Bizi sosial şəbəkələrdən izləyin:
Qlazqo Universitetinin alimləri qədim İncil əlyazmasının - həvari Pavelin məktublarını özündə birləşdirən VI əsrə aid yunan əlyazması "Codex H"ın itmiş 42 səhifəsini bərpa ediblər.
Tədqiqatın preprinti universitetin saytında dərc olunub.
"Codex H" erkən xristianlıq tarixi və Əhdi-Cədid mətnlərinin formalaşması üzrə mühüm mənbələrdən biri sayılır. İlkin olaraq bu mətnlər ayrı-ayrı əlyazmalar şəklində yayılıb və yalnız IV əsrə doğru 27 kitabdan ibarət kanon formalaşıb. Dövrümüzə müxtəlif dillərdə minlərlə fraqment çatıb, lakin onların bir çoxu itdi və ya zədələnib.
""Codex H"ın taleyi mürəkkəb oldu: XIII əsrdə Afondakı Böyük Lavra monastırının rahibləri əlyazmanı sökdülər və perqamentdən digər kitabların üz qabığında təkrar istifadə etdilər. Nəticədə əlyazmanın hissələri müxtəlif ölkələrin kitabxanalarına səpələndi, böyük bir hissəsi isə geri dönməz şəkildə itmiş hesab olundu", - alimlər izah ediblər.
Mətni bərpa etmək üçün tədqiqatçılar multispektral çəkiliş metodunu tətbiq ebiblər. Məlum olub ki, üzçıxarma zamanı mətn qonşu səhifələrdə zəif izlər buraxıb. Məhz bu izlər vasitəsilə alimlər itmiş fraqmentlərin məzmununu yenidən qurublar.
Analiz göstərib ki, "Codex H"dakı mətn quruluşu müasir variantdan fərqlənib. Məktublar başlıq və izahatlarla məna bloklarına bölünüb. Adət etdiyimiz fəsillərə bölünmə sistemi xeyli sonra yaranıb.
Bundan əlavə, mətndə katiblərin düzəlişləri və şərhləri qalıb. Bu, onların işini daha yaxşı anlamağa imkan verib: əlyazmanı sadəcə köçürməyiblər, həm də redaktə ediblər və digər versiyalarla yoxlayıblar
Bərpa edilmiş səhifələr artıq rəqəmsallaşdırııb və açıq istifadəyə verilib. Bu, erkən İncil mətnlərinin öyrənilməsi üçün yeni imkanlar açıb.
Tarixi arayış: "Codex H" əlyazmasının bu hissələri XIII əsrdən bəri itmiş hesab olunurdu. Rahiblər mətni silib perqamentdən təkrar istifadə etdikləri üçün (palimpsest), həmin yazılar 800 il boyunca insan gözü üçün görünməz qalıb. Müasir multispektral çəkiliş texnologiyası məhz bu səkkiz əsrlik "görünməzliyi" aradan qaldırıb. /Demokrat.az/