasara gələcək”¦
”“ Gilda, cənab Forerin malikanəsində aləm biri-birinə
dəyib. Böyük çaxnaşma var. Hər kəs Ferens Listi qarşılamağa hazırlaşır. Frau
Marta özünə və qızlarına yeni paltarlar sifariş edib.
”“ Demək, krallar üçün çalan List Helenendorfda
çalacaq. Bu uzaq diyarda. Bizim üçün. İnana bilmirəm. O necə razılıq verib bu qədər
məsafəni qət etməyə?
”“ Bəlkə də List cənab Yakob Krausa etiraz edərdi”¦ ”“
Helen mənalı tərzdə sözünü yarımçıq saxladı.
”“ Sən nə demək istəyirsən?
”“ Əlbəttə, mən böyük müəllimimiz cənab Kraus haqda
dolaşan bu alçaq şayiəyə inanmıram., lakin pis dillər and-aman edir ki,
List təzəlikcə Yakob Kraus kimi “Birlik” Frankfurt masson lojasına daxil
olub. Guya xahişi yerə salsaymış masson qardaşlığı bu etinasızlığı təqdir etməzmiş.
”“ Demək bu səfərin səbəb var. Amma doğrudanmı
Ferens List masson lojasının üzvüdür?
”“ Bu barədə heç nə bilmirəm. Bir onu bilirəm ki, cənab
Forer, cənab Hummel, cənab Simens və demək olar ki, bütün şultslar möhtərəm müəllimimiz
Yakob Krausun rəhbərliyi ilə böyük təntənəyə hazırlaşırlar. Möhtəşəm bir
proqram tutulub. Gilda, deyirlər o çox yaraşıqlıdı. 29 yaşına yenicə girib.
Qrafinyanın tərk etməsi onu sarsıtsa da Avropada çoxlarını sevindirib.
Buna mən də sevinirəm, Gilda. Qəzet yazır ki, onu Böyük Knyaginya Yelena
Pavlovna öz Mixaylovski sarayında dinləyib və Helenendorfdan dönən kimi Qış
Sarayında Birinci Nikolaya təqdim edəcək.
”“ Eləmi”¦
Bacıların söhbətində Səyyarə üçün aydın olmayan xeyli
kəlimə vardı. O söhbətin nədən getdiyini tam anlamırdı. Səyyarə yalnız üç
uşaqlı qrafinyanın tərk etdiyi, Avropanı həyəcanlandıran bu ifaçını düşünürdü.
Həmin gün Helenendorfda olmaq, onu dinləmək istəyirdi.
”“ Fröylen Gilda, biz də Ferens Listi dinləməyə gedəcəyikmi?
-Əlbəttə, Səyyarə xanım. Bu, nadir bir fürsətdir, əldən
buraxmaq ağılsızlıq olar.
”¦Nəhayət, List Helenendorfda idi. Maestro böyük həyəcanla
qarşılandı. Kolonistlərin bütün şultsları və əczaçıları ”“ Qotlib Kox, İohanes
Vuhrer, Qurr, Rozendorf, Ştrazer, Altqauzen kimi təmsilçiləri ”“ öz ailələri ilə
qarşılanmada iştirak edirdilər.
İlk günlər
yalnız tanışlığa həsr edilmişdi. Ferens Listi Hummelin, Forerin və digər alman
mülkədarların yüksək səliqə-sahmanlı üzüm bağlarını, dəyirmanlarını, xarrat və
dəmirçi dükanlarını, meyvə-su, pivə zavodlarını, çaxır və konyak
zavodlarını, anbarlarını gəzdirirdilər. Gil, ağ daş və yumurta ağı ilə
tikilmiş, sahəsi 3 min kvadratmetr, yerin təkində olan anbarlar
daima 13-15 dərəcə, qışda isə 10 dərəcə istilikdə olurdu. Mühəndislər
maestroya palıd ağacından hazırlanmış çəlləkləri, dəmir, çınqıl və yumurta
ağından düzələn nəhəng çənləri göstərirdilər. Bu çənlərdə şərabı necə
yetişdirdiklərindən danışır, qablara necə süzüldüyünü nümayiş etdirirdilər.
Onlar anbarın tən ortasında durmuşdular.
Adam Kraus önünə gətirilən sinidən bir qədəh alıb
Ferens Listə təqdim etdi.
”“ Cənab List, öncə bu qədəhdən dadın. Bu şərabın
15 yaşı var. Helenendorf məktəbi ilə yaşıddır.
”“ Məktəblə yaşıd şərab. Çox musiqili səslənir. ”“
deyə List güldü.
Zirzəmidə olan beş altı nəfər də ona qoşuldu. Bu gülüş
divarlara dəyib əks-səda verdi. Ferens List çoxalan, dalğalanan bu səsləri
Helenendorf məktəbi ilə yaşıd şərabla bir yerdə yavaş-yavaş və məmnun-məmnun
içinə çəkirdi.
”“ Proqramda
uşaq xoru gördüm. Bəlkə onları burada dinləyək. Sizin şərab anbarında yaxşı
akustika var”¦
”“ Bu,
maestronun bildiyi işdir və arzuladığı kimi olacaq. Bizim bildiyimiz odur ki, hər
həftə bu anbarda kükürd yandırırıq. Bu, zirzəmidəki həşəratları və havadakı
mikrobları məhv edir. Yaxşı çaxır həşəratsız və mikrobsuz məkanda yetişməlidir.
”“ deyən cənad Forer onu da əlavə etdi ki ”“ musiqi üçün də həşəratsız və
mikrobsuz məkana ehtiyac olduğunu heç eşitməmişdim.
Yenə ucadan
gülüşdülər.
”“ Cənab
Forer, görürsünüz, Avropadan uzaq düşməyin yaxşı cəhətləri də varmış. Ən
azı Paris musiqi aləminin həşəratlarından və mikroblarından xəbərsiz
olursan.
Ferens List
bütün bu gördüklərinə heyranlıqla tamaşa edir, mədəni dünyadan uzaq olan bu
ucqarda soydaşlarının yaratdığı sivilizasiya barədə Avropadakı dostlarına söhbət
açacağını deyirdi.
Yakob
Kraus Listin bu fikrini alqışladı və əlavə etdi;
”“ Cənab
List, gördüklərinizi, lütfən, Vürtenberq Prensesinə ”“ bizim xilaskar anamıza da
danışın. Deyin, soydaşları onun adını daşıyan Helenendorfda mədəni mühit
yaratmaq və bu mühiti Rusiyanın cənub sərhədlərində möhkəmləndirmək üçün əllərindən
gələni əsirgəmirlər.
”“ Əlbəttə,
cənab Kraus. Əminəm, Vürtenberq Prinsesi mənim Qafqaz təəssüratlarımı maraqla
dinləyəcək.
”¦.Günorta idi.
İcma məktəblərinin müəllimləri, tələbələri, valideynlər və bütün
tamaşaçılar ibadət evinin həyətinə toplaşmışdı. Divar dibində sıralanıb
intizarla Listi gözləyən gözəl geyimli xanımlar arasında Səyyarə də vardı.
Budur Ferens List göründü. O, inanılmaz yaraşıqlı idi.
Arxayın
bir təbəssümlə həyəcanlanmış tamaşaçılara baxdı, nəzakətli və ədalı bir təzim
etdi. Sonra royalın arxasına keçdi.
”¦Səyyarə xanım
fröylen Gildaya sığınıb Ferens Listi dinləyirdi. Hər kəs nəfəsini çəkmədən dinləyir,
maestronun yüksək ifasını sürəkli alqışlarla, xoş sədalarla qarşılayırdı. Səyyarə
çınqırını belə çıxarmırdı. Heyrət və heyranlıq içində donmuşdu. Bu ecazkar ifa,
öz ifaçısı ilə birlikdə qəlbini alıb aparmışdı. Gözlərini xəyal kimi nazik tənli,
uzun boylu, qara geyimli, saçları çiyinlərinə tökülmüş, qalın qaşları iri gözlərini
sıxışdırmış bu adama, onun gah quş kimi çırpınan, gah da halsız düşən əllərinə dikilmişdi.
Bu arada xidmətçisi
Mustafa bəyin xanım qızına ayaqüstə qalmamaq üçün kətil gətirmiş, ara-ara üç dəfə
`kiçik xanım, əyləşin` demiş, lakin Səyyarənin ruhu belə onu duymamışdı.
”¦Səyyarə xanım və
fröylen Gilda faytonla Alabaşlıya dönürdülər.
-Fröylen Gilda, bu, möcüzə idi”¦
”“ Bəli, Səyyarə
xanım. Həm də bu möcüzəni görmək böyük səadət idi.
”“ Krallar
onu ayaqüstə alqışlayır”¦ mən də kral olsaydım onu yalnız ayaqüstə
alqışlayardım.
”“ Siz də
onu ayaqüstə dinlədiniz, Səyyarə xanım.
”“ Eləmi?
Ayaq üstdə idimmi?
Səyyarə
yolboyu bir daha danışmadı. Gilda da susurdu. Onların hər biri öz Ferensini öz
qəlbində dinləyirdi.
”¦Səhəri gün həmyerliləri
yüksək qonaq üçün ceyran ovu təşkil etmişdilər. Ferens o qədər də ov həvəskarı
deyildi, lakin bu təklifdən imtina edə bilmədi. Helenendorfun görkəmli
sakinləri və möhtərəm qonaq, atlı-arabalı, xidmətçilər və bir sürü ov iti
ilə birlikdə Annenfeldə ova yollandılar. List əvvəlcə könülsüz olsa da
yola çıxandan bəri çox məmnun idi. Maraqlı insanların məclisi, həmfikirlər,
gözəl təbiət, təmiz hava, qalın meşəlik, hər addımda rast gəlinən bulaqlar,
qıjıltıyla axan arxlar ona hər şeyi unutdurmuş”¦ ürəyini açmışdı. Ov da uğurlu
keçirdi. Ovçuların kefi kəllə-çarxda idi. Zarafatlaşır, biri-birinə
sataşır, ucadan qəhqəhə çəkir, özlərini öyürdülər.
Lakin”¦ bu uğurlu
ovun axırı dilxorçuluqla başa çatdı.
Ferens nişan
alıb kolluğa atdığı güllənin canlı hədəfə dəydiyini hiss etdi. Bunu ovçu
yoldaşları da duydular. Kolluğa tərəf irəliləyərək;
”“ Cənab
List, deyəsən güllə hədəfə dəydi. Özünüzü yetirin. Birinci görməkdə uğur var.
”“ Birinci mən görüm.
Ferens kolluğu aralayıb qarşı tərəfə boylandı.
Yerində donub qaldı. Onsuz da solğun üzü sapsarı saraldı, qolları yanına düşdü.
Tüfəngi taqətsiz açılan əlindən sürüşdü. Ovçular məsələni anlamaq üçün irəli
atıldılar.
Kolluğun
arxasındakı çəmənliyə yaralı bir ceyran çökmüşdü. Sinəsindən qan şorlanan
ceyran çarəsizçə çırpınır, dizini yerə basıb ayağa qalxmağa çalışırdı. Lakin”¦ əbəs.
Ferens gözlərini, yerə çökməkdə olan ceyranın gözyaşı süzülən ala gözlərinə
dikib lal-dinməz durmuşdu”¦ Ceyranın qarnında balası vardı.
List bu mənzərədən
sarsıldı.
”¦ Artıq Ferensin
gözünə heç nə görünmür, heç nə eşitmir, dinib danışmır, baxışlarını məchullardan
ayırmırdı. O, həm də qorxmuşdu, qəlbində izahedilməz bir təşviş oyanmışdı.
Düşünürdü, bu, bir əlamətdi, böyük fəlakətdən xəbər verən əlamət. Həyatı
ehtiyaclardan ibarət olan, zənginlərə xidmətdən usanmış, sənətə atdığı
ilk addımdan Paris mentorlarının düşmən kəsildiyi, sevdiyi qadının belə tərk
etdiyi List şeytanın onu izlədiyinə, ən uzaq diyarlarda belə onu rahat
buraxmadığına onsuz da əmin idi. Bu da əminliyinin əlaməti ”“ qarnında balası
olan ceyranı vurdu. Demək, onu yaxşı heç nə gözləmir.
Cənab Forer ovu
təşkil etdiyinə bərk peşman olmuşdu. Lakin peşmançılıqdan keçmişdi. O da
balalı ceyran əhvalatını pis xəbər sayır, təlaşlanır, lakin Listi özünə gətirmək,
fikrini yayındırmaq istəyirdi.
Bu
dilxorçuluqdan sonra ovu davam etdirmək mənasız idi. Xristofor ağa Mustafa bəyə
artıq onlara sarı yol almağın vaxtı gəldiyini dedi. Şults, Alabaşlıya, dostu
Mustafa bəy gilə gedəcəklərini söyləsə də List öz aləmində idi, qəlbi
sızıldayırdı, etirazsız və təqdirsiz idi, sadəcə deyiləni edirdi. Ürəyində isə
onu gözləyən yeni fəlakət haqqında düşünür, təşvişi və həyacanı get-gedə artır,
ceyranın yaş süzən gözləri gözü önündən çəkilmirdi.
”¦Ovçular,
Alabaşlı mülkədarı Mustafa bəyin malikanəsinə yetişdilər. Bəy evinin
darvazaları taybatay açılmış, qonaqları qarşılamağa xeyli adam çıxmışdı.
Atlılar,
furqonlu arabalar, coşmuş ov tulalarını zəbt etməyə çalışan xidmətçilər
hay-küylə geniş həyətə doluşdular. Nökərlər atların üzəngini basaraq sayqı ilə
ağaları atdan endirib eyvana sarı yönəldirdilər.
Ferens List sanki bir qədər özünə gəlmişdi. Düşdüyü bu
mühit diqqətini çəkmiş, onu yenidən canlandırmışdı. O,
ətrafda gördüyü hər şeyə böyük maraqla baxırdı.
Ev sahibi
qonaqları layiqincə qarşılamaq üçün böyük tədarük görmüş, manqallar qalanmış,
şişlər çəkilmiş, təndirlər salınmış, qazanlar asılmış”¦ təm-təraqlı məclis
qurulmuşdu. Xoş qoxular bir-birinə qarışmışdı. Xidmətçilər vurnuxur, ortalıqda
şadyana bir həyəcan çağlayırdı.
Həqiqətən,
Mustafa bəyin evində olmazın bir təlaş vardı. Ağadan nökərə, xanımdan
qulluqçuya, qohumdan qonşuya hər kəs bilirdi ki, bu qonaq hər gələn qonağa bənzəməz.
Bu, padşahların alqışladığı bir əlahəzrətdi. Uzaq Avropadan gəlmişdir. Rus
imperatoru Birinci Nikolayın qardaşı arvadının himayəsində olan bir
zatdır. Ona görə hər kəs əldən ayaqdan getmiş, boynuna düşəni etmək üçün
özünü həlak etmişdi.
Zərnigar xanım əlini
belinə qoyub pilləkanın başında durmuş, xidmətçilərə əmr verirdi. Süfrənin bəzəyinə-düzəyinə
nəzarət etməyi `nemes qızına` tapşırmışdı. Hətta Mustafa bəyin qızı, kiçik
xanım, səs-küyü, cikkiltisi ilə aləmi başına götürən Səyyarə belə süfrə bəzəməyə
həvəslə kömək etmişdi. Əslində, Səyyarənin məqsədi kömək zad deyildi, qonağı
görmək üçün bəhanə idi.
”¦Fröylen Gilda əziz
müəllimi cənab Krausu və cənab Foreri salamlamaq üçün onlara tərəf
üz tutdu. Yaxınlaşıb yüngülcə dizlərini bükdü və başı ilə təzim
etdi. Ferens List də onlarla idi. Yakob Kraus qısa bir səlam-kəlamdan sonra
Gildanı maestroya təqdim etdi;
Cənab List,
fröylen Gilda bizim məktəbin məzunudu. Artıq bir neçə ildi o, Mustafa bəyin
evində yaşayır, kiçik xanımın mürəbbisidir.
Gilda bu sözlərdən
sonra başı ilə maestroya təzim etdi. List eyni hərəkətlə ona cavab verdi. Yakob Kraus isə davam
edirdi;
”“ Fröylen
Gilda və bacısı fröylen Helen bizim məktəbin əlaçılarındandı. Indi bizim məzunlardan
12 nəfər Yelizavetpol mülkədarlarının evlərində mürəbbilik edir. Onlar yerlilərin
yeni nəslinə Avropa mədəniyyəti və musiqisi öyrədirlər. Bu, bizim missiyamızın
mühüm istiqamətlərindən biridir, cənab List.
”“ Həqiqətən,
bu, çox mühüm işdir, cənab Kraus.
”“ Cənab
List ”“ fröylen Gilda söhbətə qoşuldu ”“ biz bacımla çox erkən yaşlarında
valideynlərimizi itirdik. Köçdüyümüz ilk illərdə Helenendorfda yoluxucu xəstəliklər
tüğyan etmiş, atamız vəbadan ölmüşdü. Sibir xorası yayılanda isə anamızı
apardı. Bacımla mən demək olar ki, valideynlərimizi xatırlamırıq. Bizi Cənab
Kraus himayəsinə aldı. Helenendorfda bizim kimi valideynsiz uşaq çox idi. Indi
də çoxdu. Möhtərəm müəllimimiz heç kəsi diqqətdən kənarda qoymur. O, öz
missiyasını şərəflə davam etdirməkdədir. Mən onunla fəxr edirəm. Sizi bu uzaq məmləkətdə
dinləyə bildiyimiz üçün də ona və sizə minnətdaram.
List
Gildanı dinləyir, arada cənab Krausa nəzər salaraq məmnuniyyətlə başını tərpədirdi.
”¦Başları söhbətə
qarışmış bu adamları diqqətdən qoymayan Səyyarə hürkək addımlarla və tərəddüd
içində mürəbbisinə yaxınlaşmaqda idi.
Fröylen Gilda
qolunda təmas hiss edib geri çevrildi, Səyyarənin əlindən tutub maestroya
təqdim etdi;
”“ Tanış
olun, Cənab List, bu da tələbəm, Səyyarə xanım. O almanca danışır və sizin əsərlərinizi
çalır. Helenendorfda sizi birlikdə dinlədik.
Səyyarə bir
addım önə keçib Gilda ilə yanaşı durdu. Ferens Səyyarə ilə göz-gözə gəldi. Bu
baxışdan Ferensin cismindən ildırım sürətli titrəmə keçdi. Səyyarənin gözləri
Ferens Listə az əvvəl qəza ilə vurduğu ceyranın gözlərini xatırlatdı. Bayaqkı o
məşum mənzərə, sinəsi qan daman yaralı ceyran, gözü yaş süzən balalı ceyran bir
daha Ferensin gözləri önündə canlandı. Listin gözləri qaraldı”¦ yenicə avazımış
sarsıntını bir daha yaşadı”¦
”¦Bütün təkidlərə
və təriflərə baxmayaraq maestro o gecə lətif ceyran ətinin dadına baxmadı.
Dilinə heç nə vurmadı. Məclisin sonunda isə titrətmə-qızdırma içində huşunu
itirdi.
Ferensi tələm-tələsik
yorğan-döşəyə uzatdılar. Gecəni sübhə kimi Səyyarə və Gilda onun başı üzərindən
çəkilmədilər, od tutub yanan alnına sirkə-dəsmal qoydular.
List huşsuz
halda sayıqlayır, boğulur, çarəsiz vəziyyətdə Səyyarənin zərif əllərinə
sarılırdı. Ferens hər dəfə gözü yumulu Səyyarənin əllərini axtarırkən,
küncdə, xalça üzərində oturub gözünü bir an da olsa xəstədən
ayırmayan Məşədi Bala bəy yerindən atılıb xəncərinin soyuq qəbzəsindən
yapışırdı.
Səhərə yaxın hər
şey keçib getdi. Ferens toxtadı, nəfəsi açıldı və uşaq kimi dərin bir yuxuya
daldı. O, yuxudan çox gec oyandı. Gün günorta olmuşdu. Pəncərədən düşən günəş
şüaları gözlərini qamaşdırmış, yuxusunu qaçırmışdı. Həyətdən, pəncərənin altından
qırt toyuğun qaqqıltısı eşidilirdi. Qonaq otağından isə cingiltili
bir qəhqəhə səsi gəlirdi.
Ferens dikəlib
yerində oturdu. Bir qədər dinlədikdən sonra qalxıb qonaq otağına boylandı.
Yavaşca pərdəni araladı. Səyyarə otağın ortasında tamaşa göstərir, gecəboyu
qızdırmadan sayıqlayan Listi yamsılayırdı. Arada qaraçı mahnıları oxuyur,
Karolinanı çağırır, qraf Sen-Krikə lənətlər yağdırırdı. Hətta qısqanclıqla
bacısını qoruyan, Ferensin Səyyarənin əllərinə uzanan əllərini gördükcə qəzəblənərək
əlini xəncərinə atan Məşədi Bala bəyin özünü də məsxərəyə qoyurdu.
Otaqda xeyli
adam vardı. Hər kəs qəh-qəhə çəkib gülürdü. Gilda da bir tərəfdə durub Səyyarəni
alqışlayır, tamaşanı ilhamlandırmaq qəsdi ilə replikalar atır, `bravo` deyirdi.
Qonaq otağına
daxil olan List gördüyü səhnədən pərt oldu. Onun qəfil gəlişini görənlər
də duruxdular. Səyyarə isə gülməyinə davam edir, uğunub gedirdi. List,
bir an sonra dayana bilməyib özü də bu gülüşməyə qoşuldu.
”¦Helenendorf
şultsları Mustafa bəyin malikanəsini sübh tezdən tərk etmiş, Listin arxasınca
fayton göndərəcəklərini demişdilər. Fröylen Gilda Ferens Listin tək müşayiətçisi
olaraq qalmışdı. O, məmnuniyyətlə, maestroya bələdçilik edir, həyət-bacanı,
gülbaxçanı gəzdirir, bir an belə tək buraxmırdı. Səyyarə isə mürəbbisindən əl çəkmirdi.
Məşədi Bala bəy də bacısını gözdn qoymur, hər şeyi diqqətlə izləyir, `nə
deyir` deyə hər sözü bacısına tərcümə etdirirdi. Səyyarə isə bəzi söhbətlərin
üstündən keçir, qardaşına tamam başqa şeylər deyirdi.
Ferens
yerli adət-ənənələrlə bağlı xeyli suallar vermiş və bir əcnəbinin yerli bir gözələ
aşıq olarsa onu buralardan alıb aparmaq üçün necə davranacağı barədə
yarızarafat, yarıgerçək suallar yağdırmışdı. Səyyarə də, Fröylen Gilda da
gedişatın hara vardığını artıq yaxşı bilirdilər.
”¦List Səyyarənin
kiçik pianosunda çalmaq istədiyini bildirəndə gənc xanımlar maestronun bu istəyinə
hədsiz sevindilər. Bu, misilsiz fürsət oldu.
”¦Günortadan keçməmiş
xidmətçi xəbər gətirdi; cənab Listi Helenendorfa aparacaq fayton qapıda gözləyir.
Ayrılıq zamanı
çatmışdı. Ferens həycanlı idi. Əmin idi, Səyyarə onun xilaskar mələyidi, onunla
olarsa bütün acılarını unudacaq, bütün çətinliklərini aşacaq, qəm-qüssəsi belə
sevincə çevriləcəkdi. Onu artıq həyatının qadını, gələcəyi, səadəti kimi
görürdü. Qətiyyən əl çəkəcək, fikrindən daşınacaq deyildi. Nəyin bahasına
olursa olsun, bütün maneələri aşacaqdı. O, bu günə qədər qarşısına çıxan çox
maneələri aşmışdı. Bunu da aşacaqdı.
Ferens bütün qəlbi,
varlığı ilə aşiq idi və qərarlı idi.
Vidalaşma anı gəldi.
List on yeddi yaşından bəri barmağında gəzdirdiyi üzüyü Səyyarəyə verdi.
Üzüyün üstündə “usanmadan gözləyəcəyəm” sözləri nəqş edilmişdi.
List özlüyündə qəti
qərara gəlmişdi, o, ən tez zamanda Səyyarənin arxasıyca Yelizavetpola
qayıdacaqdı. O, sözünü Səyyarəyə demiş və ondan `usanmadan gözləyəcəyəm`
cavabını almışdı.
”¦Ferens List faytona oturub Alabaşlıdan uzaqlaşırdı. Səadət
içində idi, sevgi dolu bir qəlblə gedirdi. Səyyarənin vida
anında dolmuş ceyran gözlərini də xəyalında aparırdı.
Bir gün sonra Xristofor
Forer və Yakob Kraus Ferens Listin ən tez zamanda Yelizavetpola ”“ Mustafa bəyin
qızı Səyyarənin dalıyca qayıdacağını öz qulaqları ilə eşitmişdilər. Kraus xəbəri
çox təmkinlə dinləmiş, bu işin çətinliklərindən bir-iki kəlmə söz etmiş, kilsənin
və rus hökumətinin məsələyə münasibəti barədə düşünməyin, İslamı qəbul edərsə
Avropa musiqi çevrəsindəki perspektivlərini müzakirə etməyin zəruri olduğunu,
sanki yerigəlmişkən qeyd etmişdi. Əslində isə Kraus eşitdiklərindən dərin təşvişə
düşmüşdü.
Ferens List
Yakob Krausun dediklərinə qətiyyən məhəl qoymadı. Belə əngəllər onun iradəsinə
hökm edə bilməzdi. O, Səyyarəyə görə, antixristin meydan suladığı lənətlənmiş
Avropanı belə bir dəfəlik tərk edə bilər, elə bu an hər şeyi atıb, Səyyarəni
alıb, Müqəddəs Torpaqlara üz tuta bilərdi.
”¦Helenendorf səfəri sona yetdi. List Sank-Peterburqa
yollandı. Onunla yanaşı bir məktub da gedirdi. Bəlkə də bir neçə ünvana eyni məzmunda
bir məktub. Həmin məktublardan birini Yakob Kraus Böyük Knyaginya Yelena
Pavlovnaya yazırdı; o, burada yerli mülkədarın qızına aşıq oldu. Evlənmək üçün
tez bir zamanda Yelizavetpola geri dönəcək- deyir. Belə bir nigahın yeganə şərti
İslamı qəbul etməkdi”¦
”¦Vürtenberq
Prensesi məktubu oxuyub masaya qoydu. Dərin fikrə getdi. O, öz soydaşlarının həyatını
yüngülləşdirmək üçün əlindən gələni edirdi. Onların bütün çətinliklərindən,
yollardakı fəlakətlərindən, yoluxucu xəstəliklərə tutulmaqlarından, iqlim
fərqinə görə doğulan uşaqların yarıbayarı tələf olmasından, Müqəddəs Torpaqlara
yollanmaq istərkən atlı kazakların tapdağı altına salınmaqlarından, yerli məmurların
imperatora hesabatlarından ”“ alman kolonistlərin cənub sərhədlərində
xristianlığı yaymaq işini doğrultmamaqlarından və xəzinədən çəkilən xərclərin
boşa getdiyindən qalaq-qalaq hesabatlar gəldiyindən xəbərdar idi. Indi isə”¦.
Belə bir hadisə baş verərsə”¦ dillərə düşərsə”¦ soydaşlarının aqibəti necə
olar”¦ kilsə buna nə deyər, onun protestanlıqdan çıxıb provaslav təriqətini qəbul
etməsini fürsət düşdükcə şübhə altına alan düşmənləri bu fürsətdən onun əleyhinə
yaxşıca istifadə edərlər. Bundan sonra sarayda onun səsi bir daha eşidilərmi”¦
”¦Bütün hallarda
qarşıda bir konsert vardı, Peterburq Musiqi Konservatoriyasının himayəçisi
Böyük Knyaginya Yelena Pavlovnanın razılaşdırdığı konsert. Birinci Nikolay
ailəsi və yaxın əshabələri ilə birlikdə, Qış Sarayında Ferens Listi dinləyəcəkdi.
”¦List artıq Sank-Peterburqda idi. Uzun və üzücü yol
boyu bir an belə Səyyarəni unuda bilməmişdi. O, Rusiyada planlaşdırılmış işləri
bitirib təcili Avropaya dönməli, oradakı işlərini sahmana salıb yenidən
Qafqaza ”“ Səyarənin dalıyca qayıtmalı idi. Çox tələsirdi. Itirəcək bir anı belə
yox idi. Lakin nə qədər təşviş içində olsa belə qəlbi sevgi dolu idi.
Mutlu və umudlu idi. Səbirsizliklə konsert gününü, bundan sonra Mixaylovski
Sarayda Vürtenberq Prensesinin təşkil edəcəyi gecəni gözləyirdi. Onun Böyük
Knyaginyaya təşəkkür borcu vardı. Hər şeyə görə təşəkkür, xüsusilə, Səyyarəyə
rast gəldiyinə görə, həyatında ilk dəfə qəlbinin səsini eşitdiyinə görə”¦
prinsesə dərin bir minnətdarlıq duyğusu vardı. Bu yüksək duyğunu onunla
mütləq bölüşəcək, ona olan ithafını səsləndirəcəkdi.
”¦Qış Sarayının Mərmər
Salonuna imperator ailəsi və idarəetmənin zirvəsi toplanmışdı.
Avropanın `Yeni
Mosartı` Ferens List İmperator Birinci Nikolaya və yaxın əshabələrinə
konsert verirdi. O, bütün Avropanı salon-salon dolaşan, misilsiz simfonik
poemalarını ifa edirdi. Maestronun gözləri qapalı idi, xəyalları Qış Sarayından
çox-çox uzaqlarda dolaşırdı. Səyyarənin ay kimi şəfəq saçan üzünə, gülüşlərinə,
ceyran gözlərinə tamaşa edirdi. Əslində, Ferens yalnız o gözlər üçün çalırdı.
O, bəxtiyar anları təkrar yaşayırdı. Musiqi bütün məsafələri aradan almış, onu
sevgilisinə aparmışdı.
Bu anda
maestronun aləmində sanki şimşəklər çaxmağa başladıdı, xəyal dünyasına yad səslər
soxuldu. O, sanki yuxudan ayıldı. Gözlərini açdı. Səs salondan, lap
yaxından gəlirdi. Və ara vermədən davam edirdi. Maestro özü belə hiss etmədən
əllərini royalın dillərindən çəkdi. Gözlərini bir nöqtəyə zilləyərək ətrafı
dinlədi. Uca səslə danışıq davam edir, ona toparlanmağa imkan vermirdi.
Artıq harada qaldığını, hətta nə çaldığını belə xatırlamırdı.
Ferens ağır-ağır
üzünü çevirib salona ”“ səs gələn tərəfə baxdı. Salonun mərkəzində, dəbdəbəli
taxtda oturmuş Birinci Nikolay öz yavəri ilə danışırdı. Həmin anda salonda olan
bütün tamaşaçılar gah səhnədə ifasını yarımçıq kəsmiş Listə, gah da söhbətini
davam etdirən Birinci Nikolaya baxırdı. Imperator musiqinin susduğunu görüb söhbətinə ara
verdi, üzünü maestroya tutdu;
Niyə çalmırsınız, cənab List?- deyə Birici Nikolay
sual etdi.
Rus çarı danışırsa hər kəs susmalıdı, Əlahəzrət. ”“
deyə List cavab verdi.
Sizin ekipaj sizi gözləyir, cənab List. ”“ Qış
Sarayının Mərmər Salonunda rus imperatorunun soyuq və ağır səsi
yüksəldi.
Salondan vahiməli bir uğultu keçdi.
List kübar bir təmkinlə royalın arxasından
qalxdı, çaxnaşmış salona təzim edib yerini tərk etdi.
Çox keçmədən Listin qaldığı mehmanxana otağına
polismeyster daxil oldu və ali qərarı maestroya təqdim etdi: Ferens List altı
saat ərzində Sank-Peterburqu tərk etməli və bir daha Rusiya torpaqlarına
ayaq basmamalıdır.
”¦ İllər keçir”¦ Mustafa bəy gözəl qızını nə qədər dilə
tutsa da Səyyarə heç kimə ərə getmir. O, atasının çarəsiz təkidləri altında
inadla susur, dolmuş ceyran gözlərini barmağındakı üzüyə zilləyirdi; `usanmadan
gözləyəcəyəm`.
18.12.16
Bu kədərli məhəbbət əhvalatından 200 ilə yaxın bir
vaxt keçir.
Mehriban Vəzir