Moderator.az xəbər verir ki, dünən Heydər Əliyev sarayında “Məhəllə 3” filminin böyük təqdimatı keçirilib.
Təqdimat zamanı ön sözlə çıxış edən Xalq artisti Hacı İsmayılov “Məhəllə 3”-də iştirakla bağlı teatr rəhbərliyinin təklifini həvəslə qəbul etdiyini, bu filmdə məmnunluqla rol aldığını bildirib. "Planet Parni iz Baku" KVN teatrının yaradıcı heyətinin yüksək peşəkarlığa malik olduğunu bildirən H.İsmayılov, filmin tamaşaçılar tərəfindən məmnuluqla qarşılanacağına ümid etdiyini bildirib.
Daha sonra çıxış edən "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov yaradıcı heyəti tamaşaçılara təqdim edib, onlara film haqqında məlumat verib, habelə filmin çəkilməsinə yardımçı olan qurumlara öz təşəkkürünü bildirib.
Əvvəlki filmlərdə olduğu kimi “Məhəllə 3”də də proseslər maraqlı ssenari üzrə cərəyan edir. Belə ki, zəngin iş adamlarından birinə məxsus XV əsrə aid, dəyəri iki milyon manat olan xalçanın oğurlanması kriminal xarakterə malik iş adamı və onun bütün çevrəsini ayağa qaldırır. Xalçanın təsadüfən Eliş və Roşka tərəfindən tapılması isə bütün “Məhəllə”ni qəzəbli iş adamının hədəfinə çevirir. Bu sırada “Məhəllə”ni sökmək və onun yerində göydələn inşa etmək istəyən tikinti şirkətinin təmsilçisinin tez-tez məhəlləyə gəlişi “Məhəllə”dəki gərginliyi daha da artırır.
Məlumat üçün qeyd edək ki, filmin təqdimatında respublikanın görkəmli sənətkarları, mədəniyyət və incəsənət xadimləri iştirak edib. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Filmdə Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları, Bəhram Bağırzadə, Dilarə Əliyeva və s. kimi sənətkarlar iştirak edir.
Seymur ƏLİYEV