Bizi sosial şəbəkələrdən izləyin:
Bakının Xəzər rayonunda ər-arvad arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib.
Moderator.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə rayonun Zirə qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Təvəkkül birgə yaşadıqları evdə həyat yoldaşı Təhminə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı o, həyat yoldaşına yumruğu ilə baş nahiyəsinə, ayağı ilə sol bud nahiyəsinə zərbələr endirib.
Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Təhminə ilə 3 ildir rəsmi nikahla ailə həyatı qurub: “Məlum hadisə günü saat 17:00-da işdən evə gəldim. Ayaqqabım ilə evə daxil oldum və soyuducudan spirtli içki götürmək istəyəndə arvadım məni söyüb, təhqir etdi, ayaqqabı ilə evə girməyimi irad kimi bildirdi. bundan əsəbləşərək əlim ilə baş nahiyəsinə zərbə endirdim, evdən çıxaraq getdim”.
Təhminə isə ifadəsində göstərib ki, Təvəkkül ilə 3 ildir rəsmi nikahları var, amma övladları olmayıb: “Evdə hamamda duş qəbul etdim, sonra dəsmalı üzərimə bağlayaraq hamamdan çıxdım. Həmin vaxt ərimin ayaqqabı ilə evin içində dayanmasını gördüm. Ona öz iradımı bildirərək ayaqqabı ilə evə daxil olmamasını dedim. Təvəkkül mənə yaxınlaşdı, söyüb-təhqir edərək əli ilə başıma yumruq, ayağım ilə isə sol bud nahiyəmə zərbələr endirərək xəsarət yetirdı. Sonra evdən getdi”.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Təvəkkül 1000 manat miqdarda cərimə edilib.