Müharibə şəraitində olan və düşmənlə bütün cəbhələrdə olduğu kimi informasiya sahəsində də mübarizə aparan Azərbaycan üçün hərbi jurnalistikanın önəmi inkaredilməzdir. Bu gün təmas xəttində baş verən proseslər, ordunun döyüş hazırlığı, ondakı müsbət tendensiyalarla yanaşı neqativ olayları dövlətin mənafeyinə, Silahlı Qüvvələrin nüfuzuna zərbə vurmadan işıqlandırmaq xüsusi səriştə tələb edir ki, bu da yalnız hərbi jurnalistikanın sirlərinə bələd olan media peşəkarları tərəfindən reallaşa bilər.
Maraqlıdır, Azərbaycanda hərbi jurnalistikanın mövcud durumu qənaətbəxşdirmi? Ölkədə hərbi jurnalistikanın inkişafına lazımi diqqət göstərilirmi? Hərbdən yazan media nümayəndələrinin peşəkarlıq səviyyəsi məqbuldurmu?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert və jurnalist Üzeyir Cəfərov bu sahədə vəziyyətin ürəkaçan olmadığını vurğuladı: “Təvazokarlıqdan uzaq da olsa, bir şeyi qeyd etmək istərdim ki, Azərbaycanın ilk diplomlu hərbi jurnalist zabit kadri kimi hərbi jurnalistikamızın səviyyəsindən çox narazıyam. Bunu həm anlayışla qəbul edirəm, həm də çox təəssüf və təəccüblənirəm. Olmayan və qurulmayan bir iş haqqında nə demək olar? Uzun illərdir ki, ölkəmizdə hərbi jurnalistika sahəsi ilə bağlı lazım olan işlərin görülməsi haqqında məsələ müzakirə olunur və bu, elə müzakirələr səviyyəsindən o yana keçmir. Bizim hökumət və dövlət strukturlarında çalışan rəhbər şəxslər anlamaq istəmirlər ki hərbi jurnalistika bir sahədir və burada təhsilsiz nəyəsə nail olmaq qeyri-mümkündür”.
Ü.Cəfərovun sözlərinə görə, NATO ölkələri hərbi jurnalist kadrlarınn hazırlanması məsələsinə olduqca ciddi yanaşır, bu istiqamətdə ardıcıl iş aparırlar:
“NATO-ya üzv ölkələr artıq uzun illərdir ki, Kanadanın Ottava şəhərində bu ixtisas üzrə peşəkarları hazırlayır və onları öz ölkələrinə xidmətə yola salırlar. Keçmiş Varşava Müqaviləsinə üzv ölkələr də bu boşluğu doldurmaq və Şimali Alyansdan geri qalmamaqdan ötəri keçmiş SSRİ-nin Ukrayna Respublikasındakı Lvov şəhərində bu ixtisas üzrə zabit kadrları hazırlayardılar. Azərbaycandan da cəmi 10 nəfər bu ixtisas üzrə zabit kadrları həmən o şəhərdəki Ali Hərbi Siyasi Məktəbin Hərbi Siyasi Jurnalistika fakültəsini bitirmişlər. Onlardan yalnız 4 nəfəri hazırda ölkəmizdə yaşayır və yalnız 3 nəfəri sırf hərbi jurnalistika üzrə zabit kimi xidmət edirlər. Yerdə qalanları isə ya ehtiyatda, ya da xarici ölkələrdə yaşayıb o dövlətlərin güc strukturlarında xidmətləri ilə fayda gətirirlər. Sovet imperiyası dağılandan sonra isə həmən o məktəb artıq Moskva şəhərinə köçürülüb. Adi və profili də dəyişdirilərək bir qədər fərqli statusda mütəxəssis hazırlığını həyata keçirir. Təəssüflər olsun ki, nə orada, nə də Azərbaycanın özündə hərbi jurnalisitika ilə məşğul olan, onu yaşatmaq və Silahlı Qüvvələr üçün zabit kadrları hazırlamaq haqqında nə düşünən, nə də hərəkət edən yoxdur. Və məhz belə bir soyuq və məsuliyyətsiz yanaşmanın nəticəsidir ki, biz tez-tez hərbi və dövlət sirlərinin bəzən açıq mətbuatda olması haqqında narahatçılığımızı dilə gətirməyə məcbur oluruq”.
Ü.Cəfərovun bildirdiyinə görə, Ermənistan hərbi jurnalist kadrlarının yetişdirilməsinə Azərbaycandan daha artıq diqqət yetirir:
“Bu məsələ ilə ciddi məşğul olunmasa, müharibə şəratində olan ölkə kimi biz hələ çox böyük çətinlik və problemlərlə baş-başa qalacağıq. Mülki ali təhsil ocaqlarını bitirmiş, elə hərbi sahədən yazan hər kəs heç vaxt hərbi jurnalist sayıla bilməz. Gəlin özümüzü aldatmayaq. Bu gün hətta adında "əməkdar jurnalist" olan bəzi özündən razı müştəbehlər var ki, baxmayaraq ki, onlar təsadüf nəticəsində hərbi sahəyə gəliblər, rütbə alıblar, indi onlar az qala biz peşəkarlara "həyat dərsi" öyrətməyə çalışırlar. Heç vaxt baş tutan məsələ deyil. Ölkə olaraq biz peşəkar hərbi jurnalistləri hazırlamalıyıq. Zaman və vaxt isə gözləmir. Hətta bəyənmədiyimiz Ermənistan öz ölkəsinin bərbad maliyyə və digər imkanları şəraitində belə hərbi jurnalsit zabit kadrlarını başqa ölkədə hazırlatdırır. Bundan nəticə çıxartmaq lazımdır. Hər oxuyandan da Molla Pənah çıxmır axı...İndi dövlətdən və hökumətdən hərbi sahə ilə bağlı o qədərə qrant alan adı hərbi jurnalsit olan, amma bu sahədən demək olar ki, çox səthi anlayışı olan şəxslər var ki, onlar az qala "professorluq" etməyə cəhd edirlər”.
Seymur Əliyev