Balıqdan söz düşmüşkən, son illər prezident
seçkilərinin vazkeçilməz ünsürlərindən (bu ünsür prezident İlham Əliyevin
vaxtilə müxalifətə xitabən dediyi “ünsürlər”dən xeyli fərqlidir)olan Müasir
Müsavat Partiyasının sədri Hafiz Hacıyev də 9 oktyabr günü yaddaşsızlığıyla
yadda qaldı. Seçki məntəqəsinə gələn “balıq” adam şəxsiyyət vəsiqəsini
gətirməyi unutmuşdu və məcbur olub onu gedib evdən gətirməli oldu. Olaydan
sonra bir şeyə təəccübləndim , bu adam necə balıq naziri olub ki, bu qədər
yaddaşsızlıqdan əziyyət çəkir? Düşündüm ki, daha onu “balıq Hafız” adlandırmaq
doğru deyil, elə “keybala” desəydilər, yerinə düşərdi.
Bir dostum da deyir ki, yox, hələ tələsmək lazım
deyil, ola bilsin onun balıq ətinə qarşı allergiyası olduğundan balıq ətindən
qaçır, buna görə da huşsuzluqdan əziyyət çəkir, ancaq balığın digər canlılardan
fərqlənən bir unikal keyfiyyəti də var ki, onu Tanrı sanki Hafiz Hacıyev üçün
göndərib. Dostum balığın sürüşkənliyini Hafiz Hacıyevin siyasi portreti ilə
müqayisə edərək bildirir ki, Azərbaycan siyasətində onun qədər sürüşkən
reputasiyalı başqa birini tapmaq kimə müyəssər olsa tərəddüd etmədən ona balıq
qonaqlığı verəcək.
Mən bu məqamda millətimizin bir unikal
xüsusiyyətindən də bəhs etmək istəyirəm. Bizim qədər unutqan xalq da tapılmaz
yəqin ki. Ona görə də ümid etmək olar ki, tezliklə 9 oktyabr seçkilərinin
möhtəşəm nəticələri unudulmağa başlayacaq və günlərin bir günü Hafiz Hacıyev
mətbuat konfransı keçirərək rejimə qarşı əl-ələ verib mübarizə aparmaq üçün
başda Pənah Hüseyn olmaqla keçmiş cəbhədaşlarının şəninə təriflər yağdıracaq,
hətta paytaxt restoranlarının birində müxalifət liderlərinə balıq qonaqlığı
vermək istəyəcək, bununla da növbəti prezident seçkilərinədək müxalif mətbuatın
yadından çıxmağa çalışacaq. Amma məncə qonaqlıq məsələsi baş tutan deyil. Çünki
nə müxalifətçilər onunla bir masa ətrafında oturmaq istəyəcək, nə onun özü.
Niyəsini də bilmək istəyirsiniz yəqin. Moderator.az-ın müxbiri iki-üç gün öncə
and aman edirdi ki, Hafiz Hacıyevdən açıqlama almaq üçün ona zəng edəndə
partiya sədri sözarası içdiyi çayı da evdən termosda gətizdirdiyini deyib ki,
birdən onun özünün kimsə zəhərləyər. Qorxu köpəyoğlu şeymiş. Ona görə də mən
onu anlamağa çalışardım. Baxmayaraq ki, bir
müddət öncə onun Əbülfəz Elçibəyin zəhərləndiyi iddialarının səbəblərini
müxalif düşərgədə kimsə anlamaq istəmirdi...
Zülfüqar Hüseynzadə