Rusiyanın Ukraynaya əsgəri müdaxiləsi bir çox maraqlı şərhlərə yadda qalıb ki, bunlardan biri Çeçenistan prezidenti Ramzan Kadırova məxsusdur. Belə ki, hadisələrin ən gərgin anında KİV qarşısına çıxan R.Kadırov dünyanın harasında olmasından asılı olmayaraq, çeçenlərin rus və kazakları qorumağa hazır olduğunu elan etdi. R.Kadırovun məlum bəyanatından bir neçə gün sonra çeçenlərdən ibarət xüsusi batalyonun rus qoşunları tərkibində Ukraynadakı əməliyyatlara cəlb edildiyi ilə bağlı açıqlamalar meydana çıxdı ki, bu da qondarma çeçen prezidentinin məlum bəyanatının heç də təsadüfi olmadığını göstərdi.
Şübhəsiz, R.Kadırovun rus ağalarının sifarişi əsasında Çeçenistan prezidenti vəzifəsini qəbul etməsinin özü çeçen xalqına xəyanət olduğu kimi, onun çeçen xalqı adından rusları qorumaq istəyini ifadə etməsi də öz xalqına qarşı xəyanətdir. Ən azından ona görə ki, bu gün çeçen xalqının özü rus əsarətindən əziyyət çəkən, bu əsarətdən xilas olmaq uğrunda apardığı amansız mübarizədə ciddi qurbanlar verən bir xalqdır. Və bu gün özü rus zülmü altında inləyən bir xalqı rus şovinizmi ilə mübarizəyə hazırlaşan başqa bir xalqa qarşı qoymaq sadəcə doğma xalqına qarşı xəyanət deyil, həm də bütün mütərəqqi bəşəriyyətə münasibətdə sərgilənən qeyri-adi əxlaqsızlıqdır. Bu, elə bir əxlaqsızlıqdır ki, bu əxlaqsızlıq qarşısında duyulan ikrahı heç bir sözlə dəqiq ifadə etmək mümkün deyil.
Bu gün R.Kadırov Kremlin maraqlarını çeçen xalqının qanı və canı bahasına təmin etməyə çalışır. R.Kadırov rus ağalarına göstərmək istəyir ki, onu heç də əbəs yerə oyuncaq prezident seçməyiblər və o, lazım gələrsə öz xalqının nümayəndələrini belə Moskvanın təcavüzkar siyasəti uğrunda qurban vermək “fədakarlığına” qadirdir. R.Kadırov öz prezidentlik postunu yüzlərlə çeçenin həyatını Krım yarmadasında fəda etməklə qorumağa çalışır və təbii ki, onun bu mövqeyi Kremli qane etməyə bilməz. Çünki apardığı bütün müharibələrdə əsarət altına aldığı xalqlardan bacarıqla istifadə edən, xüsusilə də Əfqanıstan savaşında bu siyasəti uğurla həyata keçirən Rusiya üçün ona itaət etməkdən imtina edən Ukrayna xalqının qanını çeçen döyüşçülərinin əli ilə axıtmaqdan daha böyük qazanc və zövq çətin ki, olsun.
R.Kadırovun Rusiya-Ukrayan gərginliyi fonunda ortaya qoyduğu mövqe əsl qul təbiətini, onun spesifik xüsusiyyətlərini nümayiş etdirir. R.Kadırovun davranışları göstərir ki, ruhən qul olan bir insan hətta prezidentlik postunda belə öz təbiətinə arxa çevirə, əslində olduğundan başqa cür ola bilmir. Bu davranışlar göstərir ki, tale bəzən ən qəhrəman xalqı belə onun həyatına qəsd edən qorxaq və xəyanətkar bir rəhbərin hökmü altına yaşamağa vadar edir. Bu davranışlar göstərir ki, satılmış, ixtiyarı öz əlində olmayan bir rəhbər öz xalqına yalnız və yalnız fəlakət bəxş edə bilər. Nəhayət, bu davranmışlar göstərir ki, dünyanın hətta ən cəsur, ən mübariz, ən mərd xalqlarının içərisində belə ruhən öz xalqına yad olan satqınlar, xəyanətkarlar tapmaq mümkündür.
Bəli, R.Kadırovun bir tək bu məsələdə ortaya qoyduğu mövqe onun çeçen xalqına, bu cəsur və azadlıqsevən xalqın maraqlarına nə qədər böyük xəyanət etdiyini isbat edir. Və yəqin ki, çeçen xalqı nə zamansa bütün xəyanətlər kimi bu xəyanətin də cavabını öz sərt və məğrur təbiətinə layiq şəkildə verəcəkdir.
Seymur Əliyev
e-mail: seymur_dq04@mail.ru