"Qərb Qarabağı Rusiyanın əli ilə Ermənistana vermək istəyir..."
Oxunub: 9036
17 May 2016 | 18:06
Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ilə müsahibəni təqdim edir:
 
- Azərbaycan Ermənistanda yerləşən Metsamor AES-in bağlanmasını tələb edən kampaniyaya başlayıb. Siz bu kampaniyanı necə dəyərləndirirsiniz?
 
- Mən bu kampaniyanı çox yüksək dəyərləndirirəm. Düşünürəm ki, bu mövzu mütəmadi olaraq bizim diplomatiyanın əsas istiqamətlərindən biri olmalıdır. Həqiqətən də həmin stansiya region üçün günbəgün böyük təhlükə yaradır. Biz zaman-zaman bu məsələyə toxunmuşuq, bəyanatlar vermişik ki, bu stansiya bağlanmalıdır. Çernobılda bir faciə yaşandı və biz bunun nə ilə nəticələndiyi gördük. Bu stansiya həm seysmik zonada tikilib, həm də istismar müddəti çoxdan başa çatıb. Ona görə də biz stansiyanın bağlanması istiqamətində öz səylərimizi davam etdirməliyik. Çünki bu, həm də azərbaycanlıların sağlamlığı və həyatı üçün vacib olan bir məsələdir.
 
- Bildiyimiz kimi, Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin həmsədr ölkələrin xarici işlər nazirləri ilə birlikdə görüşü keçirilib. Siz bu danışıqlardan nə gözləyirsiniz? Sizcə, danışıq xətrinə danışıq aparılır, yoxsa masada nəyəsə nail ola biləcəyik?
 
- Bildiyiniz kimi, aprelin əvvəlində atəşkəs pozuldu, ermənilər hücuma keçdi və biz də əks həmlə ilə düşmənə ciddi və sarsıdıcı zərbə endirdik. Amma düşünmürəm ki, bu zərbə ermənilər üçün o dərəcədə öldürücü zərbə olsun ki, onlar bundan sonra hansısa güzəştlərə getsinlər. Baxmayaraq ki, psixoloji baxımdan ermənilər artıq sınıblar. Ermənilərin öz ordusu haqqında, onların məğlubedilməzliyi haqqında illüziyaları tamamilə dağılıb. Ermənilər düşünürdü ki, dünya birliyi onları dəstəkləyir, hətta atəşkəs pozulsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələr onları müdafiə edəcək. Ancaq bu illüziya dağıldı. Yəni bu baxımdan Azərbaycan danışıqlarda üstün mövqe əldə edib. Amma düşünmürəm ki, indiki vəziyyətdə ermənilər güzəştə getsinlər. Burada digər səbəb ondan ibarətdir ki, Ermənistan prezidenti Serj Sarkisyan öz ölkəsinin maraqlarından çox, özünün mənafeyini düşünür. O bilir ki, hər hansı güzəşt onun devrilməsinə gətirib çıxara bilər. Ona görə də, çalışacaq ki, Dağlıq Qarabağ məsələsində əvvəlkindən də sərt mövqe nümayiş etdirsin. Yenə də deyirəm, Sərkisyan Ermənistanın yox, öz gələcək taleyini düşünərək bu mövqedən çıxış edir. Rusiyanın da indiki mərhələdə Ermənistana Dağlıq Qarabağla bağlı ciddi təzyiqlər göstərəcəyini düşünmürəm. Ümumiyyətlə, Azərbaycanla Rusiya arasındakı danışıqların nəticələri haqqında cəmiyyətə informasiya sızmır. Biz də bilirik ki, Rusiyanın iradəsi olmadan Ermənistan hətta istəsə belə, Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe nümayiş etdirə bilməz. 1999-cu ildə Stepan Dəmirçyanla Vazgen Sərkisyan - baş nazirlə, parlament spikeri - Dağlıq Qarabağ məsələsi istiqamətində daha mötədil mövqe tutmuşdular ki, Azərbaycanla sülh olmalıdır, region yalnız sülh şəraitində inkişaf edə bilər, Ermənistanın gələcəyi və inkişafı qonşu xalqlarla birgə yaşayışdadır. Bu fikirlərdən sonra onları parlamentdə ictimaiyyətin gözünün qarşısında güllələdilər və digər erməni siyasətçilərinə də dərs verdilər. Yəni bununla demək istədilər ki, siz burada Rusiyanın iradəsindən kənar addım atacağınız təqdirdə, nəinki siyasi karyeranızı, hətta həyatınızı itirə bilərsiniz. Ona görə də mən düşünürəm ki, nə qədər ki, Rusiya ilə müəyyən məsələlər danışılıb, öz həllini tapmayıb, Ermənistanın güzəştə gedəcəyi az inandırıcı görünür. Fikrimcə, bu görüş daha çox ona yönəlib ki, atəşkəs bölgədə yenidən uzunmüddətli təmin olunsun və mövcud status-kvo qorunub saxlanılsın. Yəni daha çox status-kvonun saxlanmasına hədəflənmiş bir görüşdür.
 
- Görüşdə ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri - ABŞ və Fransanın xarici siyasət idarələrinin rəhbərləri də iştirak edib.
 
- ABŞ və Fransa erməni lobbisinin güclü olduğu ölkələrdir. Eyni zamanda, xristian ölkələridir və ermənilərə simpatiyaları var. Biz bunu Dağlıq Qarabağ münaqişəsində onların sərgilədiyi mövqedən görmüşük. Onlar həmişə istəyiblər ki, bu münaqişədə beynəlxalq hüquqa zidd, ədalətsiz yanaşmanı Rusiyanın əli ilə Ermənistanın xeyrinə həll etsinlər. Yəni Dağlıq Qarabağı Rusiyanın əli ilə qoparıb Ermənistana versinlər, bununla da Azərbaycan-Rusiya münasibətlərini əbədi korlamış olsunlar. Bununla həm Qarabağın Ermənistanın ərazisi olmasına nail olurlar, həm də hər iki dövlətlə əməkdaşlıq edirlər. Bundan zərər çəkən Azərbaycan, siyasi baxımdan itirən isə Rusiya olur. Çünki Rusiyanın Cənubi Qafqazın əhəmiyyətli dövləti ilə münasibətləri korlanır. Qərbin istədiyi həmişə bu olub. Bir məsələyə diqqət yetirək. 1994-99-cu illərdə Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü idi. O zaman həm Fransadakı, həm ABŞ-dakı erməni lobbisi bütün gücləri ilə çalışdılar Qərbi inandırsınlar ki, Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olmaq Azərbaycana yaxşı heç nə vəd etmir, Qarabağ probleminin həllinə də heç bir töhfəsi olmayacaq. Əvəzində onlar GUAM ideyasını ortaya atdılar ki, guya Rusiyaya alternativ keçmiş Sovet İttifaqı respublikalarının ittifaqını formalaşdırsınlar. Xüsusilə, ABŞ tərəfindən GUAM-ın regional təşkilat kimi inkişafı istiqamətində çox böyük vədlər də verilmişdi. Nəticədə Azərbaycan 1999-cu ildə Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxdı. Əslində Azərbaycanı inandırdılar deyə bu təşkilatdan çıxdı. Çünki Azərbaycan gördü ki, bu təşkilatda təmsil olunmaq da problemin dinc yolla həllinə töhfə vermir. Amma güc yolu ilə həllinə töhfə verə bilərdi. Azərbaycanın ən çox çəkindiyi məqamlardan biri odur ki, tutaq ki, Naxçıvan, Tovuz, Gədəbəy istiqamətində Qarabağdan kənar bizim sərhəd bölgələrində ermənilər atəşkəsi pozurlar, Azərbaycanı təxribata çəkir və bəyan edirlər ki, Azərbaycan Ermənistanın ərazilərini vurur. Belə olan halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı onların müdafiəsinə qalxacaq. Amma biz Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olsaydıq, Rusiyanın açıq formada iki ittifaq dövlətindən birini dəstəkləməsi çətin olacaqdı. Ola bilsin ki, gizlicə ermənilərə müəyyən kömək ola bilərdi, amma açıq formada Azərbaycan belə bir təhlükə və risk qarşısında qalmayacaqdı. Əslində bununla erməni diasporu Qərbin əli ilə Azərbaycanı Rusiyadan uzaqlaşdıra bildi. Bəzən mən deyəndə ki, Dağlıq Qarabağ münaqişəsini Azərbaycan Rusiya ilə bir yerdə həll etməlidir, onda mənə qarşı hücumlar, ittihamlar başlanır.
 
- Bəzən sizi məhz bu fikirlərinizə görə “rusiyapərəst” adlandırırlar...
 
- Mən deyirəm ki, torpaqlarımızın işğal olunmasında və işğal altında qalmasında əsas səbəbkar dövlət Rusiyadır və danışıqlar Rusiya ilə aparılmalıdır. Burada rusiyapərəst nə var?! Niyə bu ittihamı irəli sürən insanlar bir dəfə düşünmədilər ki, ABŞ və Fransada bu qədər güclü erməni lobbisi ola-ola, həmin lobbi bir dəfə də demədi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxsın, Avrasiya İttifaqına üzv olmasın? Niyə bunu demədilər? Çünki ABŞ və Fransada olan erməni başa düşür ki, bölgədə söz sahibi bu gün Rusiyadır və Ermənistanın həyati mənafeləri və maraqları tələb edir ki, bu gün Rusiyanın yanında olmaqla, Dağlıq Qarabağı Azərbaycandan qoparsın. Belə olduğu halda, hansı ağılla kimsə deyə bilər ki, Rusiya düşməndir və biz onunla danışmamalıyıq?! Yaxud da mənə ittiham irəli sürürlər ki, siz deyirsiniz hətta Qarabağ probleminin beynəlxalq hüquqa söykənən ədalətli həlli naminə Azərbaycanda Rusiya ordusunun yerləşdirilməsinə də razıyam. Deyirlər ki, yox, bu, bizim suverenliyimizin itirilməsi olar. Yaxşı, belədirsə, indi Azərbaycanda Rusiya kimi böyük dövlətin yox, Ermənistan kimi zəif dövlətin hərbi bazaları var və 20 faiz torpağımız da işğal olunub. Onsuz da bizim ərazimizdə yad ölkənin ordusu var. Biri var qanuni əsasla, beynəlxalq hüquqa uyğun olaraq Qəbələdəki kimi Rusiya hərbi bazası ola, biri də var ki, işğalçı ordu torpağımızı zəbt edib və onu da çıxarmaq imkanı yoxdur. Bəzən populist adamlar deyir, atəşi dayandırmamalı və irəli getməliydik. Amma mən deyirəm ki, bu adamlar çox sadəlövhdürlər və ya özlərini anlamaz yerinə qoyublar. Biz vaxtilə Əbülfəz Elçibəyin dövründə Sərsəng su anbarının başına kimi gedib çıxmışdıq. Yəni burada Azərbaycan nə qədər güc toplayır toplasın, Ermənistandan 10 qat artıq hərbi gücümüz olsun, ancaq biz Rusiya ilə döyüşmək gücündə olan bir dövlət deyilik axı. Bilirik ki, Ermənistanda Rusiyanın güclü hərbi bazaları var və Rusiya istənilən vaxt bu münaqişəyə açıq formada qoşula bilər. Yəni bunu bilə-bilə hücumu mənasız yerə davam etdirib, kütləvi dağıntılara, insan ölümlərinə səbəb olmağın adı nədir?! Yalnız sonda bu addım atılmalıdır, mən bunu hər zaman söyləmişəm. O halda da Azərbaycan hökuməti Azərbaycan xalqına açıq məlumat verməlidir ki, Rusiya ilə danışıqlar apardım, Rusiyanın şərtləri, təklifləri budur və yaxud heç bir təklifi yoxdur, Rusiya bu münaqişəni həmişəlik saxlamaq istəyir, ona görə də bizim ölüm-dirim savaşına girib, torpaqlarımızı azad etməkdən başqa yolumuz qalmır və xalqı buna hazırlaşmalıdır. Sonra isə ölüm-dirim savaşına girmək lazımdır. Amma bunun üçün bütün diplomatik yolların tükəndiyi barədə ictimaiyyətə məlumat vermək lazımdır. Təəssüf ki, Azərbaycan hər zaman Ermənistanla aparılan danışıqlar barədə ictimaiyyətə məlumat verir, ancaq Rusiya ilə danışıqlar gizlədilir. Mən də hər zaman hökumətdən tələb edirəm ki, siz bu barədə də ictimaiyyətə məlumat verin. Mənim çıxışlarımdan sonra Elmar Məmmədyarov bir dəfə dedi ki, Dağlıq Qarabağ problemi ədalətli həll olunsa, Avrasiya İttifaqına üzv olmaq məsələsini müzakirə edə bilərik. Sonra Sergey Lavrov bəyan etdi ki, biz Azərbaycanı Avrasiya İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında görmək istəyirik. Mən də düşünürəm ki, dağıntısız Rusiya ilə danışıb, Rusiyanın maraqlarını təmin etməklə, bu problemi həll etmək imkanları qalır. Rusiya niyə bu münaqişəni dondurub saxlayır? Ermənistana və Azərbaycana təsir imkanlarını əlində saxlamaq üçün. Gəlin, biz bu təsir imkanlarını özümüz onlara verək, onlarla yaxın olaq ki, bu konflikti saxlamaqla bizə təsir edəcəklərini düşünməsinlər. Bilsinlər ki, onsuz da regionda maraqları təmin olunur. Yoxsa, xeyli torpaqlarımız istifadəsiz qalıb, insanlarımız əzizlərinin qəbrini ziyarət edə bilmirlər, işğal olunmuş rayonlarımız artıq xarabalığa çevrilib. Düşünürəm ki, bu istiqamətdə addımlar atmaq lazımdır. Çünki reallıqda şərtlər fərqlidir.
 
- Təmas xəttində Azərbaycanın dinc əhalisi faktiki olaraq təhdid altındadır. ATƏT-in Minsk Qrupu ilə yanaşı, digər beynəlxalq təşkilatlar cəbhədə vəziyyət gərginləşən kimi bəyanatlar verir, atəşkəsin pozulmasından narahatlıq keçirdiklərini ifadə edirlər. Ancaq dinc əhalinin atəşə tutulmasına həmin təşkilatların heç biri reaksiyası yoxdur. Necə hesab edirsiniz, bu, doğrudanmı dünya dövlətlərinin Azərbaycana qarşı qərəzidir, yoxsa biz bu istiqamətdə həqiqətləri dünyaya çatdıra bilməmişik?
 
- Mən sizə deyim ki, burada az da olsa, bizim işimizin də tam qənaətbəxş olmaması var, amma səbəb daha çox onların görməzliyindədir. Əgər bir adam görmək istəmirsə, siz ona nəyisə zorla göstərə bilməzsiniz. Deyək ki, bizim diplomatlarımız, siyasətçilərimiz hansısa Avropa ölkəsində Azərbaycanın həqiqətlərini çatdıra bilmirlər. Amma bu ölkələrin Azərbaycanda səfirliklər var axı. Onlar Azərbaycan mətbuatını izləyirlər, çox yaxşı bilirlər ki, bu ölkədə nə baş verir, öz ölkələrini məlumatlandırırlar. Yeri gələndə, Azərbaycan haqqında məlumatları öz media orqanlarına da ötürürlər. Amma siyasi rəhbərliyə sərf etməyəndə öz ölkəsinin ictimaiyyətini məlumatlandırmır. Təbii ki, bizim də burada müəyyən mənada məsuliyyətimiz var. Biz həmin ölkələrin təkcə siyasətçiləri ilə deyil, KİV-ləri, xalqları ilə də işləməliyik ki, yeri gələndə həmin hökumətləri xalqın ictimai qınağı ilə üz-üzə qoyaq, çünki haqlı tərəfi deyil, haqsız tərəfi müdafiə edirlər. Digər tərəfdən, Levon Ter-Petrosyanın Xankəndinə səfəri və oradan qayıdandan sonra xüsusi bəyanatla çıxış edərək Ermənistanın artıq özünün xarici siyasət doktrinasında düzəliş etməli olduğunu bildirməsi məni çox ciddi narahat etdi. O, belə bir fikir səsləndirdi ki, Ermənistan "remedial secession” doktrinasını həyata keçirməlidir. Mən gözləyirdim ki, Azərbaycan mətbuatı və diplomatiyası buna dərhal reaksiya verəcək. Ona görə ki, bu, çox təhlükəli bir doktrinadır. Beynəlxalq hüquqda bu bir prinsip kimi hələ tam qəbul olunmasa da, bir nəzəri istiqamət kimi geniş müzakirə olunur. Xüsusilə də, Kosovonun müstəqilliyinin tanınmasında bu doktrinadan geniş istifadə olundu. "Remedial secession" ifadəsinin mənası "sağ qalmaq üçün ayrılma" deməkdir. Bu doktrinaya əsasən Levon Ter-Petrosyan dedi ki, biz azərbaycanlılarla bir yerdə yaşaya bilmərik. Yəni azərbaycanlıların bizə qarşı nifrəti o dərəcədə böyükdür ki, bunu dünyaya etnik uyuşmazlıq kimi təqdim etməliyik, Dağlıq Qarabağdakı ermənilər sağ qalmaq üçün mütləq Azərbaycandan ayrılmalıdırlar. Əks halda, onlar heç bir hüquqdan istifadə edə bilməzlər və ümumiyyətlə, həyatlarına təhlükə var. O, etnik nifrətin aşılanması üçün bu doktrinanı dövlət siyasəti kimi qəbul etməyi təklif edir. Azərbaycan Levon Ter-Petrosyanın həmin çıxışını beynəlxalq aləmə yaymalıdır. Bütün ictimaiyyət, bütün media bu istiqamətdə çalışmalıdır. Baxın, XXI əsrdə bu adam dünyanın gözü qarşısında açıq etiraf edir ki, etnik ayrı-seçkilik cinayəti ilə məşğul olmalıyıq. Deyir, dünya sonda əmin olacaq ki, erməni və azərbaycanlı bir yerdə yaşaya bilməz, o halda öz müqəddəratını təyinetmənin bir forması kimi bu doktrina bizim köməyimizə çatacaq və Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqlar. Mən çox təəssüf ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin buna cavab olaraq hər hansı bəyanatını görmədim. Nazirlik dərhal dünyaya çatdırmalıydı ki, görün, bir dövlətin başçısı olmuş şəxs nə deyir? Sabiq prezident deyir ki, Qarabağın tanınması üçün biz bu iki xalq arasında nifrəti gücləndirməliyik. Bu da o deməkdir ki, təxribata əl atacaqlar. Öz insanlarını qətlə yetirəcəklər ki, guya azərbaycanlılar edib. Əslində, bu doktrina bizim dediklərimizi təsdiq edir ki, ermənilər bu cinayətləri özləri törədiblər. Hesab edirəm ki, ilk növbədə Ermənistanın keçmiş baş nazirinin nüvə silahı ilə bağlı anonsunu, ikincisi də, bu doktrina məsələsini qabartmaq lazımdır.
 
- Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinə toxunmaq istəyirdik. Bu barədə APA-ya ehtiyatda olan general Yaşar Aydəmirov da açıqlama verib. O deyir ki, müharibə vaxtı erməni diasporu öz ölkəsinə və ordusuna daha çox kömək edir. Təbii ki, Azərbaycan ordusunun təchizat problemi yoxdur. Ancaq söhbət həm də mənəvi dəstəkdən gedir. Yaşar Aydəmirov bununla bağlı xüsusilə Rusiyada olan diasporumuzu qınamışdı. Siz necə hesab edirsiniz, Dağlıq Qarabağla bağlı təbliğatda diasporun rolu nə qədərdir?
 
- Əlbəttə, rolu var və mən hər zaman çalışmışam ki, bunu az da olsa qiymətləndirim. Amma sözün doğrusu, bu, məni ciddi narahat edən məsələlərdən olub. Xatırlayırsınızsa, mən o vaxt DAK-ın qurultaylarından sonra həyəcan təbili çalırdım ki, belə olmaz. Birincisi, bizim Rusiyadakı diasporumuzla bağlı açıq söyləyə bilərəm ki, orada çoxu manqurtlaşmış və artıq milli kimliyi əhəmiyyətsizləşən, pulu Allah kimi qəbul etmiş bir toplum formalaşıb. Çox təəssüf ki, belədir. Baxın, erməni diasporu Dağlıq Qarabağla Ermənistan arasında yol təmiri ilə yanaşı, yaşayış binaları, səhiyyə obyektləri tikir və digər işlər görür. Mən demirəm ki, bizim diaspor Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürsün və buna görə yaşadıqları ölkələrdə müəyyən təzyiqlə üz-üzə qalsınlar. Amma kim onlara mane olur ki, Azərbaycanda gəlib hər biri 10 kənddə məktəb, xəstəxana tiksin?! Heç olmasa, hər biri Azərbaycandan 20 nəfər uşağın ABŞ və Avropada təhsil almasına yardım edə bilər. Bu, həm də sırf humanist bir addımdır. Ancaq onların hamısı düşünür ki, Azərbaycan dövləti nəsə etməlidir. Diaspor təşkilatlarımız arasında vətən üçün nəsə etməyi düşünənlər təəssüf ki, azdır. Görünür, bunun da tam formalaşması üçün zaman lazımdır. Mərhum prezident Heydər Əliyev bəlkə də dünyada ilk dəfə olaraq Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi yaratdı. Yəni bu, dövlətin verdiyi qiymət idi. Mən hesab edirəm ki, Cənubi Azərbaycanda yaşayan 30 milyondan çox soydaşlarımızla işə daha çox diqqət yetirilməlidir. Bu, bizim əlimizdə güclü bir faktordur və bununla İranın siyasətinə çox ciddi təsir etmək imkanımız var ki, İran Ermənistanla indiki qədər yaxın olmasın, indiki səviyyədə siyasi-iqtisadi əlaqələr qurmasın. Əlbəttə, axırıncı atəşkəsdən sonra gördük ki, Cənubi Azərbaycandakı soydaşlarımız xeyli vətənpərvər mövqe ortaya qoydular. Ona görə ki, ayrı-ayrı dövlətlərin tərkibində olsaq da, Qarabağ həm də orada yaşayan soydaşlarımızın vətənidir, həm də islam dünyasının bir hissəsidir və orada islam mədəniyyəti abidələri dağıdılıb. Onlar bəyanat verirdilər ki, Qarabağ uğrunda şəhid olmağa, cihad etməyə hazırdırlar. Bu emosional bəyanatlara ehtiyatlı yanaşmaq lazımdır. Həmin adamlara mən müraciət etdim ki, sizin burada vuruşmağınıza ehtiyac yoxdur, amma siz İran rəhbərliyinə, dini liderinə müraciət edin ki, torpaqları işğal altında saxlayan dövlətlə bu səviyyədə əlaqə qurmaq olmaz. Və yaxud da qardaş Türkiyədə Rusiya ilə münasibətlər gərginləşib, Azərbaycanı dəstəkləyən isti açıqlamalar verirlər. Ancaq mən dünən mətbuatdan oxudum ki, İstanbulda "ermənikənd" deyilən bir məhəllə salınıb. Onlar müsahibədə az qalırdılar azərbaycanlı müxbiri parçalasınlar ki, Dağlıq Qarabağ "Arsax Knyazlığı" olub, ora qədim erməni torpağıdır. Təsəvvür edin, Türkiyənin İstanbul kimi şəhərində oturub, qanunsuz miqrant kimi yaşayırlar, amma belə bir iddia ilə çıxış edirlər. Məni ən çox sarsıdan məsələlərdən biri də Türkiyə prezidentinin Azərbaycanın yanında olmaqla bağlı bəyanatından sonra ermənilərin mövqeyi oldu. Ermənilər dərhal bəyanatla çıxış etdilər ki, əgər Türkiyə tərəfi bir də bu cür fikirlər səsləndirsə, biz Türkiyəyə sanksiya tətbiq edəcəyik və Türkiyə mallarını Ermənistana buraxmayacağıq. İndi təsəvvür edin, Türkiyə işğalçı dövlət olan Ermənistana sanksiya tətbiq etməkdənsə, bunu Ermənistan bəyan edir. Bu, məni çox sarsıtmışdı. Ona görə də mən hər zaman deyirəm ki, Azərbaycanda bəzi adamlar emosiyaya qapılırlar, bəziləri siyasi hiyləgərliklə bildirirlər ki, İran belə dəstək verdi, Türkiyə belə dəstəklədi, biz niyə atəşi dayandırdıq? Mən bu mövqeyi siyasi riyakarlıq hesab edirəm. Məncə, atəşkəsin əldə olunması çox doğru qərar olub və çalışmaq lazımdır ki, diplomatik sahədəki uğurların davamı gəlsin.
 
- Türkiyə-Rusiya münasibətlərində gərginlik hələ də davam edir. Sizcə, bu münasibət Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcəkmi?
 
- O vaxt Türkiyə Rusiyanın təyyarəsini vuranda mən bildirdim ki, bu, yanlış və bir az emosional qərar olub. O zaman da hücumlara məruz qaldım, insanlar emosional şəkildə bildirdilər ki, bu, Türkiyənin haqqıdır. Əlbəttə, haqqıdır, Türkiyənin sərhədi pozulub və sərhədi pozan təyyarəni qanunla vurmaq olar. Amma baxın, ABŞ gəmisinin üzərindən Rusiya təyyarələri uçur, ABŞ heç nə etmir. Böyük Britaniyanın sərhədini daim pozur, amma Britaniya təyyarələri Rusiya təyyarələrini müşayiətlə öz ərazilərindən çıxarır, sonra isə geri qayıdırlar. Heç birini vurmurlar. Halbuki, onlar nüvə dövlətləridir və Rusiya ilə üzbəüz dayanmaq imkanları daha böyükdür. Türkiyə üçün çox gözəl şans yaranmışdı. Çünki Avropa Rusiyaya sanksiya tətbiq etmişdi, Türkiyə məhsullarının böyük qismini Rusiyaya satırdı. Görün, turizmdən nə qədər vəsait qazanırdı. Antalyada demək olar ki, turistlərin 80 faizi ruslar idi, Rusiyada tikinti sektorunda, bank sektorunda xeyli sayda Türkiyə vətəndaşı çalışırdı. Belə bir halda 17 saniyə ərzində sərhəd pozulub deyə dövlətin maraqlarını nəzərə almadan bu cür addım atılmasını emosional qərar hesab edirəm. Düşünürəm ki, ən azından təyyarə vurulandan sonra da Türkiyənin bu qarşıdurmadan qaçmaq imkanı vardı. Türkiyə birgə komissiyanın yaradılmasını, araşdırmanın aparılmasını təklif etsəydi, zaman qazanaraq, danışıqlar yolu ilə məsələni qismən həll edərdi. Amma Türkiyənin dərhal NATO-ya müraciəti münasibətləri xeyli dərəcədə gərginləşdirdi . Bu, Türkiyə ilə yanaşı, həm də Dağlıq Qarabağ danışıqlarına da ziyanını vurdu. Çünki o dövrdə Avropanın sanksiyalarından sonra Rusiya Qarabağ münaqişəsinin həllində fəallaşmışdı. Yəni bu, həm Qarabağ məsələsinə ziyan vurdu, həm də Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginlik yaratdı. Hesab edirəm ki, Rusiya-Türkiyə gərginliyi hələ bir müddət davam edəcək və bundan da əziyyət çəkənlərdən biri Azərbaycan olacaq.
 
- BAXCP Ali Məclisində 5 katiblik ləğv olunub. Bu nə ilə bağlıdır?
 
- Biz uzun illərdir ki, ölkənin parlamentli respublika modelinə keçməsi təşəbbüsü ilə çıxış edirik. Katiblik institutu belədir ki, burada daha çox bir nəfərin icraedici fəaliyyəti önə çıxır, Ali Məclisin komitələrində isə kollektiv fəaliyyət görünür. Ona görə də biz fikirləşdik ki, həmin katiblər komitə sədrləri kimi Ali Məclisdə fəaliyyət göstərsinlər. Yalnız iki katiblik spesifik xüsusiyyətlərinə görə saxlanıldı. Ancaq qalan katibliklər ləğv olundu. Həmin şəxslər artıq Ali Məclisin müvafiq komitələrinə rəhbərlik edəcəklər və onsuz da həmin şəxslər o istiqamətdə siyasəti formalaşdıracaqlar. Yəni bu, sadəcə struktur dəyişikliyidir, hər hansı problemlə əlaqədar deyil.(apa)
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama