Son vaxtlar dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi qeyri-neft sektorunun inkişafı məsələsini daha da aktuallaşdırıb. Belə ki, neft hasilatının aşağı düşdüyü bir zamanda neftin dünya bazarında az qala sudan ucuz olması, illər uzunu neft bumunun məst etdiyi hakimiyyəti təşvişə salıb. Məhz bu səbəbdən də ali siyasi hakimiyyət təmsilçiləri əlaqədar nazirliklər qarşısında qeyri-neft sektorunun təcili inkişafı məsələsini qoyub ki, bu tələbi icra etməyin onu söyləməkdən qat-qat çətin olduğu şübhəsizdir.
Öncə onu qeyd edək ki,
qeyri-neft sektorunun inkişafı bütün digər sahələr kimi ciddi maliyyə vəsaiti tələb
edir. Bu tələbi külli miqdarda neft pullarının ölkəyə axdığı zamanda həyata
keçirmək daha asan və məntiqli olardı ki, bu imkan artıq əldən verilib. Bu gün
dövlət büdcəsinin boşaldığı, iri sosial layihələrdən imtina edildiyi,
iqtisadi-maliyyə vəziyyətinin pisləşdiyi bir zamanda bu tələbi yerinə yetirmək
mümkün deyil. Məhz bu səbəbdən də
hakimiyyət qeyri-neft sektoru inkişaf etdirmək əvəzinə olmayan inkişafın
görüntüsünü formalaşdırmağa, ictimai rəydə belə bir təəssürat formalaşdırmağa
çalışır. Paytaxt və əyalətlərdə inşa edilən şadlıq sarayları, restoranlar,
istirahət mərkəzləri qeyri-neft sektorunun inkişafını əks etdirən göstəriciyə
daxil edilir ki, bu da yumşaq desək insanların aldadılnması deməkdir.
Lakin bu da bir həqiqətdir
ki, hakimiyyətin qeyri-neft sektorunun inkişafında müəyyən mənada maraqlıdır. Bu
maraq siyasi elitanın xalqın mənafeyini deyil, öz şəxsi maraqlarını güdməsi ilə
bağlıdır. Belə ki, illər uzunu müftə neft pulları hesabına imperatorlara məxsus
sərvətə yiyələnən, dünyanın əksər ölkələrində bahalı mülklər, şəxsi adalara yiyələnən
hakimiyyət təmsilçiləri neft pullarının azalması ilə gözləmədikləri vəziyyətlə
üzləşiblər. Belə ki, onlar ya azalan neft pulları ilə qane olub bundan sonra həyatlarını
“kasıbyana” surətdə davam etdirməli, ya da əvvəlki gəlhagəli təmin etmək üçün nə
isə fikirləşməlidirlər. Bu mənada onlar qeyri-neft sektorunu inkişaf etdirməklə
neftdən azalan pulları qeyri-neft sektoru hesabına təmin etmədə maraqlıdır. Fəqət
bu da bir həqiqətdir ki, hakimiyyət qeyri-neft sektorunun qismən də olsa
inkişafına nail olsa belə, bu sekordan gələn gəlir onun sonsuz aclığını
doyurmayacaq. Çünki milyardlarla neft dollarının doyurmadığı aclığı hansısa
yüngül-yeyinti sənayesi hesabına doldurmaq mümkünsüzdür. Eyniylə məşhur zərb-məsəldə
deyildiyi kimi: “yeməklə doymayan yalamaqla da doymaz”. Bu isə o deməkdir ki,
hakimiyyət təmsilçiləri malik olduqları milyonlara rəğmən bundan sonra da ac
olaraq qalacaqdır.
Elçin Mirzəyev