Tarixdə elə şəxsiyyətlər var ki, onların məğlubiyyəti belə bitmiş hadisə kimi görünmür. Onlar taxtdan salınırlar, orduları dağılır, imperiyaları parçalanır, amma adları yenə də siyasi masaların üzərində dolaşmağa davam edir. Napoleon Bonapart da belə şəxsiyyətlərdən olub. O, sadəcə məğlub edilmiş imperator deyildi, o, Avropa monarxiyalarının yaddaşında qorxu, Fransa xalqının müəyyən hissəsinin gözündə isə hələ də ümid obrazı idi. Məhz buna görə öldürməyin təhlükəli, yaşatmağın isə qorxulu olduğu Napoleonun taleyi adi “məğlub hökmdarın sonu” kimi izah edilə bilməz. Onun niyə taxtdan salındığını anlamaq nisbətən asandır. Amma daha çətin sual başqadır: Napoleon Bonapart niyə edam edilmədi? Onun edam edilməməsinin pərdəarxasında nə dururdu? Nəyə görə qalib dövlətlər ölüm hökmünü yox, sürgün yolunu seçdilər? Və ən maraqlısı: sürgün həqiqətən cəza idimi, yoxsa siyasi alət?
Bu yazımızda Vyana Konqresindən Yelena adasına uzanan və müəammalar dumanında gizli qalan sirli məqamlara aydınlıq gətirməyə çalışırıq.
Hər şeydən əvvəl qeyd edək ki, tarix kitablarında Fransa imperatoru Napoleon Bonapartı uçuruma doğru aparan bir çox səbəblər sadalanır. Onun hökumət adamları tərəfindən tənqidə dözümsüz olmasından tutmuş, ekspansion siyasətinə xarici işlər naziri Taleyranın qarşı çıxmasına görə vəzifəsindən azad edilməsinədək, hətta ölkədə senzuranın getdikcə daha geniş vüsət alması, Napoleonun şəxsiyyətinə pərəstişliyin artması da daxil olmaqla onlarla səbəb göstərilir. Əlbəttə, bu səbəbləri gözardı etmək olmaz.
Lakin Napoleon Bonapartın sonunu gətirən əsas həlledici faktorun onun Rusiya üzərinə yürüş etməsi olduğunu xüsusilə qeyd etməliyik. 1812-ci il Rusiya yürüşü Napoleon üçün yalnız hərbi uğursuzluq deyildi, bu yürüş onun yenilməzlik mifinə vurulan ən ağır zərbə idi. Fransız ordusuna qarşı həlledici döyüşdən yayınan, torpağı, məsafəni, iqlimi və zamanı silaha çevirən rus strateji xətti Napoleon imperiyasının daxilindəki zəifliyi üzə çıxardı. Bəli, fransızlara qarşı həlledici döyüşdən qaçınaraq Napoleona qarşı taktikasını rus imperatoru I Aleksandra “Biz Napoleona qalib gəlməyəcəyik. Biz onu aldadacağıq” – deyə ifadə edən rus sərkərdəsi, general-feldmarşal Mixail Kutuzov bu dediklərində çox haqlı çıxdı. Napoleon Rusiya üzərinə yürüşlə uğursuzluqlarının başlanğıcını qoydu.
Sonrakı hadisələri isə tarix kitablarından belə oxuyuruq: 1813-cü ildə Leypsiq yaxınlığında “Xalqlar döyüşü” ilə fransızların qəti məğlubiyyəti… Müttəfiqlərin Parisə daxil olması ilə imperatorun taxtından imtina etməsi… 1814-cü ildə məğlubiyyətin acılarına dözməyərək özünü zəhərləmək cəhdi… Napoleonon 20 aprel 1814-cü ildən Aralıq dənizindəki Elba adasına imperator titulu saxlanılmaqla sürgün edilməsi… 26 fevral 1815-ci ildə sürgündən qaçaraq 20 martda maneəsiz Parisə dönən Napoleonun əldən verilmiş mövqeləri qaytarmaq istəməsi… Lakin yüz günlük hakimiyyətdən sonra, Vaterloo döyüşündəki məğlubiyyəti ilə onun ikinci dəfə imperatorluqdan imtina etməyə vadar edilməsi və Müqəddəs Yelena adasına sürgün olunması…
Fikrimizcə, Napoleonun birinci sürgünü adi həbs deyildi. Çünki 1814-cü il Fontainebleau müqaviləsinə əsasən Napoleon Fransa imperiyası və İtaliya krallığı üzərində suverenlik hüquqlarından imtina edir, lakin imperator titulunu ömürlük saxlayırdı. Həmin müqavilənin III maddəsinə görə Elba adası onun yaşayış yeri kimi müəyyən edilir və ada Napoleonun ömürlük “tam suverenliyi və mülkiyyəti” altında ayrıca knyazlıq statusu alırdı. Bu, onu göstərir ki, Elba Napoleon üçün klassik dustaqxana deyil, nəzarətli və riskli kompromis idi.
Tamam, onun sürgün olunmasına qədər hər şey müəyyən qədər başadüşüləndir. Məni düşündürən isə Napoleon Bonapartın nəyə görə edam edilməməsidir. Bir halda ki, o, çox böyük təhlükə hesab edilirdi, görəsən, nə üçün onu birdəfəlik fiziki baxımdan ortadan götürmək qərarı verilmədi? Digər maraqlı sual isə budur: nəyə görə Napoleon Bonapartın sürgün edilməsinə qərar verildi? Sürgün etməkdə nə məqsəd güdülürdü?
Gəlin, əvvəlcə bu suallara cavab kimi irəli sürülən bəzi səbəblərə nəzər salaq.
1. Napoleonun nüfuzundan ehtiyatlanma problemi
Məlumdur ki, Napoleon Avropanın monarxik rejimlərini təhdid edən bir lider olsa da, o dövrdə onu edam etmək əksər Avropa gücləri üçün riskli ola bilərdi. Ehtiyat olunurdu ki, Napoleonun edamı onu xalqın gözündə şəhid qəhrəmana və əfsanəyə çevirə bilər. Bu isə, xüsusilə Fransada onun hələ də müəyyən nüfuza və geniş əlaqələrə malik olduğu bir mühitdə yeni üsyanlara səbəb ola bilərdi. Avropa monarxiyaları bunu yaxşı anlayırdı. Bəli, əgər belə demək mümkündürsə, onlar Napoleonun bədənindən çox, onun adından qorxurdular.
Bu iddia ilk baxışda abstrakt ehtimallara əsaslanan fikir kimi görünə bilər. Nüfuzu ciddi şəkildə zərər görmüş Napoleon birləşmiş Avropa güclərinin qarşısında nə edə bilərdi ki? Karizması imkan versəydi, elə hakimiyyətdə qalmazdımı?
2. Monarxik dəyərlərə hörmət prinsipi
Vyana Konqresində iştirak edən Avropa gücləri – İngiltərə, Rusiya, Avstriya və Prussiya – monarxik legitimlik prinsipinə böyük önəm verirdi. Napoleon hər nə qədər devrilmiş olsa da, Avropanın monarxik liderləri üçün bir hökmdarın edam edilməsi arzuolunmaz presedent yarada bilərdi. Belə ki, əgər Avropa monarxları bir keçmiş hökmdarın edamına razılıq versəydilər, gələcəkdə məğlub hökmdarlara münasibətdə təhlükəli presedent yarada bilərdilər. Düzdür, onlar Napoleonu sevmirdilər, lakin monarxiyanın müqəddəsliyi ideyasını da öz əlləri ilə zəiflətmək istəmirdilər. Bu baxımdan bəziləri üçün Napoleonun edam edilməməsi mərhəmətdən çox, monarxik özünümüdafiə refleksi sayıla bilər.
Lakin mən hesab edirəm ki, bu səbəb tam da inandırıcı görünməyə bilər. Çünki Avropada əvvəllər monarx edamı baş vermişdi. Məsələn, XVI Lüdovik “vətənə xəyanət” ittihamı ilə 21 yanvar 1793-cü ildə Parisdə gilyotinlə edam edilmişdi.
3. Sürgün cəzasının daha effektiv olması
Bu yanaşmaya görə, sürgün Napoleonun tərəfdarlarından uzaq saxlanılmasını təmin edir və siyasi riskləri minimuma endirirdi. Tarixi faktlar göstərir ki, Elba Napoleon üçün nəzarətli muxtariyyət, Müqəddəs Yelena isə siyasi təcrid olub. Birincidə Napoleon hələ Avropaya yaxın idi, ikincidə isə okeanın ortasında, Avropadan və Fransa siyasətindən uzaqlaşdırılmışdı. İngiltərə hökumətinin Müqəddəs Yelenanı seçməsinin əsas səbəblərindən biri də Napoleonun İngiltərədə və ya Avropada saxlanılacağı təqdirdə ictimai maraq, rəğbət və hətta yeni inqilabi dalğalanma mərkəzinə çevrilə biləcəyi qorxusu idi. Deməli, birinci sürgün kompromis idi, ikinci sürgün isə səhvdən çıxarılmış dərs idi.
Bu iddiaya da tam haqq qazandırmaq asan deyil. Çünki sürgün cəzasının özü riskli deyildimi? Sürgün Napoleon tərəfdarlarının ümidini diri saxlaya, imperatorun bir gün qayıda biləcəyi ehtimalını gücləndirə bilməzdimi? Tarix göstərdi ki, bu risk real idi. Napoleon Elbadan qaçdı və qısa müddətdə Fransaya qayıtdı. Əgər sürgün tam təhlükəsiz həll idisə, Elba hadisəsi bunu təkzib etdi.
4. Napoleonun aşağılanması və onun gözdən salınması istəyi
Məlumdur ki, Elba adasında sürgündə olarkən Napoleona “Elba kralı” kimi kiçik saray həyatı qurmağa icazə verilmişdi. Adada onun xidmətində aşbaz, musiqiçi və bir sıra saray mənsubu saxlanılmışdı. Napoleon özünü tam məğlub edilmiş əsir kimi yox, kiçik, lakin suveren hakim kimi aparırdı.
Lakin riskləri düşündükdə Napoleondan bu cür qisas almağın heç də məntiqli görünmədiyini təsəvvür etmək çətin deyil. Əgər məqsəd yalnız onu aşağılayıb gözdən salmaq idisə, Elba kimi Avropaya yaxın bir adada ona yarı-suverən status vermək çox təhlükəli qərar idi. Napoleon kimi iradəli və ambisiyalı şəxs üçün bu, məğlubiyyət deyil, fasilə kimi görünə bilərdi.Bu baxımdan qeyd olunan iddia da ayrıca götürüldükdə o qədər rasional sayılmaya bilər. Əgər Napoleonun təhlükəli olduğu qəbul edilirdisə, onu Avropaya yaxın, Fransa və İtaliyaya nisbətən əlçatan bir adada saxlamaq gələcək böhranın toxumlarını daşıyırdı. Elə 1815-ci ildə baş verənlər də bunu sübut etdi.
5. Taleyranın qurduğu hiylə
Bu iddia Napoleonun Elba adasına sürgün olunarkən Taleyranın buna qarşı çıxması və imperatorun daha uzaq bir yerə göndərilməsini istəməsi ilə bağlıdır. İmperatorun uğursuz diplomatiyasının Avropada siyasi tarazlığı pozduğunu görən Taleyran hələ Napoleonun hakimiyyəti illərində onun əleyhinə fəaliyyətə başlamışdı. İmperatorun məğlubiyyətindən sonra isə o, Napoleonun Avropaya yaxın saxlanılmasının gələcək üçün təhlükəli olduğunu yaxşı anlayırdı. Bu iddianın tərəfdarları hesab edirlər ki, Taleyran və onun kimi düşünən diplomatlar Napoleonun varlığından Avropa siyasətində qorxu aləti kimi istifadə etməyə çalışırdılar. Onların fikrincə, Napoleonun Elbadan qaçması, Fransaya qayıtması və qısa müddətdə yenidən Avropa üçün ümumi təhlükəyə çevrilməsi təsadüfi deyildi. Beləliklə, müttəfiqlər arasında yaranmış ziddiyyətlər ikinci plana keçdi, Napoleon isə yenidən ümumi düşmən obrazına çevrildi.
Bu iddianı absurd hesab edənlər isə onu reallıqdan uzaq sayırlar. Çünki Taleyran və onun havadarları Napoleonun kölgəsindən belə ehtiyat etdikləri bir vaxtda imperatorun yenidən hakimiyyətə gəldikdən sonra nələr edəcəyini tam hesablaya bilməzdilər. Napoleon bir dəfə Parisə qayıtdıqdan sonra onu yenidən dayandırmağın asan olacağına kim zəmanət verə bilərdi?
Bu məqamda ehtiyatlı nəticə çıxarmaq daha doğrudur. Taleyranın Napoleon təhlükəsini diplomatik baxımdan ustalıqla istifadə edilə biləcək faktor kimi gördüyünü demək mümkündür. Lakin Napoleonun Elbadan qaçışının tam şəkildə Taleyran tərəfindən qurulmuş plan olduğunu qəti hökm kimi təqdim etmək üçün yetərli sübut yoxdur. Bu, daha çox siyasi ehtimal, diplomatik şübhə və tarixi interpretasiya sahəsinə aiddir.
Amma bir şey aydındır: Napoleonun varlığı, hətta məğlub vəziyyətdə belə, Avropa diplomatiyasında hələ də işlək siyasi faktor idi.
Vyana Konqresi: cavabı bəlkə də burada axtarmaq lazımdır
Bütün bu səbəblərə ayrı-ayrılıqda əks arqument demək olar. Lakin Napoleonun niyə edam edilmədiyini və niyə sürgün edildiyini anlamaq üçün məsələni fikrimizcə, yalnız Fransa daxilində yox, Vyana Konqresi fonunda araşdırmaq lazımdır. Məlum olduğu kimi, Vyana Konqresi 1814-cü ilin sentyabr ayından 1815-ci ilin iyun ayınadək fəaliyyət göstərmiş və Napoleon müharibələrindən sonra Avropanın siyasi xəritəsini yenidən qurmağa çalışmışdı. Konqresdə əsas rolu İngiltərə, Rusiya, Avstriya və Prussiya oynasa da, məğlub Fransa da Taleyranın diplomatik bacarığı sayəsində yenidən böyük güclər masasına qayıtmağa çalışırdı. Konqresdə mərkəzi yeri Polşa-Saksoniya məsələsi tuturdu. Rusiya Polşa üzərində nüfuzunu artırmaq, Prussiya isə Saksoniyanın böyük hissəsini ələ keçirmək istəyirdi. Hər iki dövlətin güclənəcəyindən ehtiyat edən Avstriya, İngiltərə və Fransa buna mane olmağa çalışırdı. Təsadüfi deyil ki, nüfuzlu qaynaqlardan biri sayılan “Britannica” ensiklopediyası da Vyana Konqresində əsas gərginlik nöqtələrindən birinin məhz Polşa və Saksoniyanın taleyi olduğunu, bu məsələdə Rusiya və Prussiyanın Avstriya, Fransa və İngiltərə ilə qarşı-qarşıya gəldiyini qeyd edir.
Gedişat zamanı Avstriyanın xarici işlər naziri Metternix İngiltərənin xarici işlər naziri lord Castlereagh ilə birləşərək Rusiyanın və Prussiyanın həddindən artıq güclənməsinin qarşısını almağa çalışırdı. Taleyran isə bu diplomatik gərginlikdən məharətlə istifadə etdi. O, Fransa, Avstriya və İngiltərənin Rusiya və Prussiyaya qarşı gizli ittifaqını formalaşdırmaq ideyasını irəli sürdü.
1815-ci il yanvarın 3-də Fransa, Avstriya və İngiltərə arasında gizli müdafiə müqaviləsi imzalandı. Bu, məğlub Fransa üçün böyük diplomatik uğur idi. Çünki bir neçə ay əvvəl Avropanın məğlub edilmiş dövləti olan Fransa artıq yenidən böyük güclər siyasətində iştirak edirdi. “Britannica” da qeyd edir ki, 1815-ci il yanvarın 3-də Avstriya, Fransa və İngiltərə Rusiya-Prussiya xəttinə qarşı gizli müdafiə ittifaqına qədər gedib çıxmışdılar.
Diqqət edin: məhz bu proseslər getdiyi bir vaxtda Napoleon Elba adasından qaçdı. 26 fevral 1815-ci ildə Napoleon Elbanı tərk etdi. 1 martda Fransa sahillərinə çıxdı. 20 martda Parisə daxil oldu. XVIII Lüdovik qaçdı, Napoleon isə hakimiyyətini bərpa etdi. Beləliklə, onun “Yüz günlük hakimiyyət” dövrü başladı.
Maraqlıdır ki, bu hadisə Vyana Konqresində bomba effekti yaratdı. Bir neçə həftə əvvəl bir-birinə qarşı gizli müqavilələr bağlayan dövlətlər yenidən eyni təhlükə qarşısında birləşməyə məcbur oldular. Napoleonun qayıdışı Vyana Konqresindəki daxili ziddiyyətləri ikinci plana keçirdi. Dünən bir-birindən şübhələnən dövlətlər bu dəfə Napoleona qarşı yenidən vahid cəbhədə dayanmalı oldular.
Burada çox maraqlı sual ortaya çıxır: Napoleonun qayıdışı kimə daha çox sərf edirdi? Bir tərəfdən, onun qayıdışı Avropanın bütün monarxik rejimləri üçün təhlükə idi. Digər tərəfdən, bu qayıdış müttəfiqlərin parçalanmaqda olan birliyini bərpa etdi. Napoleon bir daha Avropanın “ümumi düşməni”nə çevrildi. Bu baxımdan onun fiziki olaraq sağ qalması, qəribə səslənsə də, müəyyən diplomatik anlarda Avropa gücləri üçün siyasi alətə çevrilə bilərdi. Napoleonun adı belə diplomatik masada qorxu, təzyiq və birlik yaratmaq üçün kifayət edirdi.
Elbadan qaçış: təsadüf, səhlənkarlıq, yoxsa susqun razılıq?
Nəzərə alsaq ki, Napoleon Elbada olarkən Avropa üçün hələ də təhlükəli şəxs sayılırdı, onun qaçışı ilə bağlı suallar tamamilə haqlıdır. Necə oldu ki, 26 fevral 1815-ci ildə təxminən min nəfərlik heyətlə bir neçə gəmidən ibarət kiçik flotiliya adadan çıxa bildi? Necə oldu ki, Napoleon Fransa sahillərinə çatdı və çox qısa müddətdə Parisə doğru irəlilədi?
Bu sualların ətrafında o dövrdən bəri müxtəlif şübhələr dolaşır. Hətta həmin vaxt İngiltərənin bu qaçışdan xəbərdar olması və ya ən azı buna göz yumması barədə şayiələr də yayılmışdı. “Napoleon.org” saytında dərc olunmuş və “History Today” jurnalına istinad edən bir məqalədə göstərilir ki, Napoleonun Elbadan qaçışından sonra İngiltərənin buna “gizli razılıq verdiyi” barədə şayiələr həm İtaliyada, həm Fransada, həm də diplomatik dairələrdə geniş yayılmışdı. Həmin məqalədə Taleyranın da ingilisləri Napoleonu “izahı çətin olan səhlənkarlıqla” nəzarətdə saxlamaqda ittiham etdiyi qeyd olunur.
Bu fakt həqiqətən də çox maraqlıdır. Çünki şayiənin özü belə siyasi atmosferi göstərir. Əgər insanlar İngiltərənin Napoleonun qaçışına göz yummasını inandırıcı ehtimal kimi qəbul edirdilərsə, deməli, Elba rejimi həqiqətən də ciddi suallar doğururdu. Lakin burada yenə də ehtiyatla mülahizələr yürütmək lazımdır. Çünki “İngilislər Napoleonun qaçışını təşkil etdilər” demək üçün qəti tarixi sübut yoxdur. Daha əsaslı fikir budur ki, Elbada nəzarət yetərincə sərt deyildi, Britaniya və digər müttəfiqlər Napoleon təhlükəsini lazımi dərəcədə qiymətləndirmədilər və diplomatik arxayınlıq ciddi səhvə çevrildi. Digər tərəfdən, həmin səhv sonradan Avropa güclərinin Napoleon əleyhinə yenidən birləşməsinə xidmət etdi.
Deməli, burada iki ehtimal yan-yana dayanır. Birinci ehtimala görə, Napoleonun qaçışı səhlənkarlıq və nəzarətsizlik nəticəsində mümkün oldu. İkinci ehtimala görə, bəzi siyasi dairələr Napoleon təhlükəsinin yenidən üzə çıxmasını öz diplomatik məqsədləri üçün faydalı saya bilərdilər. Birinci izah daha sübutlu, ikinci izah isə daha düşündürücü və mübahisəlidir. Amma hər iki halda bir nəticə dəyişmir: Napoleonun sağ qalması Avropa siyasətində təsirsiz faktor deyildi.
Edam yox, sürgün: Avropanın daha incə cəzası
Napoleonun edam edilməməsi sadəcə humanist mərhəmət deyildi. Bu, Avropa diplomatiyasının hesablanmış, lakin riskli qərarı idi. Onu öldürmək Fransada yeni emosional partlayış yarada bilərdi. Onu Avropanın mərkəzində saxlamaq təhlükəli idi. Ona görə də əvvəlcə Elba kimi kompromis variant seçildi. Bu variant iflasa uğradıqdan sonra isə Müqəddəs Yelena kimi tam təcrid modeli tətbiq edildi.
Müqəddəs Yelena seçimi artıq Elba səhvinin təkrarlanmaması üçün idi. Napoleon İngiltərədə saxlanılsaydı, ictimai maraq və siyasi rəğbət mərkəzinə çevrilə bilərdi. Avropada saxlanılsaydı, tərəfdarları üçün ümid mənbəyi olaraq qalardı. Fransa yaxınlığında saxlanılsaydı, yeni qaçış ehtimalı yaranardı. Buna görə də Atlantik okeanının ortasında, Avropadan uzaqda yerləşən Müqəddəs Yelena Napoleonun siyasi varlığını fiziki həyatı ilə birlikdə tədricən sönməyə məhkum edən ən münasib yer hesab edildi.
Əslində, sürgün Napoleon üçün sadəcə cəza deyildi. Bu, həm də siyasi unutdurma mexanizmi idi. Edam onu bir günün içində əfsanəyə çevirə bilərdi; sürgün isə onu zamanın içində tədricən tükəndirməli idi. Avropa monarxiyaları Napoleonun bədənini yox, onun siyasi simvolunu zərərsizləşdirmək istəyirdilər. Bu baxımdan Müqəddəs Yelena Napoleonun məzarı olmamışdan əvvəl onun siyasi laboratoriyası idi. Orada Avropa Napoleon problemini qılıncla yox, məsafə ilə həll etməyə çalışdı. Onu öldürmədilər, amma onu Avropadan uzaqlaşdırdılar. Onu susdurmadılar, amma səsini okeanın ortasına göndərdilər. Onu məhkəmə zalına çıxarmadılar, amma tarixin ən uzun siyasi təcridlərindən birinə məhkum etdilər.
Napoleonun ölümü yox, adı təhlükəli idi
Ümumilikdə götürdükdə, Napoleonun edam edilməsinə maraq göstərilməməsi və bunun yerinə onun iki dəfə sürgünə göndərilməsi çox maraqlı suallardır. Bu sualların cavabı təkcə hüquqi, humanist və ya şəxsi mərhəmət izahı ilə məhdudlaşmır. Burada monarxik legitimlik qorxusu, Fransa daxilində yeni üsyan ehtimalı, Napoleonun şəhidə çevrilməsi təhlükəsi, Avropada güclər balansı, Vyana Konqresinin daxili ziddiyyətləri, Taleyranın diplomatik manevrləri və İngiltərənin strateji hesabları bir-birinə qarışır.
Bəlkə də Napoleonun edam edilməməsinin ən real səbəbi budur: Avropa onu öldürməkdən çox, onu idarə olunan təhlükəyə çevirmək istəyirdi. Elba bu təhlükəni nəzarətdə saxlamaq üçün seçilmiş ilk, lakin uğursuz model oldu. Müqəddəs Yelena isə həmin səhvin düzəldilmiş, sərtləşdirilmiş və okeanın ortasına daşınmış forması idi.
Napoleonun taleyi göstərir ki, bəzən qaliblər məğlub düşməni öldürmürlər. Çünki onun ölümü həyatından daha təhlükəli ola bilər. Napoleonun cəsədi yox, adı qorxulu idi. Avropa isə məhz bu adı – bir dövrün, bir inqilabın, bir imperiyanın və bir siyasi kabusun adını – okeanın ortasında susdurmağa çalışdı.
Amma tam susdura bildimi? Tarix bu suala hələ də “yox” cavabı verir. Napoleon Müqəddəs Yelenada siyasi baxımdan təcrid edildi, lakin yaddaşdan silinmədi. Əksinə, sürgün həyatı, xatirələri, tərəfdarlarının yazıları və sonrakı Napoleon əfsanəsi onu Avropa tarixinin ən çox müzakirə edilən şəxsiyyətlərindən birinə çevirdi.
Edam edilsəydi, bəlkə də bir siyasi şəhid olacaqdı. Sürgün edildi və tarixi mifə çevrildi. Buna görə Napoleonun edam edilməməsi təsadüf deyildi. Bu, Avropanın qorxusunun, hesabının və tərəddüdünün nəticəsi idi. Qaliblər onu öldürmədilər, çünki Napoleonun ölüsündən də qorxurdular. Onu sürgün etdilər, çünki onun yaşamasını nəzarətdə saxlamağın, ölməsini isə tarixə buraxmağın daha təhlükəsiz olacağını düşündülər.
Lakin tarix bəzən qaliblərin planlaşdırdığı kimi yazılmır. Napoleonun imperiyası dağıldı, ordusu məğlub oldu, özü okeanın ortasında tənha adaya göndərildi. Amma adı yenə də Avropanın siyasi yaddaşından silinmədi. Çünki Napoleon sadəcə məğlub edilmiş imperator deyildi. O, Avropanın öldürməkdən çəkindiyi, yaşatmaqdan isə qorxduğu adam idi.
Yunis Xəlilov
araşdırmaçı-hüquqşünas