Bizi sosial şəbəkələrdən izləyin:
Soyğunçuluqda təqsirləndirilən Vüsal Dadaşovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, təqsirləndirilən şəxsə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Vüsal Dadaşov 5 iyun 2025-ci il tarixdə, saat 13 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən binalardan birinin qarşısında dayanmış azyaşlı - 2018-ci il təvəllüdlü R.R.-in əlində olan mobil telefonu açıq şəkildə talayıb. Belə ki, o, uşağın anasına məxsus "Huawei" markalı mobil telefonu azyaşlının əlindən dartaraq alıb və qaçaraq hadisə yerindən uzaqlaşıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurulub.
Məhkəmə iclasında Vüsal Dadaşov Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, həbsdən yeni azad olunub, hadisə günü metronun "20 Yanvar" stansiyası yaxınlığında yerləşən məhəllələrin birində yerdə mobil telefon tapıb və onu götürərək evinə aparıb. Onun sözlərinə görə, telefonun enerjisi olmadığından cihazdan istifadə edə bilməyib və bu səbəbdən sahibinə məlumat verməyib.
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, 29 iyul 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dəvət olunub. Vüsalın sözlərinə görə, saxlanılan zaman üzərində həmin telefon olmayıb, daha sonra - 10 avqust 2025-ci il tarixdə anası tərəfindən mobil telefon polis əməkdaşlarına təqdim edilib.
O, ittihamda göstərilən azyaşlının əlindən telefonu zor tətbiq etməklə alması faktını inkar edib və qeyd edib ki, telefonu yerdən tapıb.
Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam ödənildiyini və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin qalmadığını vurğulayaraq barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edib.