Rusiyada hərbi vətənpərvərlik mahnılarının səsləndirilməsi zamanı insanların bu mahnları oturaraq deyil, adətən ayaq üstə dinləməsi müşahidə edilir. Maraqlıdır, bu ənənənin ölkəmizə gətirilməsi, bizdə də hərbi vətənpərvərlik mahnılarının ayaq üstə dinlənilməsi məqsədəuyğun olarmı?
Moderator.az-a açıqlama verən görkəmli bəstəkar, xalq artisti, professor Faiq Sücəddinov bu məsələyə fərqli yanaşdığını vurğuladı:
“Mən kimlərinsə mədəniyyəti ilə qovuşmağımızı istəmirəm. Bizim öz böyük mədəniyyətimiz var. Məsələ bundadır ki, bu cür mahnıları istəyirsən oturaraq, istəyirsən ayaq üstə duraraq, istərsə də yaralı vəziyyətdə, uzanıqlı halda dinlə, bu, önəmli deyil. Mən “Vətəndən pay olmaz” mahnısını yazmışam. Bunu da Mübariz Tağıyev ifa edir. 30 ildir ki, bu musiqi dinlənilir. Bundan 50 il sonra da dinləniləcək. Bu mahnı illər keçsə də öz aktuallğını itirmir.
Hər bir vətənpərvər mahnı, hər bir əsər ürəkdən keçməlidir. Əgər belə olarsa, o zaman onu hansı şəkildə dinləməyin heç bir əhəmiyyəti yoxdur”.
Seymur ƏLİYEV