Bu gün Azərbaycan xalqı istər maddi, istərsə də mənəvi dəyərlər baxımından itki və məhrumiyyətlər dönəmini yaşamaqdadır. Cəmiyyətin böyük kəsimi üçün keçərli olan maddi keçimsizlik, sosial məhrumiyyətlər, aclıq və ümidsizlikdən doğan intihar olayları, əxlaqi-mənəvi dəyərlərin aşınaraq yoxluq sərhəddinə yaxınlaşması hər kəsin gözü qarşısında reallaşan inkaredilməz həqiqətlərdir. Lakin maddi-mənəvi aclıq səltənətində müşahidə edilən minlərlə qəhətliklər içərisində ən böyük qıtlıq insan qıtlığı, insan defisitidir.
İnsan qıtlığı... Bu, çağdaş Azərbaycan cəmiyyətinin yaşadığı ən böyük aclıq, üzləşdiyi ən böyük məhrumiyyətdir. Bu, yoxluğun, səfalətin elə əlahiddə formasıdır ki, onun yoxluğu fonunda bütün maddi nemətlərin əhəmiyyəti heçə enir. Dəyər kəsb edən bütün nemətlər dəyərsizləşir. İnsan qıtlığı özü ilə bütün ülvi, mənəvi dəyərlərin yoxluğunu gətirir. Çox keçmir ki, bu qıtlıq cəmiyyətin simasını, onun əxlaq və şüurunu, danışıq və davranışını tamamilə dəyişir. Texnologiya baxımından kosmos erasını yaşayan cəmiyyət qısa müddətdə adi heyvan sürüsünə çevrilir. Və belə bir cəmiyyətin üzvü olan adamlar meymun qarşısında yalnız avtomobil idarə etmək bacarığı, uzunqulaq önündə kompüterdən istifadə etmək səriştəsi ilə diqqət çəkir.
İnsan ”“ bu, xalqın, cəmiyyətin formalaşması üçün gərəkli olan ən zəruri və vazkeçilməz “materialdır”. Bu material sivil cəmiyyətlərdə yaşam üçün gərəkli olan 4 əsas təbii elementə əlavə edilə biləcək beşinci elementdir. Bu, elə bir elementdir ki, onsuz dərrakəli xalq və toplum üçün günəşin, suyun, odun və toprağın heç bir əhəmiyyəti yoxdur.
İnsan qıtlığı ”“ bu qıtlığı doğuran ən başlıca amil maddiliyə hədsiz hərislik, Allaha olan bağlılığın zəifləməsi, insanın insan olmaq məsuliyyətindən imtina etməsidir. O zaman ki, insan ətrafındakılarla bağlı heç bir məsuliyyət duymur, o zaman ki, etdiyi və ya etmək istədiyi hər hansı bir əmələ görə öz vicdanı qarşısıda hesabat vermək zərurəti hiss etmir, o zaman ki, insan kimi yaşamaq gərəkliliyini lüks içində, maddi nemətlər bolluğunda yaşamaq zərurəyi kimi dərk edir, o zaman cəmiyyətdə insan qıtlığı meydana gəlməyə başlayır. Və bu zaman istənilən rəqəm fərdlərin mənəvi-sosial deyil, bioloji varlıq kimi sayını əks etdirir.
Bu gün Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının üzləşdiyi bütün qıtlıqları aradan qaldırmaq üçün sadəcə insan qıtlığını ortadan qaldırmaq, həqiqi “insan bolluğu” yaratmaq yetərlidir. Bütün güc və enerji yalnız bu müstəviyə yönəlməli, bütün səylər bu nöqtədə birləşməlidir. Bu, bütün problemlərin avtomatik öz həllini tapacağı açar problemdir. Və nə qədər ki, bu problem həll olunmayıb, heç bir problemin həqiqi həllinə nail olmaq mümkün deyil.
Seymur Əliyev
e-mail: [email protected]