Manatın sonuncu devalvasiyasından sonra ölkədəki qiymət artımının Tanrının hüzuruna qədər yüksəlməsi ölkədə sözün həqiqi mənasında şok effekti yaradıb. Son günlərə qədər analoqsuz inkişafdan danışıb sinəsinə döyən hakimiyyətin inkişaf haqqındakı nağıllarına qulaq asaraq nə vaxtsa firavan yaşama qovuşacağına ümid edən xalq, bu gün dəhşət içərisində, ürəyi əsə-əsə səkidəki şüşənin o üzündən marketdəki məhsulların yeni qiymətlərinə doğru boylanmaqdadır.
Nə qədər qəribə görünsə də XXI əsrin Azərbaycan insanı özünü II Dünya müharibəsinin aclıq Azərbaycanında hiss edir. Bu gün səfalətdən əziyyət çəkən, aclıq mantiyası geyinən insanlar öz bədənlərinə - daxili orqanlarına yeganə dolanışıq mənbəyi kimi baxırlar. Artıq bir neçə gündür ki, ölkə mətbuatını, sosial medianı öz daxili orqanlarını satmaq istəyən, bu yolla bank borcunu bağlamaq, çörək almaq istəyən şəxslərin açıqlama və elanları “bəzəyir”.
Sadəcə bu “bər-bəzəyə” ötəri nəzər salmaq kifayət edər ki, “analoqsuz inkişafın” konkret nədən ibarət olduğu, vətəndaşa nə verdiyi anlaşılsın.
Bəli, bu gün sadə vətəndaşların bəzisi mövcud durumdan yeganə çıxış yolunu öz daxili orqanlarını qurban verməkdə, Tanrının əmanət verdiyi bədən adlı tamı ayrı-ayrı hissələrə bölüb satmaqda görür. Və ən pisi isə budur ki, yenicə “dəbə minən” bu ənənə sürətlə adiləşməyə, adi həyat normasına çevrilməyə başlayır. Vaxtiylə bir-birindən ətin, yağın, siqaretin qiymətini soruşan insanlar indi bir-birindən insan ciyərinin, insan börəyinin qiymətini soruşurlar. Və ən dəhşətlisi isə budur ki, verilən bu sualda ağrı deyil, daha çoxsırf alıcı və ya satıcı marağı hiss olunur. Necə ki, iki gün bundan öncə rayondan gəlib Bakıda fəhləliklə məşğul olan tanış bir şəxs üzümə baxaraq adi, heç bir dəhşət və ya ağrı hiss edilməyən bir səslə məndən məhz belə soruşdu: “Müəllim, bilmirsiniz, ciyər neçəyədir?”
Sual o qədər anidən və soyuqqanlılıqla verildi ki, öncə söhbətin insan ciyərindən getdiyini anlaya bilmədim. Bir anlıq mənə elə gəldi ki, söhbət mal ciyərindən və ya tamam başqa şeydən gedir. Odur ki, sualın ünvanını dəqiqləşdirməyə lüzum gördüm və verilən cavabdan məlum oldu ki, söhbət məhz insan ciyərindən gedir. Hansı ki, sual sahibi məhz bu yolla bəlli bir müddət üçün də olsa səfalətdən qurtulmaq imkanlarını müəyyənləşdirməyə çalışır.
Mən ton və çalar etibari ilə adi, mahiyyət etibari ilə dəhşət dolu bu suala cavab verə bilmədim və yeganə çıxış yolunu üz çevirib getməkdə gördüm. Amma əbəs...
Çünki baş verən bu əhvalatdan sonra üzündə yaşadığı yoxsul həyatın iztirbını daşıyan istənilən insanın mənə zillənən baxışlarından yalnız və yalnız bir sual oxuyuram. Sanki şəxsən tanımadığım bu insanların hər biri öz baxışları ilə məndən aydın eşidəcəyim, aşkar dərk edəcəyim tərzdə soruşur: “Müəllim, bilmirsiniz, ciyər neçəyədir?”
Seymur Əliyev
e-mail: [email protected]