Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını parlamentin üzvü Aqil Abbas cavablandırıb. Həmkarımız deputatla erməni QHT rəhbərlərinin Azərbaycana gəlişi, xalqların barışığı və Bakıda həbsdə olan ermənilər mövzusunda danışıb.
- Aqil müəllim, hər iki tərəfdən vətəndaş cəmiyyəti üzvlərinin qarşılıqlı səfərləri olur. Sizə elə bir təklif gələrsə, Ermənistana gedərsinizmi?
- Mən getmərəm. Çünki yaram sağalmayıb. Sözsüz ki, bu sülh prosesinə pis baxmıram. Belə görüşlər və müzakirələr olmalıdır. Ən azından tərəflər bir-birini tanıyırlar. Bizimkilər də onları başa salırlar və həqiqətləri izah edirlər. Əslində, Vətən müharibəsindən əvvəl də bu görüşlər başlamışdı, amma nəticə vermədi. İndi qələbəmiz var və bu görüşlər yeni reallıqda davam etdirilir. Ermənilər də anlayır ki, onlara və bölgəmizə sülh lazımdır.
- Həm bu görüşlərdə, həm erməni mediasında həbsdə olan Araik və digərlərinin məsələsi qaldırılır, bu adamlar “hərbi əsir” kimi təqdim edilir. Bəs onların gələcəkdə azadlığa buraxılması ehtimalı varmı?
- Onları azadlığa buraxmaq olmaz. Bu cinayətkarlar nəslimi-kökümü qıran adamlardır. Belə hərbi canilər necə azadlığa buraxıla bilər?! Ona görə də həbsdə qalacaqlar. Bəlkə prezident nə vaxtsa əfv edə və ya cəza azala bilər. Bunu deyə bilmərəm. Amma onlar hərbi əsir deyil. Hərbi əsir anlayışı odur ki, müharibədə götürülür. Onda Nürnberq məhkəməsində mühakimə olunan nasistlərin hamısı hərbi əsir sayılmalıydı? Əksinə, onları etdikləri cinayətlərə görə edam etdilər. Yəni müharibə canisi başqa şeydir, hərbi əsir başqa. Hərbi əsir əsgərdir, əmr alan qüvvədir. Sadəcə, bu adamların məsələsinin qaldırılması beynəlxalq təşkilatlara və daxili auditoriyaya hesablanıb. Ermənilər bununla şou düzəldirlər. Guya dünyaya çağırış edirlər ki, bu canilər azadlığa buraxılsın. Ancaq bu qatillər dünyanı yox, Azərbaycanı, Xocalını yandırıblar. Onlar fransızı, almanı yox, bir milyon azərbaycanlını torpağından didərgin salıblar.
- Necə bilirsiniz, əgər sülh hər şeydən vacibdirsə, erməni xalqı iyun seçkilərində Paşinyanı dəstəkləyəcəkmi? Çünki baş nazir xalqa bəyan edib – ya sülhə, ya “müharibə partiyası”na səs verəcəksiniz...
- Məncə, yenə Paşinyana səs verəcəklər. Erməni xalqı da müharibə olmasını istəmir. Onlar bunu başa düşürlər. İndi bir erməni istəməz ki, oğlu, əri, yaxud qardaşı ölsün. Özü də yad torpağında döyüşəsən. İndi orada bəziləri deyirlər ki, təzədən Qarabağa qayıdacağıq. Mən Qarabağda çox olmuşam. Ermənilər yaşamış kəndlərdən keçirsən, baxırsan ki, evi nə gündədir, 30 il ərzində damını düzəltməyib, pəncərəsini dəyişməyib. Buna yaşamaq deyirsən? Sadəcə, Xankəndidə yaşayış olub. Məsələn, Ağdamda taxta evdə yaşayıblar. Çünki bu adamlar Qarabağa öz yurdu-yuvası kimi baxmayıb. Ona görə də qələt edirlər, onlar Qarabağa qayıtmayacaqlar.