Ərzaq məhsulları nə qədər bahalaşıb? - Deputat açıqladı
İqtisadiyyat
391
12:05, Bu gün

Ərzaq məhsulları nə qədər bahalaşıb? - Deputat açıqladı

"Rəsmi statistikaya əsasən, bu ilin ilk rübündə istehlak bazarında 5.7 faiz qiymət artımı qeydə alınıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə daha yüksək infilyasiya müşahidə olunub: 6,8 faiz".
 
Moderator.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, 2026-cı ilin mart ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ilin müvafiq ayına nisbətən 6,5 faiz artıb. 
 
"Ötən ay qida məhsullarının qiymət artımlarının strukturuna diqqət yetirəndə daha çox infilyasiyanın meyvə və tərəvəzlərdə qeydə alındığı görünür. Belə ki, meyvələrdə 3.6, tərəvəzlərdə isə 3.2 faiz qiymət artımları müşahidə olunub. Bütövlükdə,  mart ayında uzun düyü, çörək, toyuq əti, təzə balıq, süd, pendir, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, xiyar, pomidor, şirin bibər, balqabaq, yerkökü, kartof bahalaşıb".
 
Deputat bildirib ki, meyvə və tərəvəzin qiymətində daha çox artımların qeydə alınması bir sıra məhsullar üzrə idxalın payının çox olması ilə bağlıdır:
 
"İran müharibəsi mart ayında idxal infilyasiyasını daha da aktivləşdirib. Dünya bazarında müşahidə edilən qiymət artımları fonunda yerli kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi daha da prioritetləşməkdədir. Son qlobal və regional geosiyasi gərginliklər bir daha təsdiq edir ki, qiymət artımlarının qarşısının alınması üçün əsas yol yerli istehsaldır. Bununla idxal infilyasiyasının təsirlərini minimumlaşdırmaq və istehlak bazarında qiymət optimallığını qorumaq olar".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər