Bu gün demokratik qüvvələri ən çox
bu sual maraqlandırır; niyə cəmiyyət siyasi hadisələrə biganədir?
Bir çox siyasətçilərimiz bu sualın
cavabını hansısa təşkilatın satqınçılığında, hakimiyyətə işləməsində görür, bəziləri
isə səbəbi xarici faktorlarda axtarır. Etriaf edək ki, ayrı-ayrılıqda irəli
sürülən bütün bu arqumentlərdə haqlılıq payı var. Fəqət onlar əsl səbəbi deyil,
ya ikinci dərəcəli amilləri, ya da bu amillərdən doğan nəticələri ehtiva edirlər.
Məncə, problemin daha dərin səbəbi mövcuddur. Bu, sovet dövründən başlayaraq
yürüdülən sistemli siyasət nəticəsində milli mənəvi kimliyimizin deformasiyaya
uğraması və ya yeni xarakterdə millət kimi ortaya çıxmağımızla bağlıdır.
Bir millətin formalaşması üçün
uzun əsrlər lazım olsa da bəzən sistemli şəkildə aparılan siyasi fəaliyyət yeni
toplum quruculuğu üçün kifayət edir və bu gerçəklik yalnız indinin kəşfi də
deyil. Dini mətnlərə inansaq, minillər öncə Musa peyğəmbər yəhudi toplumunun
yenidən özünüdərki üçün 40 il çalışmışdır. Bu məqsədlə ilk növbədə yəhudiləri
zülmün məhvedici təsirlərindən qoruyacaq yer amilinə üstünlük vermiş, məkan olaraq
səhranı seçmişdir. 40 illik səhra həyatından sonra yəhudilər azadlığı dadmış
millət kimi formalaşmış və Musa peyğəmbərin rəhbərliyi alrtında Firona qarşı
mübarizə aparıb qələbə çalmışlar. Bu fakt sübut edir ki, bəzən bir toplumun
formalaşması üçün 40 il belə yetərli zaman kəsimidir.
Hazırda YAP ideoloqları ölkəmizin
bütün nailiyyətlərini Heydər Əliyevin adına bağlayır, az qala, onu bir millət
kimi formalaşmağımızın banisi olaraq təqdim edirlər. Bu fikirlər bir çoxumuzu
qıcıqlandırsa da əslində əsassız deyil. Belə ki, Heydər Əliyevin ilk dəfə
hakimiyyətə gəlməsindən bu yana, nə az, nə çox, düz 45 il vaxt keçir. Yəni,
Musa peyğəmbərin yəhudiləri yəhudi etməsindən 5 il daha artıq zamandan söhbət
gedir. Vəziyyətimizə nəzər salsaq, bu müddət ərzində aparılan sistemli siyasət
nəticəsində millətin əxlaq normalarının həqiqətən tamamilə dəyişdirildiyini görə
bilərik. Görə bilərik ki, biz 1969-cu ildən bu yana rüşvətə hörmət kimi baxan, karyeramızdakı
yüksəlişin yolunu yaltaqlıqda görən bir toplum kimi formalaşmışıq. Mövcud rejim
də məhz bu dəyərləri mənimsəyən toplum üzərində öz sütunlarını inşa edib. Nə qədər
ki, bu sütunlar möhkəmliyini qoruyur, bizim mövcud rejimin caynağından
qurtulmaq şansımız da bir o qədər sıfra bərabərdir.
İstənilən rejimi dəyişməyin yolu birinci
növbədə onun söykəndiyi sütunları yıxmaqdan və yerində yeni əxlaqi dəyərləri mənimsəyən
toplum formalaşdırmaqdan keçir. Bu iş isə göründüyü kimi asan deyil. Amma
imkansız da deyil. Sadəcə, mübarizə metodunu dəyişmək və yeni toplum
formalaşdırmağa çalışmaqla nəyəsə nail olmaq mümkündür.
Təbii ki, bunun üçün biz mütləq
Musa peyğəmbərin yoluyla gedib xalqı çöllərə, səhralara salmalı da deyilik. Əslində
bizim iradəmizdən asılı olmayaraq cəmiyyətimiz onsuz da dəyişilir və bu dəyişim
qarşınıalınmaz bir prosesə çevrilir. Zamanımızın isə bir neçə “Musası” var. Ən
böyük “Musa” elə zamanın özüdür. Sovet hakimiyyəti dövründə yetişən nəsil artıq
get-gedə sıradan çıxır, onların yerini yenilikçi ruhlu gənclər alır. Bir
çoxları xarici ölkələrdəki proesesləri izləyərək daha azad və sərbəst cəmiyyətin
üzvü olmaq eşqiylə yaşayan gənclik köhnəliyin qalıqlarıyla razılaşmır, yeni
ruhlu cəmiyyətin formalaşmasını arzulayırlar. Onların hələ passiv vəziyyətdə
olan bu arzuları sabah sosial sifarişə çevriləndə dəyişim də qaçınılmaz olacaq.
Dövrün digər “Musası” qloballaşan dünya gerçəkləridir. İnternetin
yayğınlaşması, sosial şəbəkələrin ictimai həyatın əsas parçasına çevrilməsi
dövlətin öz xarakterinə uyğun vətəndaş yetişdirmək siyasətinin qarşısını alır. Hakimiyyət
nümayəndələrinin törətdiyi bir sıra cinayətlər gün işığına daha rahatlıqla
çıxır. İctimailəşdirilən məsələlərin tezliklə öz həllini tapdığını görən
insanlar öz problemlərini rüşvətlə həll etməkdənsə onun daha ucuz yoluna baş
vururlar. Xüsusilə, tələblərin rüşvətxor müəllimlərini ifşa edən video-görüntüləri
yaymağa başlaması cəmiyyətimizin dəyişilən dəyərlərinin bir təzahürüdür. Zamanla
bu fəaliyyətlər daha çox vüsət alacaq və ölkəmizdə açıq cəmiyyətin əsası
qoyulacaq.
Dəyişim proseslərinə təkan verən
başlıca amillərdən biri də ətrafımızda baş verən hadisələrdir. Toplumumuz hətta
ərəb cəmiyyətləri kimi daha qapalı cəmiyyətlərdə belə kütləvi mübarizə nəticəsində
zülm rejimlərinin tarixə qovuşduğunun şahidi olur. Bu isə istər-istəməz bizimlə
o xalqlar arasında müqayisə aparmağı asanlaşdırır və insanların maariflənməsinə
kömək edir. Hazırda həmin ölkələrdə davam edən qeyri-müəyyənliklər bizdəki dəyişim
arzusunda bir qədər tərəddüd yaratsa da zamanla həmin coğrafiyalarda əldə edilən
nailiyyətlərin ortaya çıxması müsbət təsir elementinə çevriləcək. Qloballaşan dünyanın
gətirdiyi yeni abu-havadan uzaqda qalmaq mümkün deyil.
Bu gün müxalifətin üzərinə düşən vəzifə
ətrafına topladığı gəncliyi rejimin caynağı altına düşürmədən yeni mənəvi dəyərlərin
formalaşmasında avanqarda çevirə bilmənin yollarını tapmaqdır. Məncə, bu yol həm
sosial şəbəkələr, həm də bir-başa təmaslar vasitəsilə demokratik məfkurənin
yayılması və geniş kütlələrə çatdırılmasıdır. Unutmaq olmaz ki, bəzən məfkurə
daşıyıcılarının fədakarlığı məfkurənin də sıradan çıxarılmasıyla nəticələnə bilər.
Məfkurəli gəncliyin dövrün əsas “Musası” olduğunu nəzərə alıb, onları kiçik hədəflərə
qurban getməkdən qorumağa çalışmalıyıq.